Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdəki keçmiş icra başçısı: “Ölkə başçısından xahiş edirəm, normal müalicəmə şərait yaradılsın”
Həbsdəki keçmiş icra başçısı: “Ölkə başçısından xahiş edirəm, normal müalicəmə şərait yaradılsın”

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin mühakiməsi başlayıb. Onun işinə hakim Azər Paşayevin sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, avqustun 20-də məhkəmənin hazırlıq iclasında Vilyam Hacıyev jurnalistlərin onun məhkəməsində iştirakına etiraz edib. Daha doğrusu, o, etirazını vəkili Elmar Kərimov vasitəsilə çatdırıb. Vəkil media nümayəndələrinin məhkəmə prosesini izləməsinə etirazını bildirərək, onların zaldan çıxarılmasını istəyib.

“Hüquqlarını müdafiə etdiyim şəxs media nümayəndələrinin onun məhkəməsində iştirak etməsini istəmir”, - deyə vəkil bildirib.

Hakim Azər Paşayev cavabında deyib ki, bu, açıq məhkəmə prosesidir. Açıq məhkəmədə isə istənilən şəxs, o cümlədən jurnalistlər də iştirak edə bilər. Ona görə də bu vəsatət təmin edilmir.

Vilyam Hacıyevin müdafiəçilərinin daha bir vəsatəti isə onun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması haqda olub. Vəkil bu vəsatəti əsaslandırarkən bir sıra başqa arqumentlər gətirməklə yanaşı, sabiq icra başçısının səhhətində ciddi problemlər olmasını da qeyd edib.

“Hüquqlarını müdafiə etdiyim şəxs uzun müddət müxtəlif dövlət vəzifələrində çalışıb. Birinci Qarabağ Müharibəsi veteranıdır. Vilyam Hacıyevin səhhətində ciddi problemlər var. Məhkəmədən yayınmaq, şahidlərə təsir göstərmək niyyətində də deyil. Xahiş edirik, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilsin,”, - vəkil belə deyib.

Vilyam Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatət də təmin olunmayıb.

Sabiq icra başçısı 1 il 4 aydır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Vəkilləri onun DTX-dan Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasına köçürülməsi məsələsini də qaldırıblar. Hakimlər bu vəsatəti müzakirə edib, növbəti məhkəmə iclasında münasibət bildirəcəklər.

Məhkəmənin hazırlıq iclasında hakim Azər Paşayev sabiq icra başçısının anket məlumatlarını dəqiqləşdirib, ona məhkəmədə iştirakla bağlı hüquq və vəzifələrini izah edib.

Vəkillər ittiham aktı ilə tanış olmadıqlarını bildirərək, bunun üçün vaxt istəyiblər. Hakim onlara sentyabrın 3-nə qədər vaxt verib. Məhkəmənin hazırlıq iclası o vaxta qədər təxirə salınıb.

Məhkəmədə Vilyam Hacıyev üzünü jurnalistlərə tutaraq, media vasitəsilə prezidentə müraciət edib. O, səhhətində ciddi problemlər olduğunu vurğulayıb, müalicəsinə şərait yaradılmasını istəyib.

“Mən Naxçıvanda Heydər Əliyevlə birlikdə işləmişəm. Naxçıvan Muxtar Respublikasının fəxri vətəndaşıyam. Ölkə başçısından xahiş edirəm, mənim normal müalicə olunmağım üçün şəriat yaradılsın. Səhhətimdə ciddi problemlər var”, - deyə Vilyam Hacıyev bildirib.

Vilyam Hacıyev DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində İmişli rayon İcra Hakimiyyətində kabinetində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311 (rüşvət alma) və başqa maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

64 yaşlı Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, daha sonra 2006-2012-ci illərdə Samuxun, ardınca 2020-ci il mayın 5-də həbs olunana qədər İmişlinin icra başçısı olub.

Bizimyol.info

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »