Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya üçtərəfli bəyanatın öhdəliklərini icra etməklə “balans” göstərsin”
“Rusiya üçtərəfli bəyanatın öhdəliklərini icra etməklə “balans” göstərsin”

“Həm Ermənistana, həm də Azərbaycana silah satmaqla bölgədə “güclərin balansı”na nail olmağı düşünmək heç bir məntiqə əsaslanmır”.

Bu sözləri Bizimyol.info saytına Milli Məclisin deputatı Rüfət Quliyev Rusiyan XİN sözçüsü Mariya Zaxarovanın son açıqlamasını şərh edərkən bildirib.

Rüfət Quliyev Rüfət Quliyev

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk kanalına müsahibəsində Rusiyanın Ermənistanı davamlı silahlandırmasının bölgədə gərginliyi daha da artırdığını bildirmişdi. Azərbaycan prezidentinin sözlərini şərh edən Rusiya XİN sözçüsü Mariya Zaxarova isə həm Ermənistana, həm də Azərbaycana silah tədarük etməklə, Rusiyanın bölgədə “güclərin balansını” qorumağa çalışdığını deyib.

R.Quliyev qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı ilə bağlı BMT-nin 4 qətnaməsi mövcuddur: “Məntiqlə düşünəndə, Ermənistanın aqressor olduğunu anlamaq üçün xüsusi siyasi və hüquqi savada ehtiyac yoxdur. Bu müharibənin gedişatında Rusiyanın öz neytrallığını qoruyub saxlamasını da biz qiymətləndiririk. Lakin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə üç ölkənin rəhbərinin imzası var, o cümlədən, cənab Putinin. Belə çıxır ki, Rusiya da müəyyən öhdəliklərin sahibidir. Rusiya sülhməramlıların bölgədə sabitliyi təmin etməsinə görə zamin durur. Belə olduğu halda, tez-tez atışmaların, silahlı toqquşmaların kim tərəfindən başladığını, kimin kimə şərait yaratdığını da demək lazımdır. Hər şey gözümüzün qabağındadır. Kim bu qarşıdurmadan faydalanır, o da məlumdur. Əgər söhbət balansdan gedirsə, Azərbaycan bütün öhdəliklərini yerinə yetirdiyi halda, Ermənistanın da qarşısında duran şərtlərə əməl etməsi lazım idi. Mən hazırkı vəziyyətdə heç bir balans görmürəm. Təklif edirəm ki, Rusiya üçtərəfli bəyanatın öhdəliklərini icra etməklə “balans” göstərsin”.

O qeyd edib ki, Ermənistanın Rusiyadan silah almağa böyük büdcəsi yoxdur: “Bu silahlar elə-belə verilmir. Ermənistanın iqtisadiyyatında ayrı-ayrı sektorlar Rusiya şirkətlərinin nəzarətinə keçib”.

Gülsel Səfərova Gülsel Səfərova

Siyasi analitik Gülsel Səfərovanın fikrincə isə M.Zaxarovanın son açıqlaması beynəlxalq hüquqa ziddir: “Azərbaycan 30 il Ermənistan torpaqlarını işğal etməyib. Ermənistan idi öz qonşusunun torpaqlarını işğal edib. Xocalı faciəsini törədən, Azərbaycan ərazisində məscidləri, məzarlıqları, bütöv-bütöv şəhər və kəndləri dağıdan da Ermənistandır. Ən yaxın tarixə aid olan bu faktlara nəzərə saldıqda, belə qənaətə gəlmək olar ki, Ermənistan yenidən silahlansa və güc toplasa, eyni addımları atacaq. Bu cür çağırışları Ermənistan mətbuatında hər gün oxuyur, müşahidə edirik. Yəni, Ermənistanın iqtidarında da, müxalifətində də revanşist fikirli qüvvələr üstünlük təşkil edir. Buna görə də, Ermənistanı silahlandırmaq bölgədə süıh və sabitlik üçün riskdir, yeni hərbi cinayətlər üçün zəmin yaratmaq demədir”.

Analitik qeyd edib ki, Azərbaycan Rusiyadan silahları pulu ilə alır: “44 günlük müharibə dövründə Azərbaycan Ermənistanın 4 milyard dollar dəyərində silah və texnikasını ya məhv etdi, yaxud hərbi qənimət kimi ələ keçirdi. Bu rəqəm Ermənistanın dövlət büdcəsinə yaxındır. İndi Ermənistan Rusiyadan yenə silah alır. Qarabağ rayonlarında milyonlarla dollar dəyərində olan minalar basıdırılıb. Bu qədər silah-sursatı Ermənistan necə əldə edib? Hansı pulla? Əlbəttə, Rusiya bu silahların əksəriyyətini Ermənistana pulsuz verir. Belə olduğu halda, hansı “balans qorumaq”dan söz gedə bilər?”.

G.Səfərova qeyd edib ki, Qarabağın yenidən dirçəlməsi üçün Azərbaycan əlindən gələni edir, külli miqdarda vəsait ayırır: “Bu ərəfədə isə Ermənistanın yenidən silahlandırması cəmiyyəti narahat etməyə bilməz. Azərbaycan Prezidenti də buna görə Ermənistanın sürətlə silahlandırılmasına etiraz edirdi. Çünki, bölgədəki silahlanma yarışı xalqların gələcəyinə yaxşı heç nə vəd etmir”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »