Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmədə hakim Eldar Mahmudovun əmisi oğluna: “Sənə o pul hardan idi...”
Məhkəmədə hakim Eldar Mahmudovun əmisi oğluna: “Sənə o pul hardan idi...”

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, “Azad Azərbaycan” telekanalının keçmiş rəhbəri Tağı İbrahimovun qardaşı olan iş adamı Sahib İbrahimov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. “Sahil-D” şirkətinin rəhbəri, hündürmərtəbəli binaların inşasıyla məşğul olmuş Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, avqustun 17-də məhkəmədə Sahib İbrahimovun vəkili Toğrul Babayev hökm çıxarılana qədər onun həbsdən buraxılması, barəsində alternativ qətimkan tədbirinin seçilməsi haqda vəsatət qaldırıb: “Dörd aydan çoxdur ki, həbsdə saxlanılır. Məhkəmədən yayınmaq, gizlənmək, şahidlərə təzyiq göstərmək niyyətində deyil. Biz də hərtərəfli araşdırma aparılmasında maraqlıyıq”.

Lakin hakimlər bu vəsatəti təmin etməyib.

Məhkəmədə məlum olub ki, Sahib İbrahimovun işi üzrə zərərçəkmiş qismində tanınan Yaşar Mahmudov keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur. Sahib İbrahimovun vəkili dindirmə zamanı zərərçəkmişə sabiq nazirlə qohumluğu haqda sual versə də, o, cavablandırmayıb.

Yaşar Mahmudov deyir ki, Sahib İbrahimovun inşa etdirdiyi binada mənzil almaq üçün 2009-cu ilin dekabrında 71 min dollar pul verib. Onun sözlərinə görə, sözügedən bina metronun “Xətai” stansiyasının yaxınlığında, Bakı Əyləncə Mərkəzinin qarşısında idi. Amma pulu Sahib İbrahimova “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən ofisdə verdiyini deyir.

Zərərçəkmişin sözlərinə görə, illər bir-birini əvəzləsə də, mənzil təhvil verilməyib. Sonradan bilib ki, həmin mənzil başqasına satılıb.

Təqsirləndirilən Sahib İbrahimov zərərçəkmişin dediklərinin həqiqətə uyğun olmadığını, bu şəxsdən pul almadığını bildirib. Dindirmə zamanı məlum olub ki, Yaşar Mahmudov 2009-cu ilin dekabrında pul verdiyini desə də, onun əlindəki maliyyə arayışında 2008 göstərilib. Yaşar İbrahimov o zaman bu məsələyə diqqət yetirmədiyini bildirib.

Yaşar Mahmudov deyir ki, pulu verməmişdən əvvəl gedib binaya baxıb. Lakin məhkəmədə dindirilən başqa bir şahid bildirib ki, 2009-cu ilin dekabrında onun övladı artıq həmin mənzildə yaşayırdı.

“Biz özümüz Füzulidən məcburi köçkünük. Bu evə görə də başımıza nələr gəldi. Korrupsiyada (Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini nəzərdə tutur), məhkəmə yollarında abır-həyam getdi. Quran gətirin, əlimi basım ki, mənim övladım 2009-cu ildə artıq orada yaşayırdı. Quru suvağın içinə köçmüşdü. Ondan başqa o binada heç kim yox idi. Sanki gözətçi idi. Qapı yerinə dəmir barmaqlıq vurub yaşayırdı”, - şahid Ruslan Əbilov bildirib.

Hakim Yaşar Mahmudovdan harada işlədiyini soruşub. O heç yerdə işləmədiyini deyib. Hakimin “bəs əvvəl harada işləmisən?” sualına cavabda da konkret iş yerinin olmadığını bildirib.

“Bəs o mənzil üçün verdiyin pul hardan idi?” sualına isə belə cavab verib: “Orada-burada yüngülvari işləyib yığmışdım...”

Sahib İbrahimov 2018-ci ilin avqustunda həbs olunsa da, təxminən ay yarım sonra ev dustaqlığına buraxılmışdı. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il 11 ay şərti cəza verildi.

Prokurorluğun Sahib İbrahimovla bağlı yaydığı məlumatda deyilir ki, Xətai rayon Məhkəməsində aparılmış araşdırmalar zamanı Sahib İbrahimovla bağlı yeni hallar üzə çıxıb. Bu hallarla bağlı ətraflı araşdırma üçün məhkəmə qərardad çıxararaq, prokurorluğa göndərib. Bunun əsasında da 2021-ci ilin yanvarında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Sahib İbrahimov tikintisi gedən binalarda əmlak satmaq vədi ilə alıcılardan 1 milyon 735 min manat pul alıb onları aldatmaqda ittiham olunur. O, özünü təqsirli bilmir və ittihamda yazılanları qəbul etmir.

Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »