Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avqustdan sonrakı avqust və ya Şimal Ayısının “şəxsi faciəsi”
Avqustdan sonrakı avqust və ya Şimal Ayısının “şəxsi faciəsi”

...30 rəqəmi bir az qəribə rəqəmdir bizim üçün. Bir neçə anlamı birdən daşıyır, 2021-ci ldə tamamlanan 30! 30 ildən sonra Qarabağı azad eləmək üçün müharibə apardıq. Qorxuram ki, bir 30 il də sülh müqaviləsini gözləməli olaq. Xankəndidə Azərbaycan bayrağının kölgəsində şəkil çəkdirmək növbəsinə də daha bir 30 il lazım olmasın!

Ancaq əvvəlcə 30 illiyi iki aydan sonra gəlib çatacaq müstəqilliyimizə nəzər salmaq istərdim; onda mən 30 yaşlara doğru gedən cavan adam idim; 26 yaşım vardı. İndi 56-dayam. Nəticədə müstəqil dövlətdə yaşanmış 30 ilimlə qürurlanmaq haqqım var; Sovet adamı olduğum 26-dan daha çoxdur bu rəqəm.

30 avqust. Yenə də 30! Ali Sovetin sessiyası. Deputat və akademik Tofiq Köçərli tribunadan Azərbaycanın İstiqlal Bəyannaməsini oxuyur. Mən isə Ali Soverin (yəni indiki Milli Məclisin) yumşaq, qırmızı kürsülərindən birində "lövbər salıb" reportaj üçün qeydlərimi götürürəm... Sonra 18 oktyabr gələcək, Müstəqillik haqqında Konstitusiya Aktından yazacam. Sonra referendum olacaq, dekabrın 29-da yazacam. Sovet miqyasında çevrilmə gedəcək; Milli Azadlıq Hərəkatı tarix yaradacaq, deputatlar bəyannamə, SSRİ-dən çıxmaq haqqında AKT tərtib edəcək, mən də... yazacam.

Amma buna qədər bir də 19-21 avqust var axı. Moskvada çevriliş cəhdi. Öz "komandası" SSRİ Prezidentini devirməyə qalxdı. Devirməyəmi?! Qalxdımı?!

Kimlər idi? Vitse-prezident, müdafiə naziri, daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri... Superdövlətin bütün güc strukturları qalxa və ölkənin ikinci şəxsinin rəhbərliyi altında Birinci şəxsi devirmək istəyə və devirə bilməyə! Xüsusi xidmət mətbəxində buna "legenda" (yəni “əfsanə”) deyərlər.

Əcəba, bu, Sovet İttifaqını saxlamaq məqsədilə... dağıtmaq projesi olmasın!

Və... Cəmi 3 gün çəkməz. Boris Yeltsin Moskva küçələrində o “əfsanə”vi tankın üstünə çıxar. Rusiya Federasiyasının müstəqilliyini şifahi bəyan edər. Dövlət çevrilişini qınayar. Xalq da onun ətrafına toplaşar. Qiyam çökər. Daxili işlər naziri intihar edər. O birlər də həbsə gedər. Sovetlər Birliyinin ilk və SON prezidenti Mixail Qorbaçov hardansa Qara dəniz sahillərindən "özünü tapıb" tarixin girdabına buraxar. Və SSRİ-nin yeni - başqa bir biçimdə saxlanması üçün qaldığı yerdən projesinə davam edər. Bu yeni "siyasi-hüquqi izdivaca" yeni ad da taparlar: Suveren Dövlətlər Birliyi (Yeltsinin Sovetdənsonrakı Müstəqil Dövlətlər Birliyi, bildiniz də, hardan gəlir?!)

Zor-xoş öz istiqlalına dartınan milli respublikaları “yeni” və “ demokratik” İttifaqa – Suveren Dövlətlər Birliyinə İNANDIRMAQ üçün... Rusiya suveren olmalıydı axı.

Hə, bu vurnuxmanın səbəbi nə idi deyə soruşsanız, 1991-ci ilin martında Sovet İttifaqınının saxlanması haqqında referendum keçirilmişdi.

Niyəsi daha maraqlıdır.

Baltikyanı artıq getmişdi. 12 respublika qalırdı. Biri də Azərbaycan. Və biz də bu referenduma “hə” “dedik”. Dedik deyəndə, dedirtdirildik. Yeri gəlmişkən, bu gün çıxıb da “siyasi mürşüd”, “idarəçilik ağsaqqalı”roluna iddia saçan Ayaz Mütəllibov bizim adımızdan SSRİ-nin yazıb referendum qutusuna atmışdı. Və referendum məntəqələrində işıqları söndürüb o QUTU-dan müstəqil Azərbaycanı deyil, Sovet İmperiyasını “çıxarmışdı”. Ancaq məlum avqust qiyamından və bu qiyama tutduğu mövqe(sizli)yindən sonra Mütəllibov özü tarixin təkərinə düşdü; istiqlala qol qoymaq zorunda qaldı.

O mart referendumuna bir də başqa aspektdən qayıdaq.

“SSRİ-nin saxlanması" formuləsini referenduma çıxarmaq elə SSRİ-dən qalan nə vardısa, şüurda dağıdıb, yenidən qurmaq üçün idi. Sovet cəmiyyəti bu əqlinəticə ilə dalğalandı: deməli, İttifaq dağılır ki, saxlamaq haqqında düşünülür. Əslində bu mart referendumu: "SSRİ-ni saxlayaqmı?!" sualı deyildi, "Necə saxlayaq?!" sualı idi. Ancaq 91-in martından sonra gedən proseslər göstərdi ki, olduğu kimi saxlamağa çalışsalar, daha tez və daha pis dağılacaq.

Ruslar İttifaqdakı başqa xalqlardan daha çox qorxmuşdu; dağılan təkcə SSRİ olmaya bilər, dağılma prosesi elə sürət və elə vüsət alar ki... Bir də gördün, Rusiya dağıldı.

Ruslar bu qorxunu bir də 90-ların ikinci yarısında daha çox keçirdilər.

Sağa baxdılar, az qala çeçenlər zəncirini gəmirib istiqlala yürümüş!

Sola baxdılar - Tatarıstan "dövlət içində dövlət"!

Yuxarı baxdılar, Prezident "Toy generalı"na dönmüş - hökmü qalmamış.

Aşağı baxdılar – ac və qəzəbli kütlə qılınca çapdı çapacaq!

Arxaya baxdılar – psevdososializm qaranlığı. Önə baxdılar- “vəhşi kapitalizm” toranlığı...

O zaman "velikorus... isteblişmenti" toplaşaraq Yeltsinin əlindən tutub taxtdan imtina fərmanı imzalatdı. Və Putini gətirdilər ki, SSRİ-nin dağıntıları altından Rusiyanı salamat çıxarsın. Sonra özü yolda baxar, bəlkə təzədən “daşları toplamaq” mümkün ola (ki, buna da cəhd edir).

Rus prezident Putin: "Sovet İttifaqının dağılması mənim şəxsi faciəmdir" deyir. Və "fövqəldövlət"in dağılmasına görə özündən əvvəlkiləri ehtiyatlı özgüvənlə və kəşfiyyatçıya xas siyasi frazeologiya üzərindən "verbal zərafətlə" ittiham edir.

Əslində bunun sosial zəmini də var və Putin o platformanın üzərində dayanıb durub; Rusiya əhalisinin 40 faizi 19-21 avqust qiyamını "kədərli hadisə" adlandırır. Rəyi soruşulanların üçdə ikisi Sovet İttifaqının dağılmasına təəssüflənir. Bu da balaca rəqəm deyil və keçmiş SSRİ-nin külündən doğmuş yeni müstəqil dövlətlər üçün balaca təhdid deyil!

Rus ictimai təfəkkürü 3 günlük "fövqəlqiyam"ı ona görə lənətləyib ki, tarixində çox qanlı inqilablar görüb və heç biri də onu xoşbəxt etməyib. Hətta "demokratik" Yeltsin inqilabı belə. Və rus ictimai rəyi Lenindən Yeltsinə qədər - qanlı inqilab tarixini unutmayıb və lənətini də əsirgəmir. Üstəlik dünyanın iki "fövqəldövlət"indən biri olmuş "İttifaq"ın keçmiş vətəndaşları, yəqin ki, onların uşaqları da artıq belə bir nəticəyə gəldilər: SSRİ-ni saxlamaq üçün belə... dağıtmaq tarixi səhv, hətta bağışlanmaz günah idi. Ki, bu nəhəng prosesin günahkarlarna elə o boyda Lənət biçirlər. Bax, Putinin yeri o Böyük Lənətin üzərində möhkəmdir. Bizim üçün böyük təhdid də bu!

Bəs biz?!

Biz yuxarıdakı səbəbdən (ən azı bu səbəbdən!) öz MÜSTƏQİL SEÇİMimizdə daha möhkəm olmaq zorundayıq. Çünki Allah eləməmiş, əlimizdəkini itirsək, bir də nə zaman qaytararıq?! Heç bir anlamda və heç bir formada (nəzəri olsa belə!) bu SUALın qarşısında qalmayaq: SUAL ALTINDA qalarıq...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »