Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Jirinovski-Vahabzadə qalmaqalı Azərbaycan-Rusiya münasibətlərinə təsir etməməlidir”
“Jirinovski-Vahabzadə qalmaqalı Azərbaycan-Rusiya münasibətlərinə təsir etməməlidir”

Tofiq Zülfüqarov: “Hələ Azərbaycanın Rusiyadakı səfirliyinin bir açıqlamasına rast gəlməmişəm”

Son günlər istər mətbuatın, istərsə də sosial şəbəkələrin gündəmində Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovskinin Azərbaycana qarşı yönələn çıxışları müzakirə olunur.

Həmçinin, Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadənin ona sərt cavabı, daha çox isə bu cavab videosunda Rusiya xalqını təhqir etməsi qalmaqala səbəb olub. İş o yerə çatıb ki, Rusiya Daxili İşlər nazirliyi sabiq səfiri 50 il müddətinə “qara siyahı”ya salıb – onun Rusiya Federasiyasına girişinə qadağa qoyub.

Sosial şəbəkələrdə bəzi məlumatlarda yayılıb ki, İsfəndiyar Vahabzadənin çıxışından sonra Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı aqressiv davranmağa başlayıb və Rusiya şəhərlərində yerli-yersiz saxlanılan azərbaycanlılar polis bölmələrinə aparılır, sənədləri yoxlanılır və kobud rəftara məruz qalırlar.

Hazırkı vəziyyəti dəyərləndirərkən, heç də xoşagələn təəssürat yaranmır. Aydındır ki, nəsə etmək lazımdır. Rusiya-Azərbaycan münasibətlərini normallaşdırmaq, yaxud da pisləşməsinə imkan verməmək üçün hansısa konkret addımlar atılmalıdır. Kim atacaq bu addımları? Azərbaycan XİN? Ya Azərbaycanın Rusiyadakı Səfirliyi? Bəlkə, dövlətin başqa rəsmiləri də dövrəyə girməli, gərginliyi azaltmağa çalışmalıdır?

Bu və digər məqamlarla bağlı Bizimyol.info saytına danışan təcrübəli diplomat, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Vladimir Jirinovski, habelə Azərbaycan əleyhinə çıxışlar edən Semyon Baqdasarov uzun müddət xüsusi orqanlarda çalışıblar.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Bu cür adamlar təbliğat və təxribat texnologiyalarına da yaxşı bələd olurlar. Onlar yaxşı bilir ki, harda propaqanda, harda isə provokasiya aparmaq olar. Jirinovskinin Azərbaycan əleyhinə olan çıxışları provokasiya idi. Onla müxtəlif səviyyələrdə cavab verildi. Azərbaycanın siyasi elitası Jirinovksiyə yetərincə cavab vermişdi. Elə mən özüm də, istər yerli, istərsə də xarici mətbuata açıqlamalarımda Jirinovskini “siyasi mütrif” adlandırdım”, - deyə T.Zülfüqarov vurğuladı.

Onun sözlərinə görə, Jirinovskini “danışdıran” qüvvələr çoxdandır Rusiya cəmiyyətini Azərbaycana qarşı çevirmək üçün bəhanə axtarırdı.

“Onlar bizim bir səhv etməyimizi gözləyirdilər... Təəssüf ki, bu səhv Vahabzadə tərəfindən gəldi. Ona baş qoşmamalı, təxribata getməməli idi. Rusiyadakı bəzi qüvvələr üçün Vahabzadənin rusları təhqir etməsi göydəndüşmə bəhanə oldu”, - deyə diplomat qeyd etdi.

Sabiq nazirin fikrincə, Azərbaycanın müxtəlif siyasi dairələri, o cümlədən diplomatik korpusda çalışanlar əllərindən gələni etməlidir ki, bu qalmaqal Azərbaycan-Rusiya münasibətlərinə təsir etməsin.

“Aydın məsələdir ki, Azərbaycan cəmiyyəti İsfəndiyar Vahabzadənin mövqeyini bölüşmür. Lakin bundan əvvəl Jirinovski də Azərbaycan xalqını təhqir etmişdi. Bizim siyasi elita vəziyyəti nəzarətə almalı, təhqir ritorikasının hər iki tərəf üçün zərərli olduğunu göstərməlidir. Həmçinin, Rusiya dünyada supergüclərdən biridir və orda 3 milyona yaxın soydaşımız yaşayır. Rusiya cəmiyyətində azərbaycanlılara və Azərbaycana qarşı mənfi münasibətin yaranmasına imkan verməməliyik”, - deyə T.Zülfüqarov əlavə edib.

Diplomatik korpusdan söz açarkən, Azərbaycanın Rusiyadakı Səfirliyinin bu istiqamətdə fəal olub olmadığı barədə sualımızı sabiq nazir belə şərh etdi: “Mən hələ Rusiyadakı səfirliyimizin bu məsələ ilə bağlı bir açıqlamasına rast gəlmədim. Hər halda, diplomatik fəaliyyətin görünən və görünməyən tərəfləri var. Səfir Prezidentin sərəncamı ilə təyin olunur. Ordakı səfirlikdə müxtəlif qurumların nümayəndələri çalışır və həmin dövlət qurumlarında da yaxşı bilirlər ki, kim hansı işlə məşğuldur”.

Tofiq Zülfüqarov əlavə etdi ki, Azərbaycan-Rusiya münasibətlərinin korlanmaması üçün Azərbaycandakı Rus İcmasının üzvləri, rus əsilli ziyalıların da hazırkı vəziyyətdə fəallıq göstərməsi vacibdir: “Onlar Azərbaycanda ruslara göstərilən əsl münasibət barədə Rusiya cəmiyyətinə daha dəqiq məlumat verə bilərlər. Azərbaycanda bütün etnik azlıqlara tolerant münasibət var və rus əsilli vətəndaşlarımıza qarşı heç bir ayrı-seçkilik olmadığını da Rusiya cəmiyyətinə çatdırmaq lazımdır. Bir-iki populist insana görə, Azərbaycan cəmiyyəti haqqında mənfi təəssüratın yaranmasına yol verməməliyik”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »