Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvandan Bakıya göndərilən sülh mesajının arxasında nə dayanır...
İrəvandan Bakıya göndərilən sülh mesajının arxasında nə dayanır...

“Paşinyanın Ermənistan hökumətinin təcili iclasında Azərbaycanla sülhə hazır olduqlarını bəyan etməsini  onun növbəti oyunu kimi də dəyərləndirmək olar”.

Bu fikirləri bizimyol.info-ya siyasi şərhçi Bəybala Mirzəyev səsləndirib.

Bəybala Mirzəyev Bəybala Mirzəyev

Onun sözlərinə görə, Nikol Paşinyanın İlham Əliyevlə görüşməyə və Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğunu açıqlamasına ilk baxışdan proseslərin nəhayət ki, “ölü nöqtə”dən tərpənməsi, buzların əriməyə başlaması kimi baxa bilərik.

“Çünki Ermənistan tərəfi faktiki olaraq cari ilin aprel-may aylarından etibarən həm sərhədlərin demarkasiyası prosesini birtərəfli qaydada dayandırmışdı, həm də Qarabağda və sərhədlərdə tez-tez silahlı insidentlər, təxribatlar törətməklə məşğul idi. Bütün bunlar isə sülh prosesinin tormozlanmasına, nəqliyyat-kommunikasiya xətlərinin (xüsusən də Zəngəzur dəhlizinin) açılmasının əngəllənməsinə və Qarabağdakı əhali üçün “status” qoparılmasına xidmət edirdi. Üstəgəl son vaxtlar Ermənistanın hərbi qüvvələrinin Qarabağda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşdirilməsinə başlanılmışdı. Bu da Ermənistan-Azərbaycan münasibətlərinin son günlər daha da gərginləşməsinə gətirib çıxarmışdı. Sülhün bərqərar olacağına bəslənilən bütün ümidlər tamamilə puç olmaqdaydı. Artıq hər kəs ya antiterror əməliyyatının, ya da ki Üçüncü Qarabağ müharibəsinin başlayacağı barədə fikirlər səsləndirirdi.

Belə bir kritik məqamda Paşinyanın durub birdən-birə “Azərbaycanla sülh danışıqlarını bərpa etməyə hazırıq” deməsi, əlbəttə, hamımızın müsbət ovqatla qarşılaya biləcəyimiz bir xəbər oldu. Sözsüz ki, Paşinyanın bu bəyanatı  Azərbaycan Müdafiə Nazirliyinin (MN) həm Ermənistana, həm də Rusiya  sülhməramlılarına verdiyi xəbərdarlıq  bəyanatı ilə birbaşa əlaqəlidir. Bu, şəksizdir və bunu istisna etmək və ya danmaq olmaz. MN-in məlum bəyanatının Paşinyanın “sülhpərvər” ritorikasına kifayət qədər güclü təsiri olub. Bu mənada bizim politoloqlar Paşinyanın sülh açıqlamalarını rəsmi Bakının təzyiqi altında verməyə məcbur olduğunu qeyd etməkdə haqlıdırlar. Paşinyan rəsmi Bakının həm Ermənistana, həm də Rusiya sülhməramlılarına bu qədər açıq mətnlə xəbərdarlıq edəcəyini bəlkə də heç gözləmirdi. Ancaq görünən budur ki, sözügedən bəyanat Ermənistanın baş nazirini ciddən narahat etdi və o dərhal hökumətin təcili iclasını çağırmağa qərar verdi. Qeyd edək ki, öncədən belə bir iclas nəzərdə tutulmurdu. Yəni ki, məhz Azərbaycan MN-nin sözügedən bəyanatı Ermənistanın hökumət kabinəsini təcili toplaşmağa məcbur etdi və Paşinyan vəziyyətin ciddiliyini dərk edərək sülh açıqlamaları verdi. MN-in bəyanatı öz sözünü dedi, öz təsir gücünü göstərdi.

Ancaq onu da nəzərə almalıyıq ki, biz Paşinyanın hər dəfə ya Bakı, ya da Moskva tərəfindən təzyiqlərə məruz qaldıqda bu cür açıqlamalar verməklə vəziyyəti yumşaltmağa və situasiyanı öz xeyrinə dəyişməyə cəhd göstərməsinə artıq vərdiş etmişik. Paşinyan artıq birinci dəfə deyil ki, vəziyyətdən çıxmaq və vaxt udmaq üçün bu cür sülhpərvər siyasətçi obrazına girir, manevrlər edir, sülh tərəfdarı olduğunu imitasiya edir. Bu baxımdan, əlbəttə, Paşinyanın Ermənistan hökumətinin təcili iclasında Azərbaycanla sülhə hazır olduqlarını bəyan etməsini  onun növbəti oyunu kimi də dəyərləndirmək olar. Elə siyasi müşahidəçilər arasında da bunu Paşinyanın növbəti oyunu, “blef”i kimi dəyərləndirənlər heç də az deyil. Yəni əsl həqiqətdə Paşinyan sülhə nə razıdır, nə də hazır. O, nə sərhədlərin demarkasiyası prosesinin başa çatdırılmasına, nə Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə, nə də sülh sazişini imzalamağa istər psixoloji, istərsə də siyasi cəhətdən hazır deyil. Onun Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduqlarını bildirməsi sadəcə, əlavə vaxt udmağa hesablanıb.

Paşinyan həddindən artıq hiyləgər sima olduğuna görə, ona elə gəlir ki, Azərbaycan əvvəllər 30 il səmərəsiz danışıqlar aparmağa məcbur olduğu kimi indi də cürbəcür manevrlərlə və yaxud sülh danışıqlarını imitasiya etməklə yenə də Azərbaycanın başını qatmaq olar. Bu mənada, bəli, Paşinyanın bu son açıqlaması birmənalı şəkildə oyundur, hiylədir. Bunun oyun olduğunu elə onun öz açıqlamasındakı şifrəli və ya açıq məqamlardan da görmək mümkündür. Məsələn, Paşinyan bildirib ki, Ermənistan ATƏT-in Minsk qrupundan sülh danışıqları ilə bağlı konkret təkliflər gözləyir... Gülməli və həm də düşündürücü deyilmi? Xeyir ola, məhz Minsk Qrupundan təkliflər gözləyirsən? Minsk Qrupunun bu prosesə nə aidiyyatı var? Əslində bu Minsk Qrupunu yenidən reanimasiya etmək cəhdidir və Paşinyan Minsk Qrupunu prosesə cəlb etməklə həm keçmiş Qarabağ münaqişəsinin bitmədiyi  görüntüsünü yaratmağa çalışır, həm də “xortlamış” həmsədrlərin vasitəsilə Qarabağdakı separatçılar üçün Bakıdan hansısa formada “status” qoparmağa ümid bəsləyir. Paşinyan bu son bəyanatında səmimi olsaydı və gerçəkdən də əsl sülh tərəfdarı olduğunu ortaya qoysaydı, o zaman nə Minsk Qrupundan təkliflər gözlədiyini bəyan etməz, nə də onun zorən sülhsevər qiyafəsində çıxış etməyinə ehtiyac qalmazdı. Çünki sülh danışıqlarının dərhal və qeydsiz-şərtsiz başlanması üçün zatən bütün təkliflər ortadadır. Paşinyan sülh danışıqlarına başlamaq üçün hansısa əlavə təkliflər gözləməməlidir və loru dillə desək, burcutmamalıdır. Lakin onun sülh bəyanatındakı sətiraltı mesajlar onu göstərir ki, əslində Ermənistan baş nazirinin gerçək məqsədi sülhə nail olmaq yox, sülh prosesini növbəti dəfə “dalan”a dirəməkdir. Odur ki, biz Paşinyanın saxta sülhsevərlik jestlərinə əsla inanmamalıyıq. Biz Paşinyanı sadəcə, real sülhə məcbur etməliyik. Və buna da bilavasitə Rusiyanın əli ilə nail olmalıyıq. Çünki Rusiya məhz bünün üçün üzərinə öhdəlik götürüb, 10 noyabr razılaşmasının bütün şərtlərinin yerinə yetirilməsi üçün vasitəçilik məsuliyyətini daşıyır.

Onsuz da biz istəsək də belə, hazırda böyük güclər Ermənistana bizimlə ikili formatda, vasitəçilərsiz danışıqlar aparmağa və öz aramızda razılığa gəlib sülh müqaviləsi imzalamağa imkan verməyəcəklər. Odur ki, biz realist olmalıyıq və hazırkı situasiyada Rusiyanı “oyundankənar” vəziyyətə salmağa yox, əksinə, onu dərhal hərəkətə keçməyə və Ermənistana təzyiq göstərməyə məcbur etməliyik. Çünki bölgədə problemləri Rusiya yaradıb, problemlərin həllinin “açar”ı da ilk növbədə Rusiyanın əlindədir. Bu baxımdan, hazırda Rusiyanı birdən-birə vasitəçilikdən uzaqlaşdırmağa çalışmaq əlavə problemlər yarada bilər. Bizə isə hazırda əlavə problemlər lazım deyil. Biz Ermənistanın bütün oyunlarını pozmalı, Paşinyanın Rusiyanın maraqlarına “oynamaq” cəhdlərinin qarşısını almalı və Ermənistanı Rusiyanın öz əli ilə “vurmalıyıq”. Bir sözlə, çevik siyasət yürütməli, diplomatiyanın bütün gücündən yararlanmalıyıq. MN-nin güc ritorikası da lazımi məqamlarda öz sözünü deməlidir”,- deyə ekspert bildirib.

İlhamə

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »