Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağda yaşayan bəzi ermənilərə “amnistiya” şamil oluna bilər”
“Qarabağda yaşayan bəzi ermənilərə “amnistiya” şamil oluna bilər”

“Xankəndidə yaşayan sıravi ermənilərin əksəriyyəti Azərbaycan cəmiyyətinə inteqrə olmaq istəyir”

Xankəndi şəhərində yaşayan bir qrup erməni Rusiya sülhməramlı hərbiçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildiriblər və Azərbaycan dövlətindən iş istəyiblər.

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirmişdi ki, Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq.

Bu şəxslərin Azərbaycan vətəndaşı olmaq istəyi nə dərəcədə “sevinməli” xəbərdir? Sülh sazişi hələ imzalanmayıb, Xankəndi sülhməramlı və separatçı quldur dəstələrinin nəzarəti altındadır.

Digər tərəfdən, hansısa erməni casusu Azərbaycan pasportunu cibinə qoyduqdan sonra istənilən Azərbaycan regionlarına səfər edə, hansısa təxribatlar törədə bilər.

Bu kimi hallardan necə sığortalana biləcəyik?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Bizimyol.info saytına bildirib ki, əgər Qarabağda yaşayan sıravi ermənilərdən səmimi olaraq Azərbaycan cəmiyyətinə inteqarasiya olmaq istəyən varsa, buna müsbət yanaşmaq lazımdır.

Fəzail Ağamalı Fəzail Ağamalı

“Biz onları itələyə bilmərik. Mən əminəm ki, Qarabağda yaşayan sıravi ermənilərin çoxu, xüsusən də yaşlı nəsil Azərbaycan cəmiyyətinə inteqrə olunmaq istəyir. Onların başqa yolu yoxdur. Əgər normal, sivil, inkişaf edən bir cəmiyyətdə yaşamaq istəyirlərsə, şübhəsiz ki, Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Mən düşünürəm ki, bu istiqamətdə kompleks iş getməlidir və mətbuatımız da buna müsbət yanaşmalıdır”, - deyə F.Ağamalı bildirib.

Onun sözlərinə görə, aşırı şübhəli yanaşma Ermənistan hakimiyyəti və mediasının əlinə bəhanə verə bilər: “Müəyyən qüvvələr var ki, Qarabağdakı sıravi ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olmasını istəmirlər, bu cür istəklə çıxış edənlərə isə müxtəlif təzyiqlər edirlər. Bu proses o qədər də asan olmayacaq, lakin başlamaq lazımdır”.

F.Ağamalı əlavə edib ki, vətəndaşlıq müraciətləri müəyyən qurumlar tərəfindən yoxlanılacaq: “Təbii ki, Azərbaycanın təhlükəsizlik orqanları da bu və digər problemlərin qarşısını almaq üçün müvafiq tədbirlər görəcək. Əgər söhbət amnistiyadan, kimlərinsə bağışlanmasından gedəcəksə, o zaman hər bir şəxs araşdırılacaq. Əlbəttə ki, biz dəstəbaşı ilə çağırış yaşına çatanda əlinə silah verilən sıravi erməni gəncini bir yerə qoya bilmərik. Orda təbliğat maşını işləyir və zaman-zaman insanların beynini yuyurlar. Çağırışçı gənclərə gəldikdə, bizim əsgər onlara güllə atıb, onlar da bizə. Dediyim odur ki, ətraflı araşdırmadan sonra, Qarabağda yaşayan bəzi ermənilərə “amnistiya” şamil oluna bilər”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »