Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azad qadın yaxşıdır, yoxsa ölmüş qadın?
Azad qadın yaxşıdır, yoxsa ölmüş qadın?

Dünən sosial şəbəkələrdə tanınmış bir nəfərin azad qadın heykəli barədə yazdığı status böyük müzakirələrə səbəb oldu. Əslində status azad bir ölkədə azad qadına qoyulan heykəldən, azad olmayan bir ölkədə, yəni Əfqanıstanda qadınların bütün azadlıqlarının əllərindən alınmasına həsr olunmuşdu. Lakin yazılan şərhlərdə o qədər aqressiya, o qədər böyük nifrət var idi ki, bu statusun yazılmasının özünü belə biabırçılıq hesab edirdilər, nəinki cəmiyyətdə qadına azadlıq verilməsini. Məsələnin məğzi qaldı kənarda, çadrasını atan azad qadın heykəlini – daşdan olan heykəli belə fahişə elan elədilər.

“Bu gün qadına azadlıq ver deyənlər sabah onların çılpaq gəzməsini istəyər, özləri çılpaq gəzərlər”. Verilən qiymətin ümumi mənzərəsi belə idi.

Cəhalət bəzilərinin başını elə xarab edib ki, dünyanın bütün işlərini atıblar bir kənara, qadınların necə geyinməli olduqlarına “çox ağıllı” başlarıyla qərar verəsi olublar. Evdə corabını özü yumayan, tapıb ayağına geyə bilməyən kişi qadına necə geyinməli olduğunu öyrədir, paltar biçir.

Öncə onu deyim ki, Qərbdə bu heykələ "Azərbaycanın Mariannası" da deyirlər. Rəsmi yozuma əsasən onun prototipi C.Cabbarlının Sevil obrazıdır. Halbuki Azərbaycanda 1920-cı ilin bolşevik plakatlarında analoji təsvirə rast gəlinir. Bəhai dininin təbliğatçılarına görə isə heykəl Təbrizdə dayısı tərəfindən qətlə yetirilən Tahirənin - çadrasını birinci olaraq atmış babi-bəhayi qadınının obrazıdır.

Hər bir halda bu heykəl cəhalətdən azad olan qadının simvolikasıdır, soyunan qadının yox. Azad qadın çılpaq gəzən, pozğun qadın demək deyil. Azad qadın öz həyatının sahibi olan, özünə sahib çıxan, ailə başçısı yoxdursa, balalarını tək böyütmək gücündə olan, işləyən, iş quran, iqtisadi gücə malik, öz düşüncələrini reallaşadıra bilən, kiminsə onun həyatı barədə verəcəyi icazəni gözləməyən qadındır. Bu qədər bəsit. Niyə azad qadından bu qədər qorxur bu cəmiyyət? Niyə bizim cəmiyyətdə qadın aciz, gücsüz, dünyadan bixəbər olmalıdır? Niyə onun böyütdüyü övlad da özü kimi cahil böyüməlidir?

Belə aciz yetişdirilən bir qadın nümunəsini 10 gün öncə gördük. Ər evində çəkdiyi zülmlərə dözməyərək özünü və körpəsini çaya atan gənc ananı xatırlayırsınız yəqin. Özü xilas olsa da, balasını itirdi. Çəkdiyi zülmlər azmış kimi üstünə bir də bala qatili olmaq yükü düşdü, övlad yanğısı yaşadı. Hər kəs onu qınadı, kimsə onu belə əzik hala salan yaxınlarını, ailəsini qınamadı. Bizləri yadlar yox, yaxın bildiklərimiz, ailələrimiz əsir edir.

Bu qadının ağlına yaşayıb xoşbəxt olduğu yeri tərk etmək gəlməyibmi, görəsən? Gəlib. Amma qarşısını iki fakt kəsib. Birincisi, getmək üçün heç bir maddi imkanının olmaması. İkincisi, “getsəm, el-oba nə deyər. Adıma yüz cür ləkə yaxarlar” qorxusu.

Bu gün Bərdədə bir qardaşın bacısının başını kəsməsi xəbərini eşitdik. Namus üstündə. İki övlad anası olan bacısını ər evinin iddiaları əsasında öldürüb namusunu təmizləyən qardaşın gənc ömrü həbsxana divarları arasında çürüyəcək. Hər kəs bir-iki gün danışıb, bu hadisəni unudacaq. Amma bir insan həyatını itirdi və 2 uşaq ömür boyu sağalmayacaq dəhşətli bir yara ilə böyüməli olacaq. Onların anasının başını öz ailələri, öz doğmaları kəsməyə qərar verib.

Görünür, bu cəmiyyətin kişilərinin gözünə ölü qadın azad qadından daha yaxşı görünür. Əks halda gələcək nəslinin davamçısı olan qadının azad düşüncə sahibi, güclü, iradəli qadın olmasından qorxmaz. Azad qadın soyunan qadın deyil. Zəhərli beyinləri tapdalayıb keçməyi bacaran, ən azı kişilər qədər yaşamaq haqqı olan, dünyaya qəfəs daxilindən yox, vicdanının pəncərəsindən baxan qadındır. Çox zaman kişilər "qadınla kişi bir ola bilməz" deyirlər. Düz deyirlər. Qadın dünyaya kişini gətirəcək, kişi doğacaq qədər güclüdür. Bəs niyə o zaman kişinin əlində öldürüləcək qədər zəiflədilməlidir?

Namusmu dediniz? Bəyəm o bu günahı təkmi edir?

İlhamə

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »