Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhadətindən sonra oğlu dünyaya gəlib: "Atası kimi əsl Azərbaycan ərəni olacağına inanırıq"
Şəhadətindən sonra oğlu dünyaya gəlib: "Atası kimi əsl Azərbaycan ərəni olacağına inanırıq"

Bizimyol.info bir müddətdir ki, Azərbaycanın torpaqlarının azadlığı uğrunda şəhid olan igidlərimiz haqqında silsilə yazılar hazırlayır. Bu dəfə İkinci Qarabağ Müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamlet oğlu haqqında danışacağıq.

Şəhidimiz, 1990-cı il, iyul ayının 22-də Sumqayıt şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri Nəsimi rayonu Saleh Poladi adına 159 saylı orta məktəbə daxil olan Nurlan, 2005-ci ilə qədər həmin məktəbdə təhsil alır. 2005-ci ildən 2008-ci ilədək C.Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirir və 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur.

Şəhid Nurlan Mustafayev

Şəhid Nurlan Mustafayevin qardaşı Fuad, Bizimyol.info saytına Nurlan haqqında danışıb. O, qeyd edib ki, Nurlan 2010-cu ildə təhsilini davam etdirmək üçün Almaniya Federativ Respublikasının Hərbi Məktəbinə göndərilir. 2013-cü ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə birinciliklə bitirir. Almaniyada təhsilini “Buraxılışın ən yaxşı əcnəbi kursantı” sertifakatı və atıcılıq üzrə qızıl nişanla bitirən Nurlan, xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin “Zabit ixtisası” kursuna göndərilir:

"Kursu bitirdikdən sonra xidmətini davam etdirmək üçün Azərbaycanın Milli Qəhrəmanı Şəhid General-mayor Polad Həşimovun komandirlik etdiyi hərbi hissəyə göndərilir. 2014-cü il iyul ayının 25-dən 2016-cı il ilin dekabr ayının 3-dək müxtəlif hərbi hissələrdə motoatıcı tağım komandiri vəzifəsində xidmət edib. 03.12.2016-cı il tarixində "Təməl Xüsusi Təyinatlı" kursuna daxil oldu. 26.04.2017-ci il tarixində həmin kursu birinciliklə bitirib, 2018-ci ildə Türkiyənin İzmir şəhərində 29 ölkənin xüsusi təyinatlı qüvvələrinin qatıldığı “EFES-2018” təlimində iştirak edir. Həmin təlim-yarışda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbiçiləri 1-ci yerə layiq görülür. Təlim-yarışda fəal iştirakına görə sertifikat və Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənov tərəfindən xüsusi hədiyyə ilə təltif olunmuşdu. 2019-cu ilin yanvar-fevral aylarında Ruminiyada keçirilən “Dağ xizəkçiliyi”, 2020-ci ilin fevral ayında Gürcüstanda keçirilən xizək sürmə və qarlı əraziləri ötüb keçmək, axtarış-xilasetmə və təxliyyə tədbirlərinin təşkili, qarlı ərazidə sığınacağın qurulması və gecələmək üzrə təlimlərdə iştirak edib təlimləri birinciliklə bitirir və sertifikatlarla təltif olunur".

F. Mustafayev bildirir ki, xaraktercə 2 Nurlan olub. Hərbi hissədə ciddi, qaşqabaqlı Kapitan Mustafayev var idi. Mülki həyatda gülərüz, pozitiv Nurlan var idi:

"Hərbini çox sevirdi. İşini, millətini, torpağını sevən idi. Sonuncu dəfə şəhid olmamışdan 1 saat öncə danışdım. Təxminən axşamüstü saat 5-6 arası idi. Hadrutda olduğunu, hər şeyin yaxşı olduğunu dedi. Həmin günü hamı ilə əlaqə saxlamışdı. Sonda mənlə danışdı. Döyüşə getməzdən öncə yoldan qayıdıb döyüş yoldaşına mənim nömrəmi verib ki, "mənə bir şey olsa birinci Fuada deyin"...

Saat 20:25 də mənə döyüş yoldaşlarından zəng gəldi. İşdəydim mən. Nurlanın Şəhid olduğunu dedilər".

Fuad danışır ki, Nurlanın işdə necə olduğunu iş yoldaşlarından başqa heç kim bilmir. İşi ilə bağlı danışmağı da sevməzmiş:

"Nurlan şəhid olanda yanında olan döyüş yoldaşı gəlmişdi. Onun işlətdiyi ifadələr Nurlanın necə biri olduğunu göstərir. Deyirdi ki, "Mən bu qədər xidmətimdə çox komandirlə işləmişəm. Amma Nurlan kimisi olmayıb. Mənə əsl Azərbaycan kişisini, əsl Azərbaycan ərənini göstər desələr, mən düşünmədən Nurlanı göstərərəm"..."

Fuadın sözlərinə görə, Nurlanın şəhadətindən sonra bir oğlan övladı dünyaya gəlib. Övladına elə atasının adını veriblər:

"Atası kimi əsl Azərbaycan ərəni olacağına inanırıq"..

Qeyd edək ki, Nurlan Mustafayev 27.09.2020-ci il tarixində II Qarabağ müharibəsi başlanan gündən Vətən torpaqlarının azad olunması uğrunda döyüşlərə qatılıb. Müxtəlif rayonların və strateji obyektlərin azad olunmasında xüsusi şücaət göstərərək, oktyabrın 10-da Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. II Fəxri xiyabanda dəfn olunub. O, 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı,  2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, 2020-ci ildə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, 2020-ci ildə "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra), 2020-ci ildə "Vətən uğrunda" medalı (ölümündən sonra), 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən  sonra), 2020-ci ildə "Kəbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra), 2020-ci ildə "Füzulinin alınmasına görə" medalı (ölümündən sonra) təltif edilib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »