Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan “Taliban”la əlaqələr qurmağa tələsməyəcək”
“Azərbaycan “Taliban”la əlaqələr qurmağa tələsməyəcək”

Asim Mollazadə: “Hər şey Kabilin Bakıya yanaşmasından asılı olacaq”

Xəbər verildiyi kimi, “Taliban” hərəkatı Əfqanıstan paytaxtı Kabili döyüşsüz ələ keçirib və bütün ölkəyə nəzarəti ələ alıb. Onlar hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçirib və şəhərdən çıxmaq istəyənlərə toxunmayacaqlarını bildiriblər.

Əşrəf Qəninin administrasiya rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri ilə birlikdə qonşu Tacikistana uçduğu bildirilir. Hazırda Əfqanıstanın sabiq daxili işlər naziri Əhməd Cəlalilin rəhbərliyi ilə müvəqqəti hökumət qurulub.

Bundan sonra, əgər “Taliban” rejimi Əfqanıstanda möhkəmlənər və “legitim hökumət” olarsa, Azərbaycan və Əfqanıstan arasındakı əlaqələr necə davam edəcək?

Xatırladaq ki, Əşrəf Qəni hökuməti ilə Azərbaycan hökumətinin çox yaxşı əlaqələri var idi. Hətta Əfqanıstan rəhbərliyi Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Bizimyol.info saytına bildirib ki, “Taliban” rejiminin legitim sayılması barədə fikirləri səsləndirmək hələ tezdir.

Asim Mollazadə Asim Mollazadə

“Əfqanıstanda hakimiyyət zəbt olunub, legitim yollarla “Taliban”ın əlinə keçməyib. Orda rəsmi olaraq da müvəqqəti hökumətə “Taliban” rəhbərlik etmir. Legitimləşmə üçün hələ çox var, burda bir sıra şərtlər həyata keçirilməlidir. Xarici dövlətlərin, beynəlxalq təşkilatların Əfqanıstanla bağlı yanaşması da hələ aydın deyil”.

O, Azərbaycanla Əfqanıstan arasındakı münasibətlərə də toxunub: “Əfqanıstanla münasibətlərimiz yaxşı olub. Lakin “bizim strateji tərəfdaşımız olub” da deyə bilmərik. Azərbaycanın Əfqanıstanla münasibətləri daha çox Əfqanıstanın özündən, Kabilin Bakıya yanaşmasından asılı olacaq. Əgər Əfqanıstanda yeni hökumət daha çox daxili problemləri nizama salmaq, sülh və sabitlik içində çiçəklənmə yolunu tutacaqsa, əlbəttə ki, başqa dövlətlərlə, o cümlədən Azərbaycanla da münasibətləri yaxşı olacaq. Yox, Əfqanıstan özünü terror dövləti kimi aparacaqsa, əlbəttə ki, rəsmi Bakı da özünə yaraşan şəkildə və beynəlxalq hüquqa uyğun münasibət göstərəcək”.

Sabiq xarici işlər naziri, Azərbaycanın Latviya və Estoniyadakı sabiq səfiri Tofiq Zülfüqarov isə bildirib ki, Azərbaycan-Əfqanıstan arasındakı münasibətlərdə bir müddət pauza olacaq.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Silahlı qruplaşmanın lideri olmaq ayrıdır, dövlətə rəhbərlik etmək ayrı. Bu, “Taliban”ın hakimiyyətə ikinci gəlişidir, lakin düşünürəm ki, hələ bu qruplaşmada lazımi səviyyədə dövlətçilik ənənələri yoxdur. Siyasi təşkilatlanma əlamətləri azacıq hiss olunur. Onların Dohada nümayəndəliyi var. Rusiyaya səfər edərək, Lavrovla da görüşdülər. Pakistanla, Çinlə, digər ölkələrlə danışıqlar da aparırlar. Eyni zamanda, Əfqanıstandakı yerli qrupları da dialoqa cəlb edə biliblər. Bu hərəkatın daxilində də mürəkkəb proseslər gedir və müxtəlif qüvvələrə yaxın olan şəxslər var”.

Bununla belə, diplomat istisna etmir ki, yaxın bir neçə il ərzində “Taliban” təşkilatlanmış siyasi qüvvəyə çevrilsin: “Əgər “Taliban” ölkəni idarə etmək istəyirsə, ən əsası, beynəlxalq aləmdə legitim siyasi qüvvə olaraq tanınmaq niyyətindədirsə, bəzi islahat xarakterli addımlar atmalıdır. Əfqanıstanın bir dövlət olaraq xilası xarici siyasətlə də sıx bağlıdır. Başqa ölkələrlə iqtisadi-siyasi əlaqələr qurmaq lazımdır. Deyirlər ki, “Taliban” dərhal ekspansiyaya keçəcək, Orta Asiya ölkələrinə də müdaxilə edəcək.

Açığı, yaxın illərdə mən bunu gözləmirəm. Əgər “Taliban”da düşünən beyinlər varsa, hər halda var.... onlar ilk olaraq ölkəni böhrandan çıxarmağın, iqtisadiyyatı dirçəltməyin yollarını axtaracaqlar”.T.Zülfüqarov Azərbaycanın proseslərdə hələ “müşahidəçi” olduğunu bildirib: “Azərbaycan xarici siyasətində Türkiyə ilə birgə addımlayır. Hesab edirəm ki, Türkiyə və Əfqanıstan arasında da gərginlik olmayacaq, Pakistan vasitəsilə də müəyyən dialoqlar baş verəcək. Lakin Azərbaycan “Taliban”la əlaqələr qurmağa tələsməyəcək. Burada daha çox “dəymə mənə, dəyməyim sənə” siyasəti işləyəcək”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› TƏBİB-in "gizli" dərman paketi
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
››› “Ermənistanın KTMT-yə sədrliyi bu təşkilatı Azərbaycana qarşı çevirməyə kömək etməyəcək”
››› İki polis zabiti narkotikə görə həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »