Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biz gecikdik, sən tələsdin...
Biz gecikdik, sən tələsdin...

(“Səbrsiz” dostumuz Nizami Quliyevi rəhmətlə anarkən)

Yaşasaydı 65 olacaqdı. ...Və axşama doğru Müəllim mənə zəng edəcəkdi: "Bəlkə qalxaq Nizami tərəfə" deyəcəkdi. Mən də dərhal biləcəkdim ki, söhbət hansı Nizamidən gedir. Tez gedib maşının yağına, suyuna, altına-üstünə baxdıracaqdım. Qayıdanda yanacaqdoldurmaya "burulacaqdım". Müəllimin səhər incik halda: "Yenə?.." suallı tənəsini eşitsəm də, benzin çənini ağzına qədər dolduracaqdım. Ki, Müəllim əlini cibinə salmasın.

Səhər erkəndən yola çıxacaqdıq. Dostlardan bir-iki nəfər də bizə qoşulacaqdı. Biz hələ Hacıqabulun 100 kilometrini başa vurana qədər Nizami bəlkə 10 dəfə zəng eləyəcəkdi: "Ayə, haralardasınız? Axşam düşdü, Şəmkirçaya havaxt gedəsiyik bundan sonra?!"

Müəllim də: "Deyəsən, sən vaxtından əvvəl dünyaya gəlmisən. Bir səbrin olsun da" deyə sataşacaqdı.

Nizaminin qəhqəhəsi telefondan maşına dolacaqdı və ürəyimizə yağ kimi yayılacaqdı:

- A Müəllim, mən vaxtında gəlmişəm e, gecikən sizsiniz".

Hamımız gülüşəcəkdik.

Müəllim mənə tərəf baxıb: "Bizlik deyil, tez gəlməyimiz Bacciodan asılıdır" (Məni də bir zaman məşhur olan İtalyan futbolçunun adı ilə çağırırdı Nizami).

Bu söhbət qarşıdakı günün (və ya günlərin) necə maraqlı olacağının ilkin duzlu-məzəli anonsu olacaqdı.

Müəllim: "Kartofu qaynat, şam yandır, üfürmə, gəlirik. Bir səbrin olsun" deyəcəkdi.

Yenə gülüş "partlayışı... Nizamini gülməkdən yüngül öskürək tutacaqdı. Dalınca, unudulmaz Həsəni bir də yada salacaqdı: "Bura bax ə. Mən özümə görə demirəm haaa!"

...2003-cü il seçkisindən qabaq müxalifət blokundan ilkin vəzifə bölgüsü olur. Seçki blokundakı o biri partiyanın sədri deyir ki, Müəllim Milli Məclis sədrinin müavini, Həsən də Bakı şəhər icra başçısının müavini olsun.

Həsən buna əsəbləşir. Onu sakitləşdirirlər. Deyirlər: "Onsuz da bu nisyə söhbətdir. Qələbə olsa, əvvəlcə başçı iki il yarım o partiyadan olar, sonra da sən olarsan".

Həsən qayıdır ki:

- Mən özümü demirəm e. Görmürsən, Müəllimə nə deyir?!

Bu əhvalatı bu dəfə yolda xatırlayacaqdıq. Həsəni rəhmətlə anacaqdıq.

Ancaq yox! Bəlkə Nizaminin 65 yaşına getdiyimiz bu maşında Həsən də sağ-salamat yanımızda olacaqdı. Və Nizaminin son replikasına o uşaqcasına təmiz, işıq dolu təbəssümü ilə: "Sənin 165 yaşın da olsa, düzələn deyilsən" deyəcəkdi. Bir dəfə də buna güləcəkdik.

Bir az da gedəndən sonra, hardasa Kürdəmirdə Nizaminin səsi telefonu "dağıdacaqdı":

- Ayə, Müəllim, Xulio haralardadır?!

Müəllim qabaq oturacaqdan arxaya dönəcək, barmağını dodağına yapışdırıb susmaq işarəsi verəcəkdi. Ki, professor Xaləddin İbrahimlinin Mersindən xüsusi olaraq bu yubileyə gəlişinin sürprizi pozulmasın.

Müəllim deyəcəkdi:

- Nə bilim, a Nizami, Xulio bizə "atdı". Dedi: "Gələcəm". Gəlmədi.

Nizami bu dəfə də Xaləddin üzərindən Həsənə təkrar sataşmaq üçün deyəcəkdi:

- Ayə, ay Hasan, götür o telefonu, zəng elə ki, prafessur Mersindən birbaşa Gədəbəyə gəlsin. Deynən özünü tez çatdır, batdıq-qırıldıq...

Bu zarafata necə güləcəkdimsə, az qala qəza törədəcəkdim. Həsən hamımızdan çox güləcəkdi.

"Batdıq-qırıldıq" söhbətinin də tarixçəsi var. Yenə həmin o vaxtlardır; müxalifət prezident seçkilərinə qatılıb. Qərargahın ikinci mərtəbəsindəki otaqda Xaləddin İbrahimli kompüter arxasında oturub işləyir. Həsən Kərimov içəri girir və öz Ağstafa ləhcəsi ilə soruşur:

- Prafessur, neynirsən, ayə?

- Namizəd üçün seçki platforması yazıram, ay Hasan,- deyə Xaləddin gözünü monitordan ayırmadan yorğun səslə cavab verir.

- Yaz, yaz, prafessur, başına dönüm. Gör neynirsən?! Batdıq-qırıldıq.

Nizami elə hey Həsənlə, Xaləddinlə bunu yada salıb ürəkdən, gözləri yaşarıncaya qədər gülürdü: "Ayə, təşkilat işləri üzrə müavin olan budur. Xaləddinə deyir: "Gör neynirsən! Batdıq-qırıldıq!" Guya hər şey platformadan asılıdır, platforma hazır olan kimi hakimiyyətə gələcəklər".

Nizami bunu danışanda Həsənlə Xaləddin arxa oturacaqdı bir-birinə baxıb doyunca güləcəkdilər. Xaləddin Həsənin qolunu sıxacaqdı. Bu gülüş seansını yenə Nizaminin yarızarafat "hökmlü" səsi yarıda böləcəkdi:

- Bax, ha, yolda oturmayın. Sahib kabablıqları doğrayıb, manqalı qalayıb. Buğlamanı asıb sizi gözləyir. (Sahib Gədəbəydə adla deyilən mahir aşpaz idi. Nizaminin dostu. Sonra qohum oldular).

Müəllim:

- Sahibdə kartof kababından başqa bir şey olur yəni?!

Nizami yenə ürəkdən güləcəkdi:

- Bir gün gəldim ora, obyektinə. Dedim: "Sahib, nəyin var? Acından ölürəm". Başladı sadalamağa: "Kartof lüləsi, kartof külləməsi, kartof qızartması..." Dedim: "Ayə, adımız kartofa çıxıb deyə ancaq kartof yeməliyik?! Gədəbəy olanda nolar?! Ətdən nəyin var?!"

...Ucarı təzəcə keçsək də, amma artıq günlük yumor dozamızı almış olacaqdıq. Di gəl, Nizaminin söz-söhbətindən doymaq olar?!

- İndi hardasınız? - deyə soruşacaqdı.

- Yevlaxa azalmışıq.

- Həə. Pəncərəni açın. Gədəbəyə bir-iki dənə damazlıq ağcaqanad gətirin, gəlin. Arıqıranda birinə deyirsən ki, Gəncədə məni ağcaqanad dişləyib. Deyir ki, o nədi elə, canavardı?! Yox bir Ayıdır", - deyən Nizami bizi nəfəsimiz kəsilənə qədər güldürəcəkdi. O da "yetməyəcək"di, şəhərdən gələn və kənddə yaşayan iki gədəbəylinin ayı ovuna çıxması haqda lətifəni də iki daşın arasında söyləyəcəkdi.

Gülməkdən yaşarmış gözlərimlə maşın sürmək çətin olacaqdı. Həsən arxadan zarafatyana "hirsli" səsini bir az ucaldacaqdı ki, Müəllimin telefonundan Nizami onu da eşitsin:

- Ay Nizamı, ayə, Allahın olsun, qoy, bir sağ-salamat Yasamalın aşırımını aşaq da. Gülməkdən maşını sürə bilmir e...

Nizami bir-iki replika da atıb bu zəngi bitirəcəkdi. Gəncəyə çatmamış çay içməyə düşəcəkdik.

Xaləddin zarafatla deyəcəkdi:

- Müəllim, bu 40 dərəcədə pivənin nə yeri var!

- Var, var, 40 dərəcənin də yeri var. Amma Nizami arağı bilməsin, bizi köçürdər.

Həsən şəhadət barmağını sinə nahiyəsinin sol tərəfinə qoyaraq xəstə ürəyinə işarə edib təəssüflənəcəkdi:

- Hayıf ki, icazə vermir də. Bir bokal da mən içərdim. Göydən od yağır.

- Ondan məndə də var, ay Hasan, - deyə Xaləddin öz ürək əməliyyatlarını xatırlayacaqdı. - Bir bokalla heç nə olmaz.

Həsən, zarafatından qalmayacaqdı. Məşhur kardioloqa işarə ilə deyəcəkdi:

- Prafessur deputat olub. Rəşad Mahmudovu deyirəm ey. Başı koronaya qarışıb deyən qadağaları pozursan.

- Qadağalar pozmaq üçündür, ay Hasan - deyəcəkdi Xaləddin. Bu əhvalda onlar yüngülvari "vuracaqdılar", mən çay içəcəkdim.

Birdən Həsən Xaləddindən soruşacaqdı:

- O "şəhər ayrımı"nı görüb-eləyirsənmi, ayə?!

- Yox e. Mersin hara, İstanbul hara?! Harda görəcəm?! Nə əcəb gəlməyib Nizaminin yubileyinə. Xəbəri yoxdur yəqin.

Bu dəmdə Müəllimin telefonuna yenə zəng gələcəkdi:

- Müəllim, Fuaddı. Mən Narzanı keçdim. Siz hardasınız?

- Dəlməmmədlidə bir yekə stəkanda pivə içirik, - deyə Həsən Müəllimdən qabaq cavab verəcəkdi.

Fuad telefonda, biz burda güləcəkdik. Həsənin dediyi o "yekə stəkan" ifadəsi Fuad Mustafayevin seçki debatı zamanı canlı yayımda Hafiz Hacıyevə su dolu piyaləni atmasına işarə olacaqdı; Fuad, Həsənin dediyi kimi, "şəhər ayrımı" olsa da, atmacanı göydə tutacaqdı.

Müəllim qaşlarını zarafatyana düyünləyib Həsənə "qabaracaqdı":

- O "şəhər ayrımı"na yerimizi niyə dedin?! Bizi Nizamiyə "satacaq" ki, yolda vururlar...

... Bir dəfə Nizami Həsənin, Xaləddinin, Fuadın, Müəllimin olduğu məclisdə mənə demişdi ki:

- Sən yazı-pozu adamısan. Qulaq as. Bax, burda altı adamdan dördü "ayrım"dır. Mən dağ ayrımıyam, Həsən stansiya ayrımıdır. Fuad da "şəhər uşağı" olsa da, əsli-kökü Qazaxlıdır. Ona görə şəhər "ayrım"ıdır. Xulio da ki, "kənd ayrımı"...

...Durub yol alıb gedəcəkdik. Şəmkirdən üzüyuxarı qalxıb, qarşımızda nəhəng bir ilan kimi "qıvrılan" yolları yoracaqdıq. Və...

Bu da Gədəbəy. Nizaminin dağlara sığınmış, balaca və səmimi şəhəri.

Bizi girişdə - parkın qabağında qardaşı Vaqiflə, dostları Mahirlə, qohumu Elçinlə, Sahiblə... birlikdə qarşılayacaqdı. Üzündəki gülüşlə, gözündəki sevinclə...

Ancaq...

...Heyf! Heyf ki, bu gün gedə bilmədik.

Müəllim yenə adəti üzrə mənə zəng etsə də. Getmək istəsək də, gedə bilmədik. Getsəydik, bizi qarşılamayacaqdı. Altmış beş yaşını görməyə "səbri çatmayan"... o altmış beş yaşlı Nizami bizi daha heç vaxt qarşılaya bilməz axı o parkın girişində...

Bahəddin Həzi Bahəddin Həzi
Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »