Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidin son mesajı: “Oğluma, qızıma de ki, ataları ilə fəxr edə bilərlər” - Fotolar
Şəhidin son mesajı: “Oğluma, qızıma de ki, ataları ilə fəxr edə bilərlər” - Fotolar

2016-cı il aprel döyüşləri Azərbaycan xalqının qan yaddaşına yazılıb. Həmin döyüşlərdə yüzlərlə evə od düşmüşdü. İllər keçsə də, vətən uğrunda canından, qanından keçmiş qəhrəmanlar unudulmur.

Aprel döyüşlərinin şəhidlərindən biri də Rasim Məmmədovdur. Rasim Məmmədov, 1977-ci il may ayının 20-də Babək rayonun Cəhri kəndində dünyaya gəlib. 1994-cü ildə orta məktəbi bitirən Rasim, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olur. 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirdikdən sonra leytenant Rasim Məmmədov, Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini "N" saylı hərbi hissədə davam etdirir.

Aprel şəhidi Rasim Məmmədov

“Rasim əsgərlərini övladları qədər çox istəyirdi, onların qayğısına qalırdı. Bayramlarda bayrampayılarını aparardı. Qışda soğan alardı ki, “əsgərlərim yesin xəstələnməsin”. O əsgərlərinə qarşı başqa idi”...

Həyat yoldaşı Samirə Məmmədova Rasim Məmmədovla bağlı xatirələrini Bizimyol.info ilə paylaşıb:

“1999-cu ildə ailə həyatı qurmuşduq. Çox mehriban, qayğıkeş həyat yoldaşı idi. Asim adlı oğlumuz və Aysun adlı qızımız var. Rasim hər zaman narahatlıq hiss edəndə deyirdi ki, bir çemodan paltar yığ qoy qapının ağzına, lazım olsa sizə deyəcəyəm çıxarsınız. Aprel döyüşlərində isə belə olmadı. Rasim mənə heç nə demədi. Aprelin 1-i idi. Qonşulardan biri dedi ki, cəbhədə vəziyyət yaxşı deyil. Mən düşündüm ki, ola bilməz ki, belə bir vəziyyət olsun və Rasim mənə deməsin. Biz Füzulidə - Horadizdə yaşayırdıq. Bu söhbətdən sonra mən Rasimə zəng edib vəziyyəti soruşdum. Mənə dedi ki, “qorxma aprelin biridir, səni aldadırlar. Bu gün aldatma günüdür. Heç nədən qorxma, bizim güclü dərmanlarımız var ki, onların əlindən hər şeyi ala bilərik” dedi. Biz çox zaman şifrəli danışırdıq”.

Aprelin 1-dən 2-nə keçən gecə hər ksə ailəsini Füzulidən çıxarsa da, Rasimin ailəsi və bir neçə ailə orada qalır. Həmin gecəni zirzəmidə keçirən Samirə səhər Rasimlə əlaqə saxlayanda, Rasim vəziyyətin yaxşı olduğunu təkrar deyir.

Aprel şəhidi Rasim Məmmədov Aprel Şəhidi Rasim Məmmədov

“Aprelin 2-si biz məcbur qalıb, oradan çıxdıq. Oradan Bakıya gələnə qədər yollarda olan hərbi maşınlar, təcili yardım avtomobillərini gördükcə dua edirdim ki, “Allahım bizə bu təcili yardımdan qismət eləmə”. Gəlib Bakıya çatdıq. Hərdən bir kəlmə yazırdı ki, “hər şey yaxşıdır narahat olma”. Ayın 3-ü axşama qədər elə danışdıq. Axşam zəng elədi. Lələtəpəni almışdılar. Saat 23.30 olardı. Öncə deyim ki, Rasimin atası Qarabağ döyüşçüsü idi. O, 1992-ci il döyüşlərində xəsarət almışdı. Beldən aşağısı işləmirdi. Atasının döyüş vaxtı əynində olan forma bizdə idi. Rasim zəng edib dedi ki, “hər şey əladır”. Elə gülürdü ki, mən ömrüm boyu onu elə şən görməmişdim. Dedi “atamın formasını hazırla gəlib geyinəcəyəm”. Mən oradakı vəziyyəti soruşdum. Dedim “əgər vəziyyət yaxşıdırsa, qayıdıb gələk”. Dedi “yox, sizi özüm gəlib aparacağam”. Həmin gün hamı ilə danışdı və sonda mənə dedi ki, “mən səni yığmayana qədər sən məni yığma”. Gecə ikinin yarısı idi, gördüm içimdə narahatlıq var. Yığdım, açdı dedi ki, “hər şey yaxşıdır, narahat olma””- deyə Samirə danışır.

Səhər 08.10-da Samirənin telefonuna Rasimdən mesaj gəlir:

“Oğluma, qızıma de ki, ataları ilə fəxr edə bilərlər”...

Bu mesaj Rasimin son mesajı olur. O şəhid olur. Həmin gündən sonra Samirənin, Aysunun və Asimin də həyatı dəyişir, atasız bir dövr başlayır.

Aprel şəhidi Rasim Məmmədovun övladları

2016-cı il aprel döyüşlərində şəhid olan R.Məmmədov aprelin 5-i doğulduğu kənddə dəfn edilir. Mayor Rasim Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən Uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edilib.

Rasimin ölümündən bir neçə gün sonra aprelin 27-də atası da dünyasını dəyişir. Xatrladaq ki, Rasim Məmmədov, Sərdar Cəlaloğlunun qardaşı oğludur.

İlahin, Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »