Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İncəsənət muzeyinin, mədəniyyət evlərinin təmiri zamanı milyonlar necə mənimsənilib?
İncəsənət muzeyinin, mədəniyyət evlərinin təmiri zamanı milyonlar necə mənimsənilib?

5 milyon manatdan artıq yeyintidə ittiham olunan Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov avqustun 13-də məhkəmədə ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib.

Bizimyol.info xəbər verir ki, Zakir Sultanov ifadə verməmişdən əvvəl prokuror onun haqqındakı ittiham aktını elan edib. Sabiq xidmət rəisi ittiham üzrə özünü qismən təqsirli bildiyini deyəndə hakim yadına salıb ki, o, istintaqda özünü tam təqsirli bilmişdi.

Zakir Sultanov bildirib ki, yox, istintaqda da qismən təqsirli bilib, ola bilsin, dediyi fikir yanlış anlaşılıb.

Daha sonra o, ifadə verib. Masallı Rayon Mədəniyyət Evinin təmiri üçün 2.4 milyon manat ayrılması və həmin məbləğin 300 min manatını nağdlaşdırıb özünə götürməsi haqda ittihamdan danışan sabiq xidmət rəisi deyir ki, bu məbləğin hamısını özünə götürməyib. Onun sözlərinə görə, 300 min manatın müəyyən hissəsi ona çatıb. Əsas məbləğ isə tikintidə üzdə görünməyən xərclərə sərf edilib.

“Görünməyən xərclər” dedikdə isə o, abadlıq işləri, parkların salınması və s. məsələləri nəzərdə tutduğunu bildirib.

Lənkəranda tarixi abidənin bərpası üçün ayrılan 1.4 milyon manatın 200 min manatının mənimsənildiyi iddia olunur. Həm Masallı, həm də Lənkərandakı işlərlə bağlı vəsait Mətləb Məmmədova məxsus “Elmi-Bərpa İstehsalat” MMC-nin hesabına köçürülüb.

Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsində yerləşən musiqi məktəbinin, Müslüm Maqomayev adına musiqi məktəbinin, Maştağa qəsəbəsindəki mədəniyyət mərkəzinin təmiri üçün ayrılan vəsaitlərin bir qisminin mənimsənilməsi də ittiham aktında qeyd olunub.

Maştağadakı layihə başa çatmadığı halda, işlər tam görülmüş kimi aktlaşdırılıb.

Bunu isə təqsirləndirilən şəxs belə izah edib: “İl qurtarana yaxın Maliyyə Nazirliyi xəbərdarlıq elədi ki, ayrılan vəsaitlərin hesabatı verilsin. Bu işin görülməsi göstərilməsəydi, növbəti ildə Maliyyə Nazirliyi pul ayırmayacaqdı”.

Məlum olub ki, Milli İncəsənət Muzeyinin təmiri üçün ayrılan vəsaitdən də mənimsənilib. Təqsirləndirilən sabiq xidmət rəisi bildirib ki, baş podratçı və subpodatçı şirkət arasında müqavilə olub. Subpodatçı İtaliya şirkəti idi. İki ilə nəzərdə tutulan layihə dörd ilə qədər uzanıb: “Səbəb isə devalvasiya idi. Həmin layihənin başa çatması vacib idi. İtalyan şirkətinə özüm nağd şəkildə 300 min vermişəm. Ümumi olaraq 1 milyon manat əlavə pul xərcləmişəm. Bunu sübut etmək üçün şahidlərim də var”.

İttihamda 950 manat internet pulunun mənimsənilməsi epizodu da əksini tapıb. Bu məsələdən danışarkən Zakir Sultanov belə deyib: “Bu çox gülməlidir. İstintaqda müstəntiqə də dedim ki, bu boyda rəqəmlərin yanına bu 950 manatı niyə yazırsan?”

Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovla birlikdə saxlanıb. Bu ilin mayında sabiq nazir müavininin işi məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrıca icraata götürülmüşdü. Onların hər ikisinin işinə hazırda ayrı-ayrılıqda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Zakir Sultanov CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham olunur.

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »