Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xalqlar həbsxanası”nı qorumaq cəhdi: Avqust çevrilişindən 30 il ötür
“Xalqlar həbsxanası”nı qorumaq cəhdi: Avqust çevrilişindən 30 il ötür

30 il əvvəl 19-20 avqust tarixlərində o zaman son günlərini yaşayan SSRİ-nin paytaxtı Moskvada baş vermiş dövlət çevrilişi cəhdi MDB xalqlarının hafizəsində həkk olunub.

Bu olaylar kimlər üçün isə “Böyük Vətən”i qurtarma cəhdi, kimlər üçün isə “Xalqlar həbsxanası”nı qorumaq istəyi kimi yadda qalıb.

Bizimyol.info xatırladır ki, SSRİ hakimiyyətinə qarşı etirazlara başlayan ilk xalqlardan biri Azərbaycan xalqı olsa da, nədənsə, SSRİ-dən son qopan ölkələrdən biri də Azərbaycandır.

1990-cı il 20 yanvar faciəsindən sonra, Azərbaycanın SSR Ali Soveti və Nazirlər Sovetində möhkəmlənən bir qrup kommunist xalqı inandırmağa çalışırdı ki, Azərbaycan Moskvasız heç nə edə bilməz, əgər müstəqillik barədə ən kiçik arzu baş qaldırsa, 20 yanvar faciəsi təkrarlana bilər.

Musa Qasımlı Musa Qasımlı

Bu məsələr barədə Bizimyol.info saytına danışan tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, 1991-ci ilin yayında SSRİ-də ictimai-siyasi, iqtisadi, mənəvi-psixoloji böhran dərinləşmişdi: “Mixail Qorbaçov ölkəni idarə edə bilmirdi, proseslər dalana dirənmişdi. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının qarşısını almadığına, Dağlıq Qarabağ məsələsindəki ermənipərəst mövqeyinə, 20 yanvarda törədilən qanlı hadisəyə və bir sıra digər məsələlərə görə sovet rəhbərliyinin nüfuzu qalmamışdı. Ölkədəki mövcud qarışıq şəraitdə mühafizəkar qüvvələr hərəkətə keçərək dövlət çevrilişi etdilər. 1991-ci il avqustun 19-da radio və televiziya ilə oxunan “Sovet rəhbərliyinin bəyanatı”nda bildirilirdi ki, Mixail Qorbaçovun xəstəliyi səbəbindən onun səlahiyyətləri vitse-prezident və yeni yaradılmış Dövlət Fövqəladə Vəziyyət Komitəsinin (DFVK, rusca QKÇP) sədri Gennadi Yanayevə ötürülür. DFVK-ə G.Yanayevdən başqa SSRİ Müdafiə Şurası sədrinin birinci müavini Oleq Baklanov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Kryuçkov, Baş nazir Valentin Pavlov, daxili işlər naziri Boris Puqo, Kəndlilər İttifaqının sədri Vasili Starodubsev, Dövlət Müəssisələri Assosiasiyasının prezidenti Aleksandr Tizyakov və müdafiə naziri Dmitri Yazov daxil idilər. SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov da qiyamçıları dəstəklədiyini bəyan etdi. Rəsmi bəyanata görə, bu zaman Krımda dincələn Mixail Qorbaçov əslində ev dustağı idi”.

Tarixçinin sözlərinə görə, Sovet rəhbərliyinin bəyanatında vurğulanırdı ki, yenidənqurma dalana dirənmiş, SSRİ-ni dağıtmaq və hakimiyyəti ələ keçirmək istəyən ekstremist qüvvələr ortaya çıxıblar: “Bəyanatda qeyd olunurdu ki, DFVK ölkəni böhrandan çıxarmaq əzmindədir, sovet vətəndaşları qısa müddətdə əmək nizam-intizamını bərpa etməli, istehsal səviyyəsini qaldırmalı və ölkənin böhrandan çıxarılması səylərinə hərtərəfli yardım göstərməlidirlər. DFVK 1 nömrəli qərarında yazılırdı ki, SSRİ konstitusiyasına zidd olaraq fəaliyyət göstərən hakimiyyət və idarəetmə struktuları, hərbi birləşmələr buraxılır, vəziyyətin normallaşmasına mane olan partiya və ictimai birliklərin fəaliyyəti dayandırılır, nümayiş və tətillər qadağan edilir və kütləvi informasiya vasitələrində senzura tətbiq olunur. Moskva şəhərinə qoşun hissələri yeridilsə də, qiyamçılar istəklərinə nail ola bilmədilər, Xalq onların əleyhinə çıxdı. Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin tərəfdarları Moskvada izdihamlı mitinq təşkil etdilər. Xarici dövlətlər də DFMK-nın əleyhinə çıxdılar. Avqustun 21-də qiyamın təşkilatçıları həbs edildilər. Bundan sonra SSRİ-nin dağılması sürətləndi”.

M.Qasımlı əlavə edib ki, qiyam iflasa uğradıqdan sonra Azərbaycanda da şərait dəyişdi: “Rəsmi hakimiyyətin mövqeyi tamamilə zəiflədi. Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etmək istiqamətində irəliyə doğru bir addım atdı. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 19-da irticaçı qüvvələrin konstitusiyaya zidd dövlət çevrilişi haqqında bəyanatı qəbul edildi.

Bəyanatda yazılırdı ki, avqustun 19-dakı konstitusiyaya zidd dövlət çevrilişinin iflasa uğraması Rusiya parlamentinin, RSFSR Prezidentinin, Moskva şəhəri zəhmətkeşlərinin fədakar səylərinin nəticəsi və demokratiyanın qələbəsidir, qiyam iştirakçılarının istifadə etmək istədikləri üsullar ilk dəfə 1990-cı il yanvarın 19-20-də Azərbaycan Respublikasının paytaxtında sınaqdan çıxarılıb”.

Deputat qeyd edib ki, “avqust putçu”ndan sonra, SSRİ-nin dağılması artıq danılmaz bir reallıq idi: “1991-cı il avqustun 30-da Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyası keçirilib. Sessiya iclasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə haqqında məsələ müzakirə edilərkən deputat Heydər Əliyevin mövqeyi və aydın və birmənalı olub. O, qəbul edilən bəyanatda Azərbaycanın 1920-ci ildə işğal olunması faktının da bəyanatda qeyd olunmasını təklif edib. Çıxışlardan sonra məsələ səsə qoyuldu və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamə qəbul olundu”.

Rüfət Əhəmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »