Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Əfqanıstandan qaçqın qəbul etməməlidir”
“Azərbaycan Əfqanıstandan qaçqın qəbul etməməlidir”

İlham İsmayıl: “Onların cəmiyyətimizə inteqrasiyası və adaptasiyası xeyli vaxt və zəhmət tələb edəcək”

Sosial şəbəkələrdə Əfqanıstan vətəndaşlarının təyyarələrin qanadları və təkərləri üzərində ölkədən qaçmağa çalışması, minlərlə insanın hava limanına hücum etməsi kimi görüntürlər yayılmaqdadır.

“Taliban” Hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsi, bu ölkədən başqa ölkələrə axın etməsi üçün ciddi zəmin yaradıb. Artıq İrana və İran vasitəsilə Türkiyəyə də qaçqın axınları başlayıb.

Sosial şəbəkələrdə hətta İranda hakimiyyətə yaxın qüvvələrin əfqanıstanlı qaçqınları Türkiyə sərhəddinə qədər gətirib müşayiət etməsi, dağ yollarıyla keçmələrinə yardım etməsi barədə məlumatlar yer almaqdadır.

Əfqanıstandan qaçqın “ixrac”ı Azərbaycana da siraət edə bilərmi?

İran-Azərbaycan sərhədindən Əfqanıstan vətəndaşlarının ölkəmizin ərazisinə keçməsi bizi hansı sürprizlərlə üz-üzə qoya bilər?

Azərbaycan Dövlət Miqrasiya Xidmətiin mətbuat mərkəzi Bizimyol.info saytının sorğusuna belə cavab verib: “Son günlərdə Əfqanıstan vətəndaşlarından qaçqın statusu ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət daxil olmayıb”.

Əgər müraciətlər olarsa, DMX-nin hansı yanaşma tətbiq edəcəyi barədə suala belə cavab aldıq: “Qeyd etmək istərdik ki, Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun olaraq bu istiqamətdə bütün tədbirləri həyata keçirir və həyata keçirməyə davam edəcək”.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Bizimyol.info saytına bildirib ki, “Taliban” təkcə Əfqanıstan üçün yox, bütün bəşəriyyət üçün təhlükədir.

Ilham Ismayıl İlham İsmayıl

“Bundan əvvəl də, “Taliban” öz ölkəsini terrorçu, ekstremist qruplar üçün düşərgəyə çevirmişdi. İndi isə bəyan edirlər ki, guya yumşalmaya gedəcəklər, qadınlara təhsil almağa, işləməyə və hətta dövlət vəzifələri tutmağa icazə verəcəklər. Yalandır, mən buna qətiyyən inanmıram”,- deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, hər hansı ideoloji əsaslara söykənən istənilən rejim öz ölkəsində möhkəmləndikdən sonra, ətraf bölgələrdə, ayrı-ölkələrdə kök salmağa, müəyyən ocaqlar yaratmağa çalışır: “Ona görə də, biz çox ehtiyatlı davranmalı, hətta radikal qruplara qarşı münasibətdə amansız olmalıyıq. Azərbaycan bundan sonra Əfqanıstanla münasibətlərində ehtiyatlı, məsafəli davranmalıdır. Onların şirin, dostluq-yoldaşlıq vədlərinə inanmaq olmaz. Təbii ki, qaçqınların və miqrantların arasında radikal fikirli insanlar, “Taliban” ideologiyasının daşıyıcıları da müxtəlif ölkələrə gedəcəklər. Bundan əvvəl də gördük ki, Avropa və ABŞ-a mühacirət edən bəzi şəxslər orda radikallıq edir, yerli qanunlara zidd hərəkətlər edirlər”.

O vurğulayıb ki, Əfqanıstandan qaçqın axınına Azərbaycan da məruz qala bilər: “Sərhədləri ciddi nəzarətdə saxlamaq lazımdır. Azərbaycan Əfqanıstandan qaçqın qəbul etməməlidir. Qəti şəkildə deyirəm ki, Əfqanıstandan gələn heç bir qaçqına sığınacaq verməməliyik. Onların cəmiyyətimizə inteqrasiyası və adaptasiyası xeyli vaxt və zəhmət tələb edəcək. Buna müvəffəq ola biləcəyikmi, onu deyə bilmərəm. Azərbaycan sonradan ciddi problemlərlə üzləşə bilər”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Fəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
Son xəbərlər
Bütün xəbərlər »