Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Araz Ağalarov: “Trampla tanışlıqdan ancaq ziyan gördüm”
Araz Ağalarov: “Trampla tanışlıqdan ancaq ziyan gördüm”

“Crocus Group”un prezidenti və sahibi Araz Ağalarov Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. O, müsahibədə xeyli maraqlı məqamlara toxunub.

Bizimyol.info xəbər verir ki, Araz Ağalarov müsahibədə ailəsi, dostları və ümumiyyətlə, həyatı barədə danışıb.

“Vergiləri azaltmağın vaxtıdır”

Söhbət indi Ağalarovun işlərinin necə getməsindən başlayıb. O, nisbətən durğunluq olduğunu gizlətməyib: “İndi vəziyyət elədir ki, biznesi inkişaf elətdirmək yox, qorumaq haqda düşünməli olursan. Pandemiya, vergi yükü, bir sözlə, hər şey sahibkarlara təzyiq göstərir. Reallığa uymur. İnsanların qazancı azalıb. Vergiləri azaltmağın vaxtıdır”.

Ağalarov ilk qazancının musiqi sayəsində olduğunu xatırlayıb. Bakıda səsyazma studiyası açıb: “Sifarişlər çox olurdu. Dövlət studiyaları çatdırmırdı. Diplomlu mühəndislər məndən bir neçə dəfə az qazanırdı. Ayda 1000 rubl qazancım olurdu. O vaxt üçün çox böyük məbləğ idi”.

Erkən yaşlarından pul qazanmağa başlayan Araz Ağalarov atasını da yeniyetməlik dövründə itirib. Onda 14 yaşı varmış: “Ata tərəfdən bütün kişilər həyatını infarktdan, insultdan itirib. 2000-ci illərdə qardaşım da bundan getdi. Atletik adam idi, hər gün onkilometrlərlə piyada gəzirdi, beşinci mərtəbəyə az qala qaça-qaça qalxırdı. Amma birdən 61 yaşında ölüm...”

Araz Ağalarov qardaşının ölümündən sonra sağlamlığına xüsusi fikir verməyə başlayıb. Həmin vaxtdan xüsusi maddələr – statinlər və niyasinlər qəbul edir.

Maqomayevin külqabısı

Ağalarov Bakıda Politexnik İnstitutunda rabitə mühəndisi ixtisası üzrə ali təhsil alıb. Bu sahədə işləməyə başlayıb. Onun dediyinə görə, xətt mühəndisləri həmişə respublikanın birinci şəxslərinin telefon danışığını eşidirmiş: “Tutaq ki, Heydər Əliyev Moskvaya oğlu İlham Əliyevə zəng vururdu. Biz fasiləsiz əlaqəni təmin etməliydik - əsas və iki ehtiyat xətt. Əlbəttə, bizdən məxfi saxlamaqla bağlı ərizə alırdılar. Amma həmsöhbətlər də ciddi bir şey haqda danışmırdılar. Onsuz da bilirdilər ki, bu, açıq əlaqə kanalıdır. Sakit, məişət söhbətləri gedirdi”.

Sonradan onun yolu Moskvaya düşüb. Həmkarlar Hərəkatının Ali Məktəbinə daxil olmağa çalışıb. Rabitə mühəndisinin bu dəfə gerçək əlaqələrə ehtiyacı yaranıb. Burada imtahanda ingilis dilini bilmək çox vacib imiş. Araz Ağalarov məhz bu dilə heç vaxt zaman ayırmayıbmış. İmtahanı götürən Vadim Jerebkov isə 17 dil bilən poliqlot kimi ad çıxarıbmış. Ağalarov müəllimin külqabı kolleksiyası topladığından xəbər tutub. Yadına düşüb ki, Müslüm Maqomayevin evində bir neçə qəşəng külqabı görmüşdü. Dostu onun köməyinə çatıb. Maqomayevin evindən gələn hədiyyə Jerebkovun xoşuna gəlib və tələbənin işi düzəlib:

“Jerebkov mənimlə üç ay məşğul oldu. İdeal tələffüz alınmayana qədər əl çəkmirdi. Bir qəpik də götürmədi. Mənə ingilis dilini təmənnasız öyrətdi. Unikal adam idi”.

Ağalarov Maqomayevin həyat yoldaşı Tamara ilə tanışlığının ilk günlərindən danışıb. Onlar üçün necə telefon əlaqəsi yaratmasını xatırlayıb. İş adamı dostu haqda xeyli gözəl sözlər deyib. Maqomayevin həmişə Azərbaycan üçün darıxdığını bildirib.

“Qızım və həyat yoldaşım çoxdan amerikalıdırlar”

Araz Ağalarov SSRİ-ni xoş xatırlayıb. İmperiyanın dağılmasına görə ilk və son prezident Mixail Qorbaçovu qınayıb: “Nağıllar danışırdı. Nəticədə böyük bir dövləti itirdik. Hamı üçün pis oldu. Hamı üçün...”

Ağalarov mental baxımdan özünü sovet adamı hesab edir. İndi cibində yalnız Rusiyanın pasportunu gəzdirir:

“Təkcə bir sənədim var. Yeri gəlmişkən, oğlumun da. Hərçənd, Emin bir vaxtlar Azərbaycanın Xalq artisti adına layiq görülmüşdü. Bundan başqa, ABŞ-da yaşamaq hüququ da var. 90-cı illərdə 7-8 il orada keçirib. Oxudu, bakalavr diplomu aldı”.

Ağalarov ayda bir dəfə okeanın o tayına gedir. Beləcə, qızı Şeyla ilə də görüşür:

“Altı yaşı olanda həyat yoldaşım İrina ilə onları Amerikaya göndərdim. O vaxtdan qalıblar orada. İndi 31 yaşı var. Mən və Emindən fərqli olaraq, onlar çoxdan amerikalıdırlar. Pasport alıblar, amma rus dilini unutmayıblar. Ümid edirəm ki, Şeylanı bura gətirib, ona maraqlı iş tapa biləcəyəm”.

Emin Ağalarov əvvəlcə İsveçrəyə üz tutub. Onda iş adamının oğlunun 13 yaşı varmış:

“Emin əcnəbiyə çevrilmədi. Neçə dəfə Şeylanı Moskvaya gətirmişəm. Bir həftə sonra deyir ki, ata, mən qala bilmirəm, getməliyəm. Nə rəfiqəm var burada, nə bir kimsə... Amerikada rieltor agentliyi var. İndi anası ilə birlikdə Nyu-Cersidə atılmış evləri alırlar. Əlbəttə, fantastik qazanc yoxdur. Bir evdən 100 min dollar qazanırlarsa, bu, uğur sayılır. Əlbəttə, mən də kömək edirəm. Start kapitalı da mən vermişdim”.

Araz Ağalarov etiraf edib ki, Rusiyadakı kriminal mühitə görə qızını və həyat yoldaşını 25 il əvvəl ABŞ-a göndərməli olub. İndi ailə üçün iki ölkədə yaşamaq çətindir. Amma buna müəyyən qədər alışıblar.

“Eminlə Şeyla yaxşı yola gedirlər. Məndən sonra miras bölgüsündə də problem ola bilməz. Hər ikisi təbiətcə yaxşı insandırlar”.

Böyük borclar

Araz Ağalarov deyib ki, hələ biznes aləmindən uzaqlaşmaq fikrində deyil. Çünki üzərində böyük kredit öhdəlikləri də var:

“Hələ getmək barədə düşünmək tezdir. “Sberbank”a 120 milyard rubl ödənməlidir. 2 milyard dollar götürmüşdük. Ovaxtkı kursla 58 milyard rubl edirdi. İndi həmin borc 120 milyard rubla çevrilib. Əlbəttə, faizləri, kreditin əsas hissəsini ödəmişik, amma yenə də borc iki dəfə artıb”.

Jurnalist müsahibənin bu yerində iş adamına kefini pozmamağı təklif edib. Çünki Ağalarov müsabiqədənkənar dövlət müqavilələri payından az gəlir əldə etməyib:

“Bizə, sadəcə, həvalə edirlər. Fərqi hiss edin. Həm də bu göründüyü qədər sərfəli deyil. Rusiyanın ən ucqar yerlərində layihələr həyata keçiririk. Belə çətin olmasaydı, başqa arzu edənlər də ortaya çıxacaqdı. Amma bizə güvəndilər”.

Ağalarov bəzi layihələrdən, hətta zərərlə çıxdığını bildirib. Buna baxmayaraq, 2018-ci ilin futbol üzrə dünya çempionatından qazanc götürüb:

“İki stadion tikintisindən 2.5 milyard rubl xeyrimiz oldu. Onu da “Sberbank”a borcu ödəməyə göndərdik. Hər dəfə dövlət bizə hansısa obyekti həvalə edəndə əvvəlcə daha çox işin öhdəsindən gəlmək barədə düşünürük. Sonra hansısa qazanc haqqında fikirləşmək olar. Sabah sizə desələr ki, Suriyaya uçun və Bəşər Əsəddən müsahibə götürün, imtina edəcəksiniz? Razılaşacaqsınız axı. Bəli, təhlükəlidir. Amma məhz sizi seçiblər. Mən də hər dəfə belə vəziyyətlə üzləşirəm”.

Jurnalist stolun üzərində gözünə sataşan Vladimir Putinlə foto barədə soruşub. Ağalarov həmin şəklin Uzaq Şərq Universitetində çəkildiyini xatırlayıb. İlk dəfə 2009-cu ildə qarşılaşdıqlarını deyib. Jurnalistin “Rusiya prezidentinin problemlərini həll edən oliqarx” ifadəsi iş adamını çox təəccübləndirib.

“Mənim haqqımdadır bu? Qəribə təyindir. Mən bizneslə məşğulam, siyasətə qarışmıram”.

Söhbət ABŞ-ın keçmiş prezidenti Donald Trampla münasibətlərdən, ortaq iş planlarından düşüb. Ağalarov amerikalı ilə tanışlıqdan yalnız zərər gördüyünü deyib. Jurnalistin “bəs Rusiya və Azərbaycan rəhbərləri ilə?” eyhamı cavabsız qalmayıb:

“Təmənna güdməyi bacarmıram. Hətta bilmirəm niyə. Hətta özüm üçün də ağız aça bilmirəm. İnanın, heç vaxt dövlət layihələri üçün mübarizə aparmamışam. Həmişə bu günlə yaşamışam, gələcəyə böyük ümid bəsləməmişəm. Oyandım, sağ-salamatam, heç yerim ağrımır – vəssalam, xoşbəxtəm”.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
››› Sabiq deputat vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »