Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xüsusi təyinatlı Şeyx Marko: "Bir qız balam var, dedi, sən necə əsgərsən ki, torpağımızı işğal ediblər?"
Xüsusi təyinatlı Şeyx Marko: "Bir qız balam var, dedi, sən necə əsgərsən ki, torpağımızı işğal ediblər?"

Bu günkü müsahibimi tanımaq hamınızı məmnun edəcək məncə. O bir  Azərbaycan igidi, dastanlar yazmış Qarabağ qazisidir. Xüsusi təyinatlı,mayor Mahir Hüseynov.

Bir insanın nə qədər istedadı ola bilər? Peşəkar döyüşçü, məsuliyyətli komandir, 5 dil bilən poliqlot, peşəkar idmançı, yazıçı, həvəskar fotoqraf, ən əsası da böyük ürək sahibi, qayğıkeş oğul, qardaş, ata, ər. Bütün bunlar Mahir Hüseynovun şəxsiyyətində cəmlənib. Komandanlıq etdiyi taborla Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut uğrundakı ən qızğın döyüşlərdə iştirak edib.Bir zamanlar əfsanəvi Mixaylomuz var idi, indi də canavarımız, Şeyx Markomuz var.Bizimyol.info bu maraqlı insanla söhbəti təqdim edir:

Mahir Hüseynov - Şeyx Marko

- Sizi bir az tanımaq istərdik.

- 1985-ci ildə Gəncədə anadan olmuşam. Bakı şəhərində 3 saylı humanitar gimnaziyada təhsil almışam. Mənə qədər ailəmizdə hərbiçi olmayıb. Qarabağ müharibəsində ailəmizdən döyüşlərdə könüllü iştirakçılar olub. Elə hərbiyə də məni gətirən səbəb bu oldu-Uşaqlıq dövrümün müharibəyə düşməsi. İdmanı sevirdim, məşğul olurdum. 2000-ci ildə hərbi liseyə qəbuul oldum. Orda ilk komandirim, sonralar Laçın döyüşlərində həlak olmuş Qərib Baxşəliyev bizə vətəni sevməyi qardaşlığı öyrətdi, kişi olmağı öyrətdi. Hər dəfə öyrətdiyi bir söz vardı . Döyüşdə əsir düşmək olmaz, şəhid olun, əsir olmayın. Qismət elə gəldi ki, düşmən onu mühasirəyə alanda əsir düşməmək üçün özü – özünü vurdu. Liseydən sonra 2003-cü ildə Ali Hərbi Məktəbə daxil oldum və məni başqa bir kursantla İtaliyaya göndərdilər.Məni quru qoşunlarının xüsusi təyinatlılar dəstəsinə verdilər. 2004-2006-cı illərdə İtaliyada Modena ali hərbi məktəbində təhsil aldım. Orda Albaniyadan, Seneqaldan, İraqdan, Əfqanıstandan və Ermənistandan kursantlar var idi. Onlarla bir-birimizə yaxınlaşmırdıq. Sonra təhsilimi Turində ixtisasartırma kurlarında davam etdirdim.Pakistanın Milli Müdafiə Universitetində müharibə elmləri üzrə təhsil aldım.Cüdo, alpinizm, Yunan – Roma güləşi, Taekvando, qarışıq döyüş növləri üzrə dərəcələr aldım. Cüdo və Yunan- Roma güləşi üzarə İtaliya çempionu oldum , beynəlxalq yarışlarda iştirak etdim. Ordan 2009-cu ildən Azərbaycana qayıtdım.Silahlı Qüvvələrimizin leytenantı kimi fəaliyyətə başalyıb.2020-ci ildə Pakistanın Kvetta şəhərində komanda qərargah kollecini bitirdim və tabor komandirinin müavini kimi orduda işə başladım.

- Müharibə günlərini necə xatırlayırsız?

- Müharibə başlayandan 3-4 gün sonra döyüşə girdik. Komandirlik etdiyim tabor ən qızğın döyüşlərdə iştirak edib. Döyüşlərə cana can, qana qan deyərək qatıldıq. Qusardan çıxanda belimdə gəzdirdiyim bayrağımı Şuşaya taxmağa söz vermişdim. Allaha şükürlər olsun, sözümü tutmağa imkan verdi mənə.

Əsgərlərimizdə elə bir döyüş ruhu var idi ki onların üzünə baxmağa utanırdım. Hər məni görəndə”Komandir nə oldu e bu, hamı döyüşür, biz durub baxırıq deyirdilər.Füzulinin Horadiz kəndində döyşlərə başladıq. Ağır döyüşlər oldu. Döyüşlərdə tağım komandiri təyin olundum.Şuşa , Xocavənd şosesinə qədər gedib çatdıq. Şuşaya gedən şoseni nəzarətə aldıq.

- Döyüşlərdə ailənizdən başqa iştirakçı var idi?

- Özümdən 5 yaş kiçik qardaşım Tahir həmişə həvəsləndi ki, mən də xüsusi təyinatlı olmaq istəyirəm. Peşəkar idmanla məşğul idi. Düzü ürəklə razılıq verməmişdim.Təlimatçılara demişdim ki, onu bərk sıxsınlar, qayıtsın geri. Amma iradəsi möhkəm oldu. Dostlar mənə dedilər ki, Mahir bu oğlan bu iş üçün yaranıb, dözür və qayıtmaq niyyəti yoxdur.Aprel döyüşlərində iştirak etdi və Qarabağ savaşında qazi oldu.Döyüşə girəndə zəng etdi, ordan burdan danışdı. Amma bilirdim ki, əslində vidalaşmaq üçün zəng edib. Sonradan Cəbrayıl istiqamətində görüşdük. O döyüşdən çıxırdı, mən gedirdim. Çox sevindim ki o döyüşdən çıxıb, o da mənim döyüşə girəcəyimə narahat idi. Hadrut döyüşlərindən sonra eşitdim yaralanıb.Zoğalbulaqdaydım onda. Dedilər yüngül yara alıb. Amma gələndən sonra bildim ki, başından və əlindən yara alıbmış.

Horadiz düşmənin birinci müdafiə xətti idi. Çox ağır döyüşlər getdi.Yaxşı istehkamlar qurmuşdular. Nə qədər güclü müdafiə qursalar da, biz onları yardıq.Hadrut müharibənin dönüş nöqtəsi oldu.Bu yandan düşmən I, II müdafiə xəttində müqavimət göstərirdi, bu yandan bir də ayıldılar ki, Hadrut əldən gedib.Bundan sonra onlar kütləvi fərariliyə başladılar.Düşünürdülər ki, Hadrutda müharibə dayanacaq, beynəlxalq qurumlar, müəyyən amillər qarışar, müharibə dayanar. Hadrutsan sonra yüksəkliklər uğrunda döyüş başladı. Bir yüksəkliyi alan klimi bir neçə kəndi nəzarətə götürürdük.Qırmızıbazar istiqamətində yaralandım.Tuğ kəndi önəmli mövqe idi, onun azad edilməsi bizim tabora həvalə olundu. Tuğa nəzarət etmədən texnikadan istifadə imkansız idi.

- Bir komandir olaraq əsgərlərinizə əsas tapşırıqğınız nə idi? Məlum məsələdir ki, hamısı ölümə getdiyini bilirdi.

- Biz ac susuz qala bilərdik, amma silahsız və gülləsiz qala bilmərik. Bu mənim əsgərlərimə əsas sözüm idi.Heç bir şəkildə silah yerə atılmamalıydı.Bizim əsgər bilirdi nə üçün döyüşür. Ona görə ölümə dik gedirdi. Düşmən öz yaralılarını, meyitlərini silahlarını qoyub qaçırdılar. Hər gün şükr edirəm ki, qələbə çaldıq. İtkilərimiz oldusa da, torpaqları aldıq.Şəhidlərimizin qanını yerdə qoymadıq. Bəlkə də əsgərin yadında komandir laqeyd insan kimi qalır. Əsgər şəhid olub, o isə başqa komandalar verir.Komandir olmaq asan iş deyil. O həm döyüşü idarə etməlidir, həm də hər bir əsgərin psixoloji durumunu idarə etməli, ruhdan düşməyə qoymamaqdır. Döyüşə girməzdən öncə, faislələrdə danışırdım, gülürdük. Çünki belə lazım idi.Onlar deyirdilər ki, komandir bu qədər şəhidimiz var, sən yenə bizi güldürməyə çalışıran. Amma bilmirdilər ki, hər bir şəhidimiz ürəyimə dəyən bir gülləydi.Təkliyə çəkilib hər əsgərim üçün bağırmaq istədiyim anlar olub. Göz yaşımı silib əsgərlərin içinə şax qaydırıdım. Onların ən böyük silahı qürurları idi.Ölümdən yox, tapşırıqğı yerinə yetirməməkdən qorxurdum.

- Döyüşdə sizi kövrəldən başqa hansısa məqam olub?

- Bizə çoxlu məktublar gəlirdi . Balaca uşaqların yazdıqları məktubları oxuyanda kövrəldiyim olub.

- Qələbə xəbərini harda eşitdiz?

- Qələbə xəbərini hospitalda aldım. Tibb bacıları gəlib dedilər, gecə, həyəcanla. Ayağa dura bilmirdim, amma sevincimdən yatağımda da dayana bilmirdim. Bir qız balam var. Bütün döyüşlərdə onu düşünərək irəli getmişəm. Döyüşə getməzdən çox öncə mənə dediyi bir sözü heç unutmuram. Bir gün dərsdən gələndə mənə dedi: “Tahir əmim də əsgərdi, sən də. Bəs sən necə əsgərsən ki, torpağımızı işğal ediblər?” Bu sual mənə çox pis təsir etdi. Onda 7 yaşı var idi. Elə arzu edirdim ki, qızımın bu sualına cavab verim, nəvələrimdən də bunu eşitməyim.Yaralananda qospitala yanıma buraxdılar. Qızımı qospitalda qarşılayanda ayağa dura bilməsəm də güc tapıb ayaq üstə dayandım ki, o məni yataqda görməsin.“Yox yaxşısan, ayaq üstəsən dedi” .Mənə təsəlli verirdi. Qızlarımız, ana – bacılarımız bu döyüşlərdə bizə mənəvi dayaq durdular. Bir ay içində anam nələr keçirdi mən bilirəm. Döyüşə 2 oğul göndərib, 2 qazi qarşıladı.

Mahir Hüseynov - Şeyx Marko

- Dediniz ədəbiyyata həvəsiniz var. Döyüş günləri barədə nələrsə yazacaqsızmı?

- Kitab üzərində işləyirəm. Müharibə ilə bağlı. Yəqin ki, tezliklə hazır olar. Bir az maliyyə məsələsi var.Xarici dillərdə də əsərlər yazıram. Xarici auditoriya üçün nəzərdə tutulub.

- Öz adınızla yazacaqsınız, yoxsa təxəllüslə?

- Yəqin təxəllüs olacaq, çox üzdə olmağı sevmirəm.Amma hələlik təxəllüs tapmamışam.

- Mən sizi öncə Şeyx Marko adı ilə tanıdım.Bu hardan yaranıb?

- İtaliyada oxuyanda kursantlar mənə Marko deyirdilər.Sonra da Şeyx Marko olduq

- Dini baxışlarınıza görə?

- Deistəm əslində.

- Döyüşlərdə olub, hər gün ölümlə üzləşən insanların Allaha daha çox sarıldığını düşünürdüm.

- Ölümə qismət deyirəm. Əvvəl axır hamımız ora gedəsiyik. Allah ömür kimi, ölümün də şərəflisini qismət eləsin.

İlhamə Rəsulova

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
Son xəbərlər
Bütün xəbərlər »