Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dedi, mənə nəsə olsa, başınızı dik tutun"
"Dedi, mənə nəsə olsa, başınızı dik tutun"

Hərdən anamla axşamlar həyətin qarşısında olan oturacaqda yan-yana səssiz otururuq. Bir boşluq və səssizlik olur. Onda anam deyir ki "Beyrək sağ olsa indi görüntülü danışardıq". Sonra da ağlayır. Mən də sakitcə səmaya baxıram. Öz özümə deyirəm "yoxdu və olmayacaq".

Həqiqətən. Beyrək yoxdu daha. Heç vaxt da onunla bir də görüşə, qucaqlaşa, deyib-gülə bilməyəcəm. Bu o qədər acı və ağırdır ki. Mənə deyirlər ki, 10 il, bəlkə 15 il sonra daha bu qədər xatırlamayacaqsan. Mən onu təsəvvür edə bilmirəm. Elə bir şeyin mümkünlüyü belə ağlım almır. Dünən yenə məzarı üstünə getmişdim. Məzarının qarşısında diz çöküb 1 saatdan çox söhbət elədim. Mən elə bilirəm ki o məni eşidir və duyur. Hər zaman yanımdadır. Bütün çətinliklərin öhdəsindən birlikdə gəlməyə söz vermişdik. Heyf. Ruhun şad olsun balaca qəhrəmanım....

Şəhid Beyrək Seyfullah oğlu Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi Malıx yaşayış sahəsində anadan olub. Beyrək ailədə 5 oğuldan üçüncüsü idi. Beyrəyin qardaşı Mahmud Fezullayev qardaşı ilə bağlı xatirələrini Bizimyol.info saytı ilə bölüşüb. M. Fezullayev danışır ki, Beyrək gülərüz, mehriban uşaq olub. Ailə kasıb olduğu üçün Beyrək kiçik yaşlarından işləməyə başlayıb.

"2015-ci ilin aprel ayında hərbi xidmətə getdi. Naxçıvan MR-da "N" saylı hərbi hissədə HHM-də 1 il 6 ay xidmət etdikdən sonra Mingəçevir şəhərində N saylı hərbi hissədə "Həmlə" taborunda MAHHXHQ kimi xidmətə başlayıb. 2018-ci ildə ən ağır komando kurslarından hesab olunan 6 aylıq SAT komando kurslarını uğurla başa vurub və Tərtər rayonunda Əlahiddə Kəşfiyyat taborunun (ƏKT) Xüsusi təyinatlı bölüyündə (XTB) xidmətinə davam edib. 2020-ci ildə isə XTQ-nin 6 aylıq kurslarını uğurla keçdi"...

Şəhid Beyrək Seyfullah oğlu Fezullayev

Müharibə başlayanda ön cəbhədə döyüşlərdə iştirak edən Beyrək, tək başına 30-dan çox ermənini öldürüb.

Qardaşı danışır ki, döyüşlərə getməmişdən öncə sol əlində, iki yerdə qırıq var idi. Sentyabrın 23-ü "gipsi" cırıb çıxararaq XTQ-də olan qardaşlarına deyib ki, "siz orda döyüşən vaxt mən burda gözləməyəcəm. Mən qorxaq deyiləm". Döyüş yoldaşlarının sözlərinə görə, Beyrək özü ilə çox az yemək götürmüşdü, əvəzində çantası ağzına kimi sursat ilə dolu idi. Deyirdi hamısını dığaların üzərinə boşaldacam.

"Sentyabrın 26-sı axşam evə zəng elədi ki, bəs, sabah saat 6-da başlayırıq: “Mənə nəsə olsa, kartının kodunu, telefonun ekran kilidinin kodunu və XTQ-də sinə nömrəmi Votsapda yazmışam. Haqqınızı halal edin”"- deyə Mahmud danışır.

Beyrək müharibə başlayandan 3 gün sonra yenə ailəsi ilə əlaqə saxlayır. Ailədə Beyrəkdən başqa iki oğul Cavidan və Oruc da döyüşlərdə olmasına baxmayaraq, hamı Beyrək üçün narahat idi.

"Çünki o ən öndə gedənlərin içində idi və gözündə qorxu yox idi. Zəng vuranda soruşdum ki, özünü necə hiss edirsən? Dedi "hər şey yaxşıdır, amma burdan sağ qayıdacağıma inanmıram. Hamısını qıracağıq ermənilərin". Dedim "qorxursan"? Dedi dəlisən? Nə qorxmaq? O şərəfsizlər bizdən qorxur. İlk dəfədir bu qədər torpağı geri qaytarmışıq. Axıra kimi gedəcəyik. Dedi, mənə nəsə olsa, başınızı dik tutun. Sonra da dedi, haqqınızı halal edin!"

Bu Beyrəyin qardaşı ilə son danışığı olur. Oktyabrın 3-ü gecə saat 2-3 radələrində Füzulidə gedən ağır döyüşlərdə şəhid olur. Yaxın məsafədən aldığı güllə yaralarından dünyasını dəyişir.

Şəhid Beyrək Seyfullah oğlu Fezullayev, 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› Çörəyin bahalaşmasının qabağı indilik alındı, bəs sonra?
Son xəbərlər
Bütün xəbərlər »