Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ömrü sınaqlarda keçən qadın: “Allahdan qorxmağı öyrətdilər, onu sevməyi öyrətmədilər”
Ömrü sınaqlarda keçən qadın: “Allahdan qorxmağı öyrətdilər, onu sevməyi öyrətmədilər”

Sabah İslam dünyasının kədər günü, Aşura günüdür. Bu günü hər mömin  eyni şəkildə anlayır, dərk edirmi? Məqsədim Aşuradan danışmaq deyil. İslamı, dini, Allaha inamı bir başqa cür yaşayan bir qadından danışacam sizə.

Onun  yaşadıqları az müsibət olmayıb. Amma nə inancından dönüb, nə bir dəfə Allaha asi çıxıb. Başına gələnləri ilahi yazı kimi qəbul edib,  yaradanına gedəcəyi günü səbirlə gözləyir. O azsaylı diplomlu molla xanımlardan biri  Xədicə Turabovadır. Ağrılı bir ömür yolu keçib.  Kasıb bir ailənin böyük qızıydı. Ər evinə gələndə 17 yaşı var idi. Əri yaşadığı kənddə dəli Rüstəm adını çıxarmışdı. Dəliqanlılığına, gücünə qüvvətinə görə . Toylarda öküzün boynunu təkbaşına qanırıb, yıxıb kəsirdi. Kimsə qolunu bükə bilməzdi. Di gəl ki əsəblərini də kontrol edə bilmirdi, içki aludəçisi olandan sonra da  qəzəbini Xədicənin üstündə soyudurdu. Arvad  döymək onun yaşadığı kənddə ayıb yox, hünər sayılırdı. Kişilərin hamısı “kişi arvadını döyər ” cümləsini eşidə - eşidə böyümüşdü bu kənddə. 3 balasının gözləri önündə az döyülməmişdi Xədicə. Rüstəm günlərin birində alkoqolun  dozasını çox edincə beyninə qan sızdı və gənc yaşda vəfat etdi. Xədicə qaldı 3 uşaqla öz ümidinə. Ona qədər də həyatı tam təmin olunmuş deyildi, amma ən azından Rüstəmin  evə  gətirdiyi 5-10 manatın ümidinə yaşayırdılar.

Rüstəm Xədicəni namaz qılıb, oruc tutduğuna görə də az döyməmişdi. Kənddə becərdiyi meyvə-tərəvəzi, toyuq-cücəni satmaqla ailəni birtəhər idarə edirdisə də, bu  3 uşağa yetmirdi. Düşündü ki,  dinini bu qədər gözəl bilirsə, niyə də qadınların yas mərasimlərini idarə eləməsin. Həm insanları aydınladar, həm də uşaqları çörəyə möhtac qalmaz. Əlavə qiyabi dini təhsil almağa başladı və bacardı.

Hamı tərəfindən hörmətlə qarşılandı. O adi mərsiyəxan, ağıçı deyildi, nurlu üzü, bəlağətli nitqi, gözəl söhbətləri ilə yas sahiblərinin dərdlərini yüngülləşdirir, təsəlli verə bilirdi. Uşaqları böyüdülər. Günlərin birində ilk fəlakət qapını çaldı. Tələbə adını almış qızının  anasının gözündən uzaqlarda atasız bir övladı doğulmuşdu. Gəncliyinin səhvi baha başa gəlmişdi qızına. Kənd yerində bu kimi xəbərlər adətən qanla, davayla mərəkəylə bitir. Qardaşları başlarını aşağı əymiş bacılarını da körpəsini də öldürməklə hədələyirdilər.”Çıxıb  rədd olub getsin, gözümüzə görünməsin” deyirdilər. Xədicə sinəsini irəli verib qızını da nəvəsinə də sahib çıxdı. “Təkbaşına qalsa, hansı yollara düşəcək kim bilir? Canı verən də, alan da Allahdır. Uşaq Allahın töhfəsidir, qızımın da bir səhvini ona ömürlük cəza kimi vermərəm” dedi.

Bu hadisədən çox keçmədən oğlu əsgər getdi və  1 il sonra Qarabağdan qara  xəbəri gəldi. Müharibədən çox öncə  min əziyyətlə böyütdüyü böyük oğlu  snayper gülləsinə tuş gəldi, həlak oldu. Hər kəs Xədicənin  bala dərdiylə param-parça olacağını düşünərkən, o güclü dayandı.

“Oğlumu ona verənə geri verdim. Allah vermişdi, Allah aldı. Ömür yazısı bu qədərmiş balamın. Bir gün qismət olarsa Cənnətdə görüşəcəyik”. Oğlu üçün qurulmuş yas mərasimində kimsə gözlərində yaş görmədi, mətin duruşlu ananın. Ona yox, o insanlara təsəlli verirdi.

Çoxları deyirdi ki, o qədər yas məclislərində olub, ürəyi daşlaşıb, ölüm onun üçün adiləşib. Lakin Xədicənin həyata baxışları fərqlidir. O islamı yalnız  dildə, namaz qılıb, oruc tutmaqda görmür. Xədicənin inancı tamdır, Allaha  sevgisi böyükdür. Fərqlidir. O inanır, inanır ki, ölüm son deyil, başqa, daha gözəl bir aləmə keçiddir. Və o aləmdə yerinin gözəl olmasını istəyirsənsə  nəfəs qədər qısa olan bu ömürdəki imtahanını uğrula verməlisən. Təlqin etdiyi, təbliğ edib danışdığı da budur. Kimsəni dili ilə incitməz, yalan deməz, bacardıqca əl tutar, dilindən kiməsə qarşı qiybət və ya xoşagəlməz söz çıxmaz. Onun ruhu, qanı ilahi sevgiylə yoğrulub. Bir zamanlar ona  pislik etmiş insanlara  qarşı da sevgiylə yanaşır, nə üzündə, nə sözündə hər hansı bir ironiya kibr sezilmir. Sanki ürəyini mələklər nurla yuyublar. Böyük oğlunun ölümündən  çox keçmədi ki, ikinci balasını da əcəl aldı əlindən. Tikintidə işləyərkən faciəvi şəkildə yıxılaraq həlak oldu 18 yaşlı igidi. Yenə  o sakit duruş, yenə  nurlu, lakin hüznlü  üz. Yenə ağlayıb, sızlayıb fəqanı ilə insanları başına yığmadı. “ Allahın imtahanı deyim. Sevdiyi qullarına dərd verərmiş. Mənim imtahanım  bala dərdiylə oldu. Allah bu acını heç kimə yaşatmasın, axirətinə inanmayanlar üşün ağır dərddir. Mən hər iki balama qovuşacağım günü gözləyirəm dedi.

Bu da taleyin ironiyasıdır ki, yəqin bir zamanlar qohum əqrəbanın,  qardaşların öldürmək istədiyi  qızı və onun “günahdan” doğulmuş balası bu gün Xədicə ananın hayanı, ümidi olub.

“İnsanlar Allahdan qorxurlar, amma Allahı sevməyi unudurlar. Aldığımız hər nəfəsdə, içdiyimiz hər damla suda  şükran olmalıyıq. Nə edirsə bir bildiyi vardır ki, edir. Mən Allahın sevdiyi peyğəmbərlərindən artıq  deyiləm ki. Həzrəti Məhəmməd yetimliklə sınandı, övlad itkisi ilə sınandı, Musa peyğəmbər, İsa peyğəmbər nə çilələr çəkdilər. Aşura günündə də ağlayıb fəqan eləməyi düz saymıram. İmam Hüseyin də yaxınları da  doğru bildikləri bir yolda şəhid olmağı seçdilər. Şəhidlik insan  üçün bir bəxtəvərlikdir. Bunu bilə-bilə ağı demək nə üçündür? Bu böyüklükdə, sonsuz , ucu-bucağı bilinməyən aləmləri yaradan Allah bütün  bu tamaşanı  sadəcə insanı dünyaya gətirmək və öldürmək üçünmü qurmuşdur? İnsan ölüncə bitəcəksə nə anlamı olardı?. Ömür dediyin əbədi bir həyatla müqayisədə göz qırpımı qədər kiçikdir,bu kiçi ömrə sevinc də sığdırılıb, kədər də. Hamısı imtahandır. İnsan dediyinin ürəyinin işığı sönməməlidir. Hər nə olursa olsun. Bizlərə Allahdan qorxmağı öyrətdilər, onu sevməyi öyrətmədilər. Qorxan sevməz”.

Bu sözləri o deyir. O söz xatirinə demir, o dediklərinin hamısını yaşamış, təcrübədən keçirmişdir. Başı daşdan daşa dəymiş , lakin sınmamış, daha da güclənmiş qadın.Bəlkə də  uzun , qapqara geyiminə, baş örtüsünə, sadə görünüşünə baxıb kənardan “dünyadan bixəbər” kimi görünən, amma dünyanı ovcunun içi kimi tanıyan qadın.

İlhamə

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »