Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternet telefoniya erası başlayıb: Stasionar telefonları “dəfn edirikmi”?
İnternet telefoniya erası başlayıb: Stasionar telefonları “dəfn edirikmi”?

Böyük Britaniyada 2025-ci ildən etibarən stasionar telefonlar ləğv ediləcək. Daily Mail-in yazdığına görə, köhnə telefon aparatlarının yerinə yeni qurğular almaq lazım gələcək.

İnsayderlər bunu 2012-ci ildə televiziyaların rəqəmsal keçidi ilə müqayisə ediblər. Rəqəmsal telefon rabitəsi xidmətlərinə keçid telekommunikasiya sahəsinin təzyiqi ilə həyata keçiriləcək.

Bu dəyişiklik telefon şəbəkəsindən asılı olan digər xidmətlərə də təsir edəcək, bura siqnalizasiya, liftlərdə rabitə, ödəmə terminalları və şəhər küçələrində quraşdırılmış sabit telefon danışıq məntəqələri (qırmızı budkalar) aiddir.

Lakin ekspertlər narahatdırlar ki, internetə qoşulmamış milyonlarla ailə, rabitənin pis olduğu ucqar kəndlərdə yaşayan insanlar rabitə imkanlarını itirəcəklər. Hazırda Britaniyada ev təsərrüfatlarının 6 faizi internetə qoşulmayıb. Bu 1,5 milyon ev deməkdir. Bir çoxları internetə yalnız mobil telefonlarla qoşula bilirlər. Yarım milyon ailənin mobil telefonu belə yoxdur.

Bu xüsusən 75-dən çox yaşı olan insanlar üçün problem yaraвacaq. Yaşlı insanların rəqəmsal dünyada fırıldaqçıların qurbanına çevrilməməsi üçün də tədbirlər görülməlidir.

Azərbaycan əhalisinin böyük əksəriyyəti mobil telefon istifadəçisidir. Artıq ən ucqar kəndlərimizdə də, hətta işğaldan azad edilmiş Qarabağda da internet şəbəkəsindən istifadə olunur. Bir müddət öncə stasionar ev telefonlarında qiymət haqqının aylıq deyil, danışıq saatına görə tərtib edilməsi məsələsi gündəmə gəlsə də, bu fikir narazılıqla qarşılandığına görə reallaşmadı. Demək ki, əslində işə yaramayan, köhnə qurğu kimi görünsə də, sabit telefonlardan hələlik geniş istifadə olunur. Xüsusilə bank sistemində, rəsmi dövlət qurumlarında. Evlərə internet xətlərinin çəkilişi də hələlik telefon xətlərinin üzərindən həyata keçirildiyinə görə stasionar telefonları muzeyə göndərmək Azərbaycan üçün çox tezdir deyə bilərik. Hərçənd rayon və kəndlərdə köhnə telefon xətləri üzərindən verilən internetin keyfiyyəti və sürəti də başqa bir mövzudur.

Poçt rabitəsi sahəsində mütəxəssis, mühəndis Elnur Adıgözəlov bizimyol.info-ya bu məsэlə ilə bağlı danışarkən bildiriи ki, Azərbaycanda kütləvi şəkildə yayılmasa da, son 2-3 il ərzində telekommunikasiya şəbəkəsində İnternet protokol (İP) telefon rabitəsindən istifadə edilir.

“İP texnologiyası olduqca perspektivli bir informasiya verilişi sahəsidir. İP telefon rabitəsi ilk dəfə 1983-cü ildə ABŞ-da ibtidai formada istifadə olunub. Ənənəvi telefon xətləri ilə şəhərlərarası və beynəlxalq zənglər baha başa gəldiyinə və müasir tələblərə cavab vermədiyinə görə ölkəmizdə internet üzərindən danışıqlar çoxluq təşkil edir. Buna görə də artıq internet telefonu dövrü başlamışdır”,- deyə ekspert qeyd edib.

O bildirib ki, internet telefonunun tətbiqi üçün kabel çəkməyə və bahalı avadanlıq almağa ehtiyac yoxdur, bütün zənglər mövcud İnternet şəbəkəsindən keçir: “Adi telefon danışıqları üçün sabit telefon xətləri, telefon stansiyaları şəbəkəsi tələb olunur. IP telefoniyada server telefon xətlərinə qoşulur. O həm dünyanın istənilən telefonuna qoşula bilər, həm də server internetə bağlıdır və dünyanın istənilən kompüteri ilə əlaqə qura bilər. IP telefoniya dünyanın hər yerindən sərbəst şəkildə istifadə edilə bilər. Tez-tez səfərlərdə olan insanlar üçün IP vasitəsilə əlaqə ən əlverişli üsuldur. İstifadə etmək üçün smartfon, notbuklarınız yetərlidir”.

Qeyd edək ki, İP-telefoniya kompüterdən kompüterə, kompüterdən telefona, telefondan telefona qoşulmaqla işləyə bilər. Ötürücü xətt kimi İnternet kanallarından və rəqəmsal kanallardan istifadə olunur. Texnologiya ölkəmizdə var. Lakin kütləvi istifadə şəklini almayıb. Hələlik insanlarımız ənənəvi üsullardan istifadəyə və mobil telefonlara (hərçənd artıq ona da ənənəvi üsul demək olar) üstünlük verirlər. O ki qaldı stasionar telefonların arxivə göndərilməsinə, Elnur Adıgözəlov hesab edir ki, bunun üçün hələ tezdir. Stasionar telefonlar öz etibarını, nüfuzunu xüsusilə yaşlı nəsil insanlar üçün qoruyub saxlayır. Ölkəmizdə bu məsələ gündəmdə deyil.

İlhamə

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Bəzi məhdudiyyətlər yumşaldılıb - Həftəsonu ictimai nəqliyyat işləyəcək
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
Son xəbərlər
Bütün xəbərlər »