Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yaşayan ruslar: “Biz Azərbaycana aidik” - Fotolar
Bakıda yaşayan ruslar: “Biz Azərbaycana aidik” - Fotolar

Son günlər russülhməramlıların Qarabağda erməni uşaqlara silah tutmağı öyrədən görüntüləri yayılıb. Guya müharibə şəraitində sağ qalmaq təlimləri keçirlər. Əslində sülhməramlıların bu hərəkəti müharibə məramından başqa heç nə deək deyil. Gələcəyə nifrət toxumu səpir, ekstremist yetişdirir. Nə eləsinlər. Oraya zorla gətirilən ermənilər bir ayaqlarını qaçaraq qoyublar. Erməni açıq düşmənimizdir, o heç. Bəs ruslar? Bizim xalq olaraq rus xalqı ilə heç bir zaman problemimiz olmayıb. Problemi yaradan Rusiyanın böyük işğalçı siyasətidir və bu siyasətin bizə vurduğu zərbələrdir. Bir neçə gün öncə keçmiş səfir İsfəndiyar Vahabzadə təlxək siyasətçi Jirinovskiyə cavab verərkən nitqində rus xalqını təhqir edən ifadə işlətməsi ilə xaqlımızın qınaq yerinə çevrildi. Bəs ölkədə yaşayan ruslar həyat tərzlərindən məmnundurlarmı? Öncə tanıdıqlarımla danışmaq qərarına gəldim.

Bu anayla aylar öncə 44 günlük müqəddəs Vətən müharibəmiz zamanı tanış olmuşdum - Olqa Dmitriyeva. Yardıma ehtiyacı olan əsgər ailələrinə dəstək göstərirdik və siyahıda onun da adı var idi. Olqa Dmitriyevanın. Yeganə oğlu Oleq müharibədəydi. O cəbhədən gələn xəbərləri həyəcan və göz yaşı içində izləyirdi. Oleq usta işləyirmiş və döyüşlərin ilk günlərindən çağırılanlar siyahısında idi. Sağ-salamat qayıtdı döyüşlərdən. Bu gün Olqa xanımla hal-əhval tutdum, əslində nə üçün zəng etdiyimi, məramımı demədim, demədim ki, ölkəmizdə yaşayan ruslarla, burda onların özlərini necə hiss etmələri ilə bağlı yazacam.

Olqa Dmitriyeva Olqa Dmitriyeva

Sadəcə, köhnə tanışlar kimi danışdıq. Olqa xanım dedi ki, Oleq yenə köhnə yerində işləyir. Avtomobil ustası kimi işinə davam edir. Dolana bilirlər. Lakin o çox istəsə də, oğlunun hələlik evlənmək fikri yoxdur. Tez-tez cəbhədəki dostları qonaq gəlirlərmiş. Döyüş günləri Oleqi çox dəyişib, kişiləşib, məsuliyyət sahibi edib. Özü isə bu günlərdə yüngül bir əməliyyat keçirib və bu müddətdə qonşusu Mehparə xanımla onun qızı Sevinc ona qayğı göstəriblər. Olqa Yasamalda yaşayan qonşularından çox məmnun olduğunu, müharibə günlərində ona necə ürək-dirək verdiklərini unutmadığını dedi.

Oleqi bu gün tapa bilmədim. Döyüşlərdən təzə gələndə zəng etmişdim, o çox sakit bir şəkildə “bu mənim borcum idi, verdim gəldim” demişdi.

Daha bir müsahibim bizimlə eyni küçədə yaşayan Sveta Naumovadır. Sveta xanım 5 yaşlı qızı ilə yaşayır. 49 yaşı var. Bir yaşlı anası var idi, ölməzdən öncə qızına məsləhət vermişdi ki, nə qədər çox gec deyil, bir övladın olsun, mən öləndən sonra sənə həyan olar. Sveta da anasının məsləhətinə əməl etdi və süni mayalanma yolu ilə bir qız övladı sahibi oldu. Svetanın qızının uşaq bağçasına yerləşdirilməsində yardım etməklə aramızda ünsiyyət başlamışdı. Çox danışmağı sevmir.

Sveta Naumova Sveta Naumova

“Azərbaycana , azərbaycanlılara güvənməsəydim anam öldükdən sonra çıxıb gedərdim buralardan. Bu dünyada tək ana olmaq, yalqız uşaq böyütmək asan deyil. Amma mən bilirəm ki, kömək istəsəm mənə burda kömək edən çox olacaq. Bunu mənə Moskvada ruslar çətin edərdilər.Alyonkanı bu ölkədə böyütmək istəyirəm. Bura ona təhlükəsiz bir ocaq olacaq. Tək problem Alyonkanın atasın doğulmasına qonşularımın bir təhər yanaşmasıdır. Əslində burda yaşadığım üçün səbəbini də anlayıram. Ənənələr var.Bu ənənələrə mən də riayət edirəm. Orucluq günlərində mən də nəzir verirəm, İsa peyğəmbərə də, Məhəmməd peyğəmbərə də dua oxuyuram. Mənim dini inanclarım var. Müsəlmanlar xristian peyğəmbərlərin adlarını öz övladlarına qoyurlar. İsa, Musa, Məryəm, David belə adlar var. Amma heç bir rus, xristian uşağına Məhəmməd adı verməz.Demək sizin düşüncələriniz daha işıqlıdır. Bunu anlamaq lazımdır.”.

Qalina Sergeyevna Nikulina- 79 yaşı var. Əvvəllər müəllimə işləyib. Uşaqları köçüb xaricə getsələr də, özünün heç yerə getmək fikri yoxdur.

Qalina Nikulina Qalina Nikulina

“Mən Bakıda doğulmuşam, burda yaşlanmışam. Mənim Alekseyim (əri) burda dəfn olunub. Bakı da, azərbaycanlılar da mənə doğmadır. Düşünürəm ki, siyasətçilər aranı qarışdırmasalar hər şey daha gözəl olar. Mənim bir zamanlar ermənilrələ də dostluğum olub. İndi əlaqələrim yoxdur. Qarabağda baş verənlər əlbəttə məni də təsirləndirdi. Nə qədər gənclər həlak oldular. Bu gün Rusiyanın Qarabağda həyata keçirdiyi fəaliyyəti qınayıram. Bu şəkildə olmamalıydı. Açıqca təxribat etdiyi görünür”.

Timofey Qorbunkov - 32 yaşı var. IT mütəxəssisidir.Azərbaycanca çox gözəl danışır. “Mən Qarabağdakı zəfəri öz zəfərim hesab edirəm. Könüllü yazılmışdım. Çağırmadılar. Dedilər çəkin artıqdır və gözlərin pis görür.Amma həmişə bizimkilərin qələbəsi üçün əlimdən gələni etməyə hazıram. Ermənilərin ağlı olsa anlayarlar ki, onlar şahmat oyunun məhvə məhkum piyadalarıdırlar.Ruslar Qafqazda bu qədər hiyləgər oyunlar qurmaqdansa Azərbaycanı dost tutub güclənə bilərdilər.Hər kəsi özlərindən iyrəndirirlər bu sarsaq siyasətlə. Mənim vətənim Azərbaycandır, milliyətcə rus olsam da xalqım da Azərbaycandır. Mən bu torpağın çörəyini yeyirəm. Başqa cür düşünmək kişilikdən olmaz”.

Timofey Qorbunkov Timofey Qorbunkov

Sosial şəbəkələr üzərindən sorğu keçirdiyim bir çox ruslar isə sualıma təəccübləndilər . Və açığı bu heyrət , onların cavabı xoşuma gəldi. “Bu nə deməkdir? Bura sizin kimi bizim də vətənimizdir. Çətinliklərimiz də sizin çəkdikləriniz kimidir. Gündəlik məişət, iqtisadi problemlər, pandemiya və s. Biz Azərbaycana aidik”.

Bu gün Rusiyada yeni ruslar daha Sovet vaxtlarında bildiyimiz, qardaşlıq ideyasına inananlar deyillər. Azərbaycan öz ənənələrinə sadiq, sabit, daha sakit, daha güvənilir insanların vətənidir.Bunu burdakı ruslar da gözəl anlayırlar. Bir də siyasəti ilə sakit suları bulandıran Putin anlasa.

İlhamə

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »