Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üçüncü Qarabağ Müharibəsi
Üçüncü Qarabağ Müharibəsi

Bəri başdan deyim, arxayınlıq olsun: Əfqanıstandan yazmayacam. Bunun üçün yetərli sayda "hərşeyşünas"larımız da var, bir neçə kompetent bilicilər də. Biz hələ özümüzə umac ovaq, qalsın Əfqanıstana əriştə kəsmək. Çünki...

Çünki daha əvvəl də yazdığımız kimi, Üçüncü Qarabağ Müharibəsi gedir (həm də çoxdan); hərbi müstəvidə İkinci Qarabağ Müharibəsi 44 gün çəkdi. Ancaq artıq 278 gündür, üçünücü (içində fraqmentar da olsa, hərb elementləri daşıyan) siyasi-diplomatik savaş davam edir. Bu savaşda da Rusiya Ermənistanı qabağa verib, prosesləri həmişəki kimi özü idarə etməyə çalışır. İdarə edir də.

Dediyimiz kimi, bir növ "kombinasiyalı" müharibə gedir; bişirilməkdə olan şübhəli (ikibaşlı) siyasi sıyığa hərbi "ədviyyat" da qatılır; Rusiya-Ermənistan tandemi 10 noyabr bəyanatına zidd olaraq, erməni hərbi ünsürlərini Azərbaycanın ərazisindən çıxarmır, əksinə yenilərini gətirir. Sanki başa çatmış qarşıdurmanın coğrafiyasının və radiusunun genişləndirilməsinə cəhdlər var. Qarşılıqlı ixtilaflar Azərbaycanın ərazisində qalmaqla yanaşı, həm də Ermənistan-Azərbaycan sərhədlərinə daşınıb.

Demək olar, bütün sərhəd boyu Ermənistanın hərbi təxribatları ilə qarşılaşırq. Eyni zamanda "Zəngəzur dəhlizi"nə dair süni mübahisəni Ermənistan-İran sərhədinə də proyeksiya ediblər. Və təbii olaraq, biz İranın Qarabağa müəmmalı logistikası ilə üzləşirik; məsələ həm də Azərbaycan-İran sərhədinə (münasibətlərinə) daşınmış olur. Bundan başqa Ermənistan tərəfdən Naxçıvanın Sədərək bölgəsinə açılan atəşlər Azərbaycanın Türkiyə ilə sərhədlərini təhdid edir. Hətta Ermənistan tərəfinin Azərbaycan-Türkiyə sərhədlərini ən azı atəş nəzarəti altına salmaq cəhdi kimi də şərh olundu. Bu baş verərsə, heç şübhəsizdir ki, Türkiyə-Ermənsitan sərhədində də sükunət laxlayar. Azərbaycanın həm Gürcüstanla, həm Ermənistanla sərhəd bölgələrinin ara-sıra atəşə tutulması Azərbaycan-Gürcüstan sərhədindəki sabitliyi də hədələmək kimi yozula bilər (zatən ötənilki Tovuz hadisələrinin də əsas hədəfləri sırasında bu vardı).

Rusiyanın bölgədə bişirməkdə olduğu sıyıq bax budur; Azərbaycanı (elə Ermənistanı da)  hərbi-siyasi mühasirəyə salmaqla rəsmi İrəvandan və rəsmi Bakıdan özünün regiondakı hərbi iştirakına və ümumən, geosiyasi maraqlarına daha loyal yanaşma qoparmaq məqsədi var. Ermənistanın Qərbə doğru "dreyf"ini dayandıqmaqla özünə daha çox bağlamaq, Azərbaycanın xarici siyasətindəki "geopolitik balansI" öz xeyrinə pozmaq, Türkiyənin bölgəyə hərəkətini dayandırmaq, İranı isə Türkiyənin önünə çıxarmaqla yanaşı öz maraqlarından da bəlirli (təhlükəsiz) məsafədə saxlamaq... bunlar Rusiyanın Cənubi Qafqazdakı hədəflərinin başında gəlir.

Daha da konkretləşdirsək, Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini ləngitməsi Azərbaycanın üç şərti qəbul etməməsi ilə bağlıdır: Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti deyil, müddətsiz olaraq qalmasına razılıq verilməsi, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması. Bir sözlə, Azərbaycanın da Rusiya üçün Ermənistana çevrilməsi.

Yəni Rusiya 44 günlük müharibədə müvəqqəti (və təbii ki, zahiri) susqunluğunun əvəzində indi əldə etdiyi hərbi-diplomatik arbitr rolu ilə kifayətlənmir; Azərbaycanın Qarabağdakı müzəffər yürüşünü Xankəndi ətrafında dayandırmaq, orda sülhməramlı adı ilə və razılaşmada nəzərdə tutulduğundan daha çox sayda qoşunu yerləşdirə bilmək, Azərbaycanın 3 min kvadrat kilometrlik ərazi parçasında nəzarəti ələ keçirmək, Prezident İlham Əliyevin CNN Türk-ə son müsahibəsində "yolunu azmış Azərbaycan vətəndaşları" adlandırdığı minimum 25 min mülki erməni əhalini geopolitik girov götürmək, Azərbaycanla Ermənistan arasında sərhədi, eləcə də, Azərbaycanın işğaldan azad edilmiş bölgələri ilə hələ də işğalda qalan bölgələri arasındakı hüdudları nəzarət altına ala bilmək, Türkiyəni regiona buraxmamaqla yanaşı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini də faktik inhisara alaraq iflic etmək... bütün bunlar Moskvaya, görünür ki, az gəlib.

Rusiya Azərbaycanın özünün döyüş meydanlarında qazanmış olduğu hərbi qələbələrini Azərbaycanın elə özünə (həm də Ermənistana) mümkün qədər ən baha qiymətə "satmaq" istəyir. Yəni onun istədiyi bizim gözlədiyimizdən də böyükmüş. Və bu istəklər daha "inandırıcı" olsun deyə "İskəndər-M" raketi atmaqdan üzübəri çoxsaylı və çoxvariantlı pressinq tətbiq edir. Azərbaycanın sülh müqaviləsi tələbinə qarşılıq Ermənistan baş naziri Nikol Paşinyanın şərtlər irəli sürməsi əslində Rusiyanın geopolitik istəklərinin reallaşmasına xidmət edən köməkçi gedişlərdir.

Rusiyanın Ermənistan üzərindən cəhd elədiyi yeni geosiyasi şəkilləndirməni Cəbrdəki parabola funksiyası ilə ifadə edə bilərik; direktris nöqtəsində Ermənistanın Rusiyaya loyallığı sorğulanmırdı. Ancaq 2018-ci ildə Paşinyanın "küçə inqilabı" bu münasibətləri direktrisdən üzüaşağı yuvarladı. Və ən aşağı həddə gəlib çatdı. Bu zaman Rusiya Azərbaycanın öz ərazilərini azad etməsinə ZAHİRƏN seyrçi mövqeyi tutmaqla (sanki Ermənistanı ortalarda buraxmaqla) "susqun qaldı". Müharibə günlərində də çoxlarında bu sual vardı: Rusiya nədən qarışmır?!

Moskvanın məqsədi Ermənistan-Rusiya münasibətlərini parabolanın yuxarı - fokus nöqtəsinə qaytarmaq idi; Azərbaycan, həm də Türkiyə bu tarixi momenti düzgün tutmuşdular. Qarabağda uğurlu hərbi əməliyyatlar aparmaq üçün əlverişli beynəlxalq şərait yaranmışdı. ABŞ və Fransa öz qalmaqallı seçkilərinə dalmışdı. Avropa İttifaqı postTramp mərhələsinin gözləntiləri içində vurnuxurdu. Böyük Britaniya Avropa İttifaqından ayrıldıqdan sonra öz aurasındakı çatlaqları yeni taktiki, hətta psevdobirlik modelləri ilə də olsa, qapamağa çalışırdı. İsrail İranın Cənibi Qafqaza təsirini azalda bilən istənilən projeyə pozitiv reaksiya verəcəkdi.

Bu fon Azərbaycana qətiyyətli hərəkət fürsəti və meydanı açmışdı. Daxili hazırlıq səviyyəsi, müttəfiqlərlə işin nəticələri... bunlar da zatən bəlli idi. Belə bir tarixi momentdə hərəkət etməmək bağışlanmaz səhv olardı. Azərbaycan bu səhvi buraxmadı. Bunun da içində Rusiya da bölgədəki təsirini parabolanın fokus nöqtəsinə daşımaq istədi. Parabola eynilə Azərbaycana aiddir; 1993-cü ilin mayına qədər Azərbaycanda rus qoşunlarının varlığı direktiris sayıla bilərsə, 2020-ci ilin noyabrında həmin qoşunların "sülhməramlı" adı altında olsa belə, Azərbaycan qaytarılması hərbi-siyasi fokus deyildimi?! Bu isə, dediyimiz kimi, Cəbr - məcburiyyət olayıdır; yəni işin içinə zor (güc amili) daxil olur. Bütün sonrakı hərbi və “psevdodiplomatik” fokuslar da burdan qaynaqlıdır.

Rusiya Ermənistanla “siyasi flirt”ini istəyirsə həmin o parabola funksiyası üzərinə kökləsin; bunu kimsə sorğulaya da bilməz, önləyə də. Ancaq bu siyasi münasibətlər qrafiki Azərbaycana nəzərən tərs çeviriləndə Azərbaycan-Rusya münasibəti hiperbola əyrisinə gedər. Moskvanın Cəbri burda yetərsiz qala da bilər.

Bəli, Azərbaycan Prezidentinin xatırlatdığımız son müsahibəsindən belə görünür ki, rəsmi Bakı Rusiya-Azərbaycan ikili diplomatiyasında zor dilini "anlamaq" fikrində deyil. Hətta məlum Suflyor öz “ümummilli” kloununun dili ilə: "Başa düşdün?!" kimi ironik - təhdidli sual göndərmiş olsa belə. İlham Əliyev CNN Türk kanalı müxbirinin: "Rusiyadan gözləntiləriniz varmı?" sualına cavabında həm bu suala, həm də o təhdidə cavab vermiş oldu. Yəni təhdidi ifa edənə deyil, onun sahibinə unvanlı cavab mesajı göndərdi.

İlham Əliyev belə dedi: "Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır..."

Bu sitatdan da, görünür ki, Azərbaycan Prezidentinin Rusiyaya son səfəri heç də gözləntiləri doğruldan nəticələr verməyib. “Biz bu məsələni Rusiyanın diqqətinə çatdırmışıq” sözləri dialoqun alınmamasını göstərir. “Narahatıq” dedi. Eyni zamanda Prezidentin Rusiyanı Azərbaycanın qonşusu, Ermənistanın yaxın müttəfiqi adlandırması kiməsə bəlkə məlumun elanı kimi görünsə də, bu konstatasiyanın konkret konteksti var. İlham Əliyev ümid etdiyini bildirir ki, Rusiya “uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın”. Yəni sülh müqaviləsini bloklamasın. Əslində bu sitatdan o da görünür ki, bölgədə qızışa biləcək yeni bir qanlı müharibənin məsuliyyətini daşıyacaq tərəf apriori Rusiya olacaq (Əlbəttə, yenə də Ermənistanı qabağa verə bilər, ancaq bu dəfə daha gizlənə bilməyəcək – kartlar yetərincə açıq oynanıldı).

Bütün bunlara cavab olaraq, İlham Əliyev yeni müharibə təhdidindən də çəkinmədi; revanş götürməyə cəhd edən olsa, “başını əzəcəyik” dedi. Təbii ki, Türkiyənin dəstəyini xüsusi qeyd edərək (buna da artıq məşhur Şuşa Bəyannaməsi leqal imkan verir). Rusiyanın Ermənistan üzərindən bölgədə aktivləşməsi-aqressivləşməsi də Şuşa Bəyannaməsindən sonra daha da gücləndi – bu da faktdır.

Zəruri haşiyə: İndiyədək Ermənistan-Azərbaycan münaqişəsindən söhbət gedirdi. 44 günlük müharibədən və savaş yarıda kəsilərək üçtərəfli saziş imzaladıqdan sonra artıq razılaşmanın icrası bir tərəf kimi Rusiyadan tələb olunur. İndiyədək də çox deyilirdi ki, Azərbaycan müharibədə əsas tərəfin deyil, onun “Troya atı” olan Ermənistanın adını çəkir. Hətta Gürcüstanın, Moldovanın, Ukraynanın məlum münaqişələrdə tərəf kimi Rusiyanı göstərdikləri də arqument kimi gətirilirdi. İndi isə elə vəziyyət yarandı ki, artıq əsl tərəf kölgədən çıxdı, müharibənin nəticələrinə də, sülh perspektivinə də sahiblik iddiasını açıq şəkildə ortaya qoymuş oldu. Azərbaycan da məhz bu kontekstdə yanaşaraq əldə olunmuş razılaşmaların yerinə yetirilməsini də, gələcək razılaşmaları da Rusiyadan tələb edir.

Burda başqa bir nüans da ortaya çıxır; Ermənistan Qərbdə “demokratik seçkilərlə hökumət qurmuş”, eyni zamanda “Azərbaycan qarşısında zəif”, “əzilən” balaca xristian ölkəsi kimi təqdim olunub. Çoxları da buna ya inanıb, ya da inanmaqda maraqlı olub. Özünü inanmış kimi göstərənlər də var. Rusiyaya gəlincə, yanaşma başqadır; avtoritar Putinin idarə etdiyi militarist monstr. Və istənilən ölkə ilə münaqişədə tərəfin (və ya tərəflrədən birinin) Rusiya olması bir yandan çox nəhəng risk amili daşıyır, o biri tərəfdən, eyni dərəcədə bu riskə qarşı immunitet (müttəfiqlər “ordusu”) qazandırır. Və bu risk amili nisbətən kiçik dövlətləri Qərbə tərəf qovur – istəməsələr belə. Avropanın özünü ABŞ-ın yanında möhkəmləndirir. Eyni zamanda Qərb cəmiyyətlərinin özünümüdafiə reflekslərini gəlişdirir, beləliklə də, xarici təhlükə qarşısında daxili konsolidasiyalar böyüyür. Moskva strateqləri hələ də anlamır ki, bu dərəcədə aqressiv ekspansionizmlə Rusiya özü bilmədən, istəmədən ABŞ siyasətinin nəhəng və təsirli alətinə çevrilib.

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »