Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“General Paşinyanın ailəsini ifşa edə bilər”
“General Paşinyanın ailəsini ifşa edə bilər”

Ermənistan hakimiyyəti Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyanın məhkəmə zamanı çətin bir vəziyyət yaradacaq müharibə faktlarını təqdim edəcəyindən qorxur.

Bizimyol.info xəbər verir ki, "Joxovurd" qəzeti bu barədə yazır: "Silahlı Qüvvələr Baş Qərargahının keçmiş rəisi Movses Akopyanın cinayət işini məhkəmə məlumat sistemində məhdudlaşdıran siyasi hakimiyyət bununla kifayətlənmədi və məhkəmə iclasının bağlı qapılar arxasında keçirilməsinə qərar verdi”.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Akopyanın müharibənin gedişi ilə bağlı bir çox qalmaqallı açıqlamalar verdiyinə görə,”vəzifə səlahiyyətlərini aşma” ittihamı ilə cinayət işi açmışdı. Əvvəlcə iş hakim Vaçe Markaryanın üzərində olsa da, o, vaxtilə Akopyanın əsgəri olduğunu və ondan xoş münasibət gördüyünü deyərək, işə baxmaqdan imtina edib.

“Nəticədə, iş məhkəmənin qapalı keçirilməsini tapşıran hakim Manvel Şahverdyan tərəfindən təsdiqləndi ”, - qəzet yazır.

Ədalət Verdiyev Ədalət Verdiyev

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Movses Akopyan böyük təcrübəyə malik, Ermənistan ordusunda bir çox yüksək vəzifələr tutmuş adamdır: “Şübhəsiz ki, Akopyan çox şey bilir və bəlkə də, bildiklərinin böyük hissəsini hələ danışmayıb. Ermənistan hakimiyyəti onun 44 günlük müharibədən sonra mətbuat konfransı keçirərək, bir çox faktları açıqlamasını bağışlaya bilmir. Akopyan Azərbaycan ərazisinə “İskander” raketinin atıldığını açıqladı və hətta dedi ki, hara atıldığını deməyəcək. “Bilmirəm” demədi, “deməyəcək” dedi. O, Ermənistan hakimiyyəti tərəfindən silahalma siyasətinin düzgün aparılmamasını, səfərbərlikdə nöqsanlar, müharibənin 5-ci günündə 1500 fərarinin olduğunu deməsi, ən əsası isə baş nazirin həyat yoldaşı haqqında verdiyi açıqlama ilə gündəmdə sensasiya yaratdı. Onun açıqlamasından görünür ki, hökumətdə heç bir vəzifə tutmayan Anna Akopyan nəzarət məntəqəsinə girib çıxırdı və hətta onların işlərinə müdaxilə edirdi. Movses Akopyanın buna etiraz etməsi isə onun müdafiə sistemindən “vurulması” ilə nəticələndi”.

Ekspert qeyd edib ki, bu general Paşinyan ailəsini ifşa edə bilər: “Ona görə də, hakimiyyət qorxur ki, açıq məhkəmə olsa, Movses Akopyan daha da sensasiyalı faktlar açıqlaya bilər. Söhbət hərbi sirrdən gedirsə, orduya heç bir aidiyyatı olmayan Anna Akopyanın bu sirlərdən istədiyi zaman xəbər tutması, müdaxilə etməsi və kimsənin də ona bir söz deməməsi... Əlbəttə, suallar doğurmalıdır”.

Ə.Verdiyevin sözlərinə görə, Movses Akopyan ilə Anna Akopyan arasında münasibətlərin gərginləşməsində başqa bir səbəb də var: “Anna Akopyan əks-hücuma keçib, guya Azərbaycan ordusuna sarsıdıcı zərbə endirmək istəyirdi. Movses Akopyan isə bu avantürist ideyaya qarşı çıxmışdı. Digər tərəfdən, Movses Akopyan müharibə cəmiyyətə açıqlanan rəsmi məlumatların 100 faizə qədər yalan olmasını açıqladı. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti ay yarım boyunca öz xalqını aldadıb. Hansısa məlumatı açıqlamamaq, gecikdirmək olar... Lakin Ermənistan Müdafiə Nazirliyi 44 günlük müharibə dövründə cəmiyyətə bir məlumatı belə olsun doğru təqdim etməmişdi”.

Ekspertin sözlərinə görə, Paşinyan hakimiyyəti Rusiya ilə aralarının pozulmaması üçün Akopyanı “qurban” verib: “Akopyanın açıqlamaları Moskvada da birmənalı qarşılanmamışdı. Ona görə də, Paşinyan özünü sığortalamaq üçün, bütün günahları Akopyanın üzərinə yıxmağa çalışır. Onun seçkilərdən dərhal sonra Moskvaya uçması da təsadüfi deyil. Görünür ki, strateji postlara təyin olunan şəxsləri Rusiya ilə razılaşdırıb”.

Ə.Verdiyev əlavə edib ki, başqa generallara da “dərs” olması üçün Paşinyan Movses Akopyanı məhkəmə yolu ilə cəzalandıracaq.

“Lakin elə bir ağır cəza veriləcəyini gözləmirəm. Yüngül bir cəza verəcəklər ki, başqa generallara “dərs” olsun”,- deyə hərbi ekspert söyləyib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »