Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün onun doğum günüdür: "Danışdıq, dedi uşaqlara yaxşı bax, sonra əlaqəmiz dayandı"
Bu gün onun doğum günüdür: "Danışdıq, dedi uşaqlara yaxşı bax, sonra əlaqəmiz dayandı"

Bir il əvvəl Azərbaycanın müzəffər ordusu 30 ildən artıqdır ki, işğal altında olan torpaqlarımız uğrunda qətiyyətli mübarizəyə qalxdı. İkinci Qarabağ müharibəsi başlandı. 44 gün ərzində davam edən müharibədə torpaqlarımız düşmən işğalından azad edildi. Bu döyüşlərdə minlərlə oğul həyatından keçdi. Minlərlə ailə başsız, minlərlə övlad atasız qaldı.

Baş leytenant tibb xidməti rəisi Qasımov Şöhrət Şakir oğlu da bu müharibənin şəhid qəhrəmanlarındandır.

O, 1992-ci il avqustun 16-da Gədəbəy rayonunda anadan olub. 1998-ci ildə Sumqayıt şəhərində 18 saylı orta məktəbin 1-ci sinifinə daxil olan Şöhrət, təhsilini 2004-cü ildə Cəbrayıl rayonu 5 saylı məktəbdə davam etdirir.

Həyat yoldaşı Türkan Qasımzadə Bizimyol.info saytına Şöhrətlə bağlı xatirələrini danışıb.

“Şöhrət hərbi üslubda çəkilmiş filmlərə baxmağı çox sevirdi. Boş zamanlarında tibbi kitablarla yanaşı, dedektiv romanları mütaliəyə etməyi çox sevirdi.

2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirir. Hərbiçi olmaq arzusu idi. Ancaq insanların həyatını xilas etmək də onun arzuları arasında idi. Və Şöhrət, həmin il yüksək balla Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olur. Qrup nümayəndəsi seçilir. Qısa zamanda universitetində də hər kəsin sevimlisinə çevrilir. Şöhrətin qrup nümayəndəsi olduğu qrupu, müəllimləri “Generallar qrupu” adlandırırdı. Savadlı həkim olmağa çalışırdı. Bundan başqa idmanın güləş növünü də çox sevirdi, boş vaxtlarında güləşlə məşğul olurdu”.

2015-ci ildə Universiteti müvəffəqiyyətlə bitirən Şöhrət, Tibb xidməti leytenantı ali rütbəsini alır.

“Həmin ili Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. 3 ay sonra Tərtər rayonunun ön xəttində yerləşən hərbi hissəsində xidmət etməyə başladı. O, tez tez Mübariz İbrahimovun keçib getdiyi postdan onun şəhid olduğu yerlərə baxıb döyüş yoldaşlarına məhz ora bayrağımızı sancmağı arzu etdiyini deyirdi. Aprel döyüşlərində də iştirak edib. Döyüşlərdən sonra “Həmlə taboru”nun yaradılmasında müstəsna rol oynayır və həmin taborun məntəqə rəisi təyin olunur. Taborun keçirdiyi bütün təlimlərdə yaxından iştirak edir, dağ təlimi, səhra təlimi və digər çətin relyeflərdə bütün tapşırıqları yerinə yetirir”.

Hər zaman ön xəttə xidmətə can atan Qasımov, 2017-ci ildə SAT (Su Altı Taaruz) xüsusi təyinatlıların kursuna qatılmaq istəyir, lakin səhhətində yaranmış problemə görə həkim komissiyasından keçə bilmir. Bu hadisə onu daxildən sarsır. Elə həmin ay yenidən Tərtər rayonunun ön xəttə yerləşən "N" saylı hərbi hissəsində yenidən xidmət etməyə başlayır. 2018 ci ildə baş leytenant hərbi rütbəsi alır. Həmin ili “Azərbaycan ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş” yubiley medalı ilə təltif olunub. Qısa zamanda Tibb Xidməti rəisi vəzifəsinə qədər yüksəlir.

Həyat yoldaşı danışır ki, torpaqlarımızın işğal altında olmağı onu çox narahat edirdi.

“Biz 2006-cı ildə - məktəb illərində tanış olmuşduq. Əvvəllər dost idik, sonra münasibət başladı. 2016-cı ildə ailə həyatı qurduq. Bir oğlumuz dünyaya gəldi. 2020-ci ildə isə qızımız İlayda dünyaya gəldi. Qızımın 40-ı çıxan gün Şöhrət şəhid oldu. Onu sonuncu dəfə sentyabrın 26-da gördüm. Ayın 29-na qədər danışdıq. Deyirdi uşaqlara yaxşı bax. Sonra əlaqəmiz dayandı. Şöhrət gözəl insan idi. Hər qadına belə insan nəsib olmur. Şükür olsun ki, onu tanımışam. Sevinirəm ki, onun iki balası qalıb. Muradımızı daha çox istəyirdi. Şöhrətin arzusu idi, şəhid olmaq. Həmişə deyirdi 3 arzum var. Amma demirdi. Oğlumuza şəhid Murad Mirzəyevin adını qoyanda narazılıq etmişdim ki, uşağa şəhid adı niyə qoyaq. O demişdi ki, “bilmək olmaz bəlkə bir gün analar oğullarına Şöhrət adı qoyar”….”

Qeyd edək ki, ilk şəhid həkim tibb xidməti rəisi baş leytenant Qasımov Şöhrət, 29.09.2020 tarixində Suqovuşanda şəhid olub. O, yüzlərlə yaralı əsgər və zabitlərə yardım göstərib. Yaralı-şəhid fərqi olmadan neçə-neçə insanları döyüş meydanından çıxarırdı. Həmin günü 3 dəfə xüsusi tapşırıq yerinə yetirir, sonucu dəfə yaralı təxliyə etməyə gedərkən, erməni tankı ilə qarşılaşır. Qəhrəmancasına döyüşərək şəhid olur. Həmin vaxt zirehli maşında olan 4 nəfəri xilas edir. Maşının üstündə olmağına baxmayaraq qaçmır, əksinə üzərində olan xidməti silahla sona qədər vuruşur. Düşmənin 2 nəfər canlı qüvvəsini məhv edərək, şəhidlik zirvəsinə ucalır. DNT analizi ile müəyyən olunaraq 09.10.2020 tarixində Sumqayıt şəhidlər xiyabanında dəfn olunur.

Ölümündən sonra Ali Baş komandanın sərəncamı ilə Azərbaycan Respublikasının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda medalı” və Suqovuşanın azad olması medalı ilə təltif olunub.

Ailəli idi vətənə əmanət 2 övladı var.

Avqustun 16-sı, yəni bu gün Şəhid qəhrəmanın doğum günüdür. Şəhidimizə Allahdan rəhmət diləyirik...

İlahin, Bizimyol.info

Paylaş »
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
Son xəbərlər
Bütün xəbərlər »