Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xankəndi sakinlərinin bizim qurumlardan vətəndaşlıq və iş istəməsi normaldır"
"Xankəndi sakinlərinin bizim qurumlardan vətəndaşlıq və iş istəməsi normaldır"

“Mən Xankəndidə bir qrup erməninin bizim hərbçilərə yaxınlaşıb, onlardan vətəndaşlıq və iş istəmələri barədə rəsmi məlumata rast gəlməsəm də, amma prinsip etibarilə bunu mümkün hesab edirəm. Daha doğrusu, əslində bu çoxdan gözlənilən bir hadisədir. Zatən əvvəllər də Qarabağda yaşayan bu və ya digər erməni ailələrinin Xankəndidəki separatçılara və rəsmi İrəvana qarşı etiraz aksiyası keçirərək Azərbaycanın idarəçiliyi altında yaşamaq istəklərini bəyan etmələrinin zaman-zaman şahidi olmuşuq. Ancaq 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra Xankəndidəki ermənilər arasında bu əhval-ruhiyyə daha da güclənib”.

Bu fikirləri bizimyol.info-ya siyasi şərhçi Bəybala Mirzəyev səsləndirib.

Bəybala Mirzəyev Bəybala Mirzəyev

Onun sözlərinə görə, prosesləri real qiymətləndirə bilən ermənilər bir həqiqəti yaxşı başa düşürlər ki, 44 günlük müharibə nəticəsində Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunub və onsuz da yaxın gələcəkdə Xankəndi və ətraf ərazilərdə də Azərbaycanın yurisdiksiyası bərpa olunacaq.

“Odur ki, ermənilərin bizim hərbçilərdən, bizim rəsmi qurumlardan vətəndaşlıq və iş istəmələri normaldır. Və etiraf etməliyik ki, biz özümüz də bunda maraqlıyıq. Mən rəsmi siyasətimizi nəzərdə tuturam. Yəni ki, son nəticədə Xankəndidəki ermənilər heç bir status iddiası irəli sürmədən, müxtariyyət tələb etmədən biz azərbaycanlılarla birgə yaşamağa məhkumdurlar. Bu gün rəsmi Bakı da məhz buna nail olmağa çalışır. Çünki bizim üçün Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Biz bu münaqişəni bitmiş, həll olunmuş münaqişə hesab edirik. Status iddiaları da artıq tarixə qovuşub. 25 min erməniyə hər hansı bir status vermək tamamilə absurddur. Ermənilərin Azərbaycanda yaşayan digər xalqlardan heç bir üstünlüyü yoxdur. Onlara da digər xalqlar kimi bu ölkədə tam bərabərhüquqlu əsaslarla Azərbaycan vətəndaşı kimi yaşamaq hüququ verilir.

Əlbəttə, nəzəri baxımdan Xankəndidəki ermənilərin vətəndaşlıq, mülkiyyət, iş məsələləri Ermənistan ilə Azərbaycan arasında sülh sazişi imzalanana qədər də öz həllini tapa bilərdi. Lakin bildiyimiz kimi Ermənistan bütün vasitələrlə buna mane olur. 10 noyabr Bəyanatının şərtlərinin tam şəkildə yerinə yetirilməsinin Ermənistan tərəfindən yubadılması, Rusiya sülhməramlılarının isə buna seyrçi qalması da qeyd etdiyimiz məsələlərin tənzimlənməsinə hələlik mane olur. Ona görə də Azərbaycanın bu məsələdə hələ sülh sazişi bağlanmamış ata biləcəyi yeganə addım sülhməramlıların məsuliyyət zonasında, o cümlədən Xankəndidə anti-terror əməliyyatı keçirib ərazini həm Ermənistan silahlı qüvvələrinin birləşmələrindən, həm də Araik Arutyunyanın “rəhbərlik” etdiyi ünsürlərdən tam təmizləmək, sözügedən ərazilərdə suverenliyimizi bərpa etməkdir. 10 noyabr razılaşmasının məlum şərtlərinin Ermənistan və Rusiya tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan bu hüququnu özündə saxlayır.

Lakin rəsmi Bakı proseslərin ilk növbədə sülh yoluyla tənzimlənməsinin tərəfdarıdır. Biz istəyirik ki, bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə inteqrə olunsunlar və bu proses dinc şəkildə baş versin. Onların bizim cəmiyyətimizə edilməsi qaçılmazdır. Və bu da ilk növbədə ermənilərin özləri üçün daha böyük fürsətlər yaradacaq. Xankəndidəki ermənilər 30 ildir davam edən terrorçu-separatçı rejimin əsarəti altında yaşamaq zülmündən qurtulub nəhayət ki, normal insanlar kimi yaşamaq imkanı əldə edəcəklər. Təsadüfi deyil ki, bu yaxınlarda “CNN Türk” televiziya kanalına müsahibəsində İlham Əliyev də bu məsələyə toxundu və Xankəndidəki ermənilərin Azərbaycan cəmiyyətinə inteqrə edilməsinin vacibliyini vurğuladı. Çünki Ermənistanda hökm sürən türkofobiya, Azərbaycanafobiya stereotiplərindən fərqli olaraq bizim cəmiyyətimizdə ermənilərə qarşı hər hansı bir fobiya, barışmaz düşmənçilik, irqi zəmində nifrət hissi yoxdur. Biz monoetnik toplum olmağa can atmırıq. Biz özgə millətlərə potensial düşmən gözüylə, xof, qorxu və nifrət hissilə baxmırıq. Bizim ermənilərdən əsas üstünlüklərimizdən biri də elə bundadır.

Əlbəttə, ermənilərin bizə vətəndaşlıq və iş istəmək niyyəti ilə müraciət etməsində hər hansı bir hiylə elementi, növbəti təxribat məqsədi də ola bilər. Ancaq biz tarixən erməni hiylələrinə öyrəncəliyik və artıq bu hiylələrə qarşı immunitetimiz də, hissiyatımız da kifayət qədər güclüdür. Əlbəttə, biz toplum olaraq da, dövlət olaraq da bu hiylələrə həmişə hazır olmalıyıq. Lakin onların hiyləgər planlarının həmişə olduğu kimi fiaskoya uğrayacağı da bəri başdan məlumdur. Onların 3 əgərinin ölümünün səbəbləri də artıq məlumdur. Yəni ki, erməni “propaqanda maşını”nın bu ölüm, qətl faktını da zorla Azərbaycanın ayağına yazmaq cəhdi baş tutmadı. Odur ki, biz erməni hiylələrindən qətiyyən qorxmamalıyıq. Xankəndidəki mülki ermənilər özlərini Azərbaycan vətəndaşı hesab edərək bizə müraciət edirlərsə, onlar Bakıdan iş və əmniyyət istəyirlərsə, buyursunlar. Ermənistanın 30 il davam edən işğalçı siyasətindən və Xankəndidəki separatçıları dəstəkləməsindən bezən sıravi, mülki ermənilər nəhayət ki, doğru-düzgün qərar qəbul etməyi, sağlam mövqe tutmağı bacarmalıdırlar”,- deyə Bəybala Mirzəyev qeyd edib.

İlhamə

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »