Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əfqanıstanın yeni hökuməti Türkiyə və Azərbaycanla yaxınlaşmağa çalışacaq”
“Əfqanıstanın yeni hökuməti Türkiyə və Azərbaycanla yaxınlaşmağa çalışacaq”

Tofiq Abbasov: “Pakistan, Azərbaycan və Türkiyə tandemi birliyə çevrilib və bu birliklə dost münasibətləri qurmaq Kabilə lazımdır”

Türkiyənin “A Haber” televiziyasına açıqlamasında Taliban sözçüsü Suhail Şahin deyib: “Türkiyə bizim üçün qardaş ölkədir. İslam ölkəsidir”.

O, Türkiyə qüvvələrinin Əfqanıstanda olmasını müsbət qiymətləndirib.

“Onların burada olması bizim üçün çox yaxşıdır. Türkiyə ilə çox yaxşı münasibətlər qurmağı hədəfləyirik. Hər hansı bir maddi yardım və ya əməkdaşlıq üçün Türkiyə ilə bir arada olmaq istəyirik”, - deyə S.Şahin əlavə edib.

Taliban sözçüsü həmçinin Talibanın Əfqanıstandakı hədəflərindən də danışıb: “Bizim dünyaya mesajımız budur; Əfqanıstanda hökumət qurulacaq və bu hökumət dünya nizamına uyğunlaşacaq. Regional olaraq da hər kəslə uyğunlaşacağıq.  Pakistan, Əfqanıstan və ətrafımızdakı insanlar üçün əsas hüquqları tanıyaraq idarəçilik yaratmaq istəyirik. Hər kəsin ürəyi rahat olsun, kimsə üçün təhdid təşkil etmirik”.

Bizimyol.info xatırladır ki, bundan əvvəl “Taliban” rəhbərliyi Türkiyədən “təcili surətdə” Əfqanıstanı tərk etməyi tələb etmiş, təhdid xarakterli bəyanatlar səsləndirmişdilər. Bu müddətdə nə dəyişdi? Artıq Əfqanıstanın de-fakto hakimiyyəti sayılan “Taliban” hərəkatı Türkiyə ilə normal münasibətlərə keçməyi qərara alıb? Bu münasibətlərdə Azərbaycanın yeri və rolu necə olacaq?

Bu və digər nüansları Bizimyol.info saytına şərh edən politoloq Tofiq Abbasov bildirib ki, “Taliban” rəhbərliyi artıq anlayıb ki, təhdid ritorikası ilə çox uzağa getmək mümkün deyil.

Tofiq Abbasov Tofiq Abbasov

“Taliblər Kabilə girməyinə girdilər, amma bundan sonra, Kabili əldə saxlamaq lazımdır. Əfqanıstanın daxilində çox mürəkkəb proseslər gedir, müxtəlif icmalar arasındakı münaqişələri yoluna qoymaq, daxili bir konsesus əldə etmək lazımdır. Eyni zamanda, bir dövlət üçün həyati məsələ odur ki, başqa ölkələrlə siyasi və iqtisadi əlaqələr qurulsun. Əgər Əfqanıstanın yeni hökuməti konsesusa nail olsa, taciklər, özbəklər və xəzərilərlə dialoqa gedə bilsə, növbəti mərhələdə dağılmış dövlət idarəetməsi sistemini və iqtisadiyyatı bərpa etmək ən mühüm vəzifədir. Buna görə də, Əfqanıstan qonşularla və regiondakı mühüm oyunçularla normal münasibətlər qurmağa məcbur olacaq. Əks təqdirdə, həm daxildə münaqişələr səngiməyəcək, yenidən uzun illər boyu vətəndaş müharibəsi olacaq, həm də xaricdə düşmənlər artacaq”, - deyə politoloq söyləyib.

Onun sözlərinə görə, “Taliban” ciddi islahatlara getmədən, dünya birliyi tərəfindən “siyasi qüvvə” kimi tanınmayacaq.

“Bu hərəkatın üzərində “terror təşkilatı” möhürü var. Rusiya tərəfindən də, “Taliban” terror təşkilatı olaraq tanınır, bir tərəfdən isə dialoqlar aparılır. Aydın məsələdir ki, “Taliban” öz ölkəsində güv faktoruna çevrilə bilib. Lakin dünyada gedən siyasi proseslərdə rol almaq üçün, təhdidlərdən və ritorikadan uzaq olmaq lazımdır”, - deyə T.Abbasov əlavə edib.

Onun sözlərinə görə, son zamanlar Pakistan, Azərbaycan və Türkiyə tandemi birliyə çevrilib.

“Bu tandem özünü 44 günlük İkinci Qarabağ Müharibəsində də göstərdi, bu ilin iyulunda isə Bakı Bəyannaməsi ilə bir daha İslam dünyasında lokomotiv sayılacaq birlik kimi təsdiqlədi. Düşünürəm ki, “Taliban” rəhbərliyində olan şəxslər də regionda gedən siyasi prosesləri izləyir və öz xarici siyasətlərinə dair müəyyən konturlar cızırlar. Əgər Əfqanıstanın yeni hökuməti xarici siyasətdə dostlar qazanmağa meyilli olacaqsa, ilk növbədə Pakistan-Azərbaycan-Türkiyə tandeminə diqqət yetirməlidir. Bu birliklə sıx münasibətlər qurmaq Kabilə lazımdır, faydalıdır. Hesab edirəm ki, Əfqanıstanın yeni hökuməti Türkiyə və Azərbaycanla yaxınlaşmağa çalışacaq. Bu, Kabilə həm beynəlxalq siyasi səhnədə təklənməmək üçün lazımdır, həm də möhkəm iqtisadi əlaqələr qurmaq üçün”, - deyə politoloq əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »