Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Getdikcə qəddarlaşırıq, xəbəriniz var?!
Getdikcə qəddarlaşırıq, xəbəriniz var?!

İki-üç il bundan əvvəl avtomobildə hərəkət edərkən bir hadisə ilə rastlaşdım. Yolu keçmək istəyən iti maşın vurdu. İt ağrıdan necə qıvrıldı! Zingilti ilə ulartı qarışıq necə bir fəryad qopardı!  Sonra axsayaraq bir neçə metr aralanıb, həmin ağrı içində qıvrıla-qıvrıla yaralarını yalamaqdaydı. Ki, o an sürücü düşüb maşının qabağına keçdi, buferə, işıq lampalarına baxdı. Əzilib, sınıb, yoxsa, yox?

Yüngül əzilmə vardı. Qabaq sağ dönmə işığı da qırılmışdı. Sürücü itə tərəf belə baxmadan, maşının əzilmişinə başını yelləyib, sükan arxasına oturdu, sürüb getdi.

O hadisə bu günə qədər də gözümün önündən getmir.

Yox, demirəm, sürücü itin yaralarını sarımalıydı, təsəlli verməliydi, təcili yardım çağırmalıydı-filan. Bizdə heyvanlara təcili tibbi yardım varmı, yoxmu - bilmirəm. Doğrusu, itə heç yaxın düşmək də olmurdu; əzabdan sanki qudurmuşdu. Ancaq yenə də olsun. Adam heç bir dəfə belə gözünün ucu ilə də olsun, ağrıdan qıvrılan, nalə qoparan itə tərəf baxmadı.

İt olanda nə olar ki?! O da candır axı. Görün, bəlkə neçə minillikdir insanla bərabər yol gəlib; insana yoldaş olub, sirdaş olub, qoruyub və sair. Ancaq biz nə dedik o it maşınla vurulanda: "İtdir də. Küçə doludur, bir artıq, bir əskik, heç nə olmaz, qoy it kimi gəbərib getsin"...

Hə, o da var hələ: lap "yeri gələndə" əlimizə tüfəng alıb o iti qəsdən öldürdüyümüz də olur.

Ancaq yox. Heç itin ağrısına, faciəsinə biganə qalmaq olmaz, o da ola İnsanın.

...Metropolitendə bu günlərdə yenə relslərin üstünə adam düşüb. Bir qadın qatarın yoluna yıxılıb. Necə yıxılıb, niyə yıxılıb?! O ayrı məsələdir (ki, hələ bilmirik - polis araşdırır, yaxud araşdırıb, nəticəsi bəlli deyil).

Maraqlı, daha doğrusu, ağrılı olan odur ki, Metropoliten təmsilçisinin açıqlamasında ancaq bunlar deyilir: "Dərhal gərginlik kəsilib. Qadın ordan çıxarılıb. Qatarların hərəkətində nüəyyən yibanma olub". Hərəkət sxemi-filan.

Ancaq o qadın kim idi? Vəziyyəti necədir? Yaralandımı? Xəsarət aldımı? Özünü necə hiss edir? Həkim briqadası çağırıldımı? Ona ilkin tibbi yardım göstərildimi? Və sair və ilaxır.

Bu sualları araşdırmaq üçün əməkdaşımıza tapşırıq verdim. Sıfır nəticə. Metropoliten yenə də öz sxemindən, öz qatarlarından-filandan danışıb. Qadın haqqında bir kəlmə kəsməyib.  Biz də (özümüzü də tənqid edim) qayıdıb soruşmamışıq, israr etməmişik bu suallarımızın cavabında. Nəticədə oxucumuza yarımçıq, hətta anlaşılmaz bir xəbər yazıb verib işimizi bitmiş saymışıq; ardımızda xeyli suallar buraxmışıq. Ən başlıcası, bir insan həyatına biganə yanaşmanın yeni bir kədərli nümunəsini ortaya qoymuşuq.

Bəli, biz hansısa mətbuat xidmətləri rəhbərlərini, ya əməkdaşlarını, o   mafiya filmlərindəki kimi, köhnə zavodun xarabalıqlarına aparıb, əl-qolunu bağlayıb işgəncə ilə məlumat alası deyildik ki. Soruşmuşuq. Hə, ola bilsin, israrlı olmamışıq sualımızda. Ancaq məlumat verən qaynaqlar qatardan-vaqondan, dəmir-dümürdən, yaşıl-qırmızı xətlərdən, sxemdən-filan danışıb. Ağlına gəlməyib ki, bəs o relslərin arasına düşən canlı insan idi axı.

Biz xəbər qaynağı və xəbər yayan olaraq bu cəmiyyətə nə aşıladıq?! Əşi, bir qadındı da yıxılmışdı, çıxardıq atdıq bayıra, yolumuza davam elədik. Əsas odur ki, qatara bir şey olmadı, 10 dəqiqə gecikmə oldu, neynək, şükür ki, hərəkət sxemində ciddi sıxıntı yox.

Bumu yəni?!

O qatarları pandemiya deyib aylarla dayandırmışdıq, indi on dəqiqə yubanmanın hesabını aparırıq, insan həyatı isə... Nə isə.

Ola bilər, kiməsə kiçik bir məsələ kimi görünsün. Ancaq bu olayın dərinliyində çox böyük ictimai bəlaların ayaq səsləri eşidilir; onsuz da insan həyatı çox ucuzlaşıb. Hətta ölüm çox adiləşib. Artıq biz bu gün ölümlərə quru statistika kimi baxıb, ən yaxşı halda başımızı bulayıb keçirik. Haqqında danışdığım bu kimi nümunələrlə ictimai əhvalı biganəliyə, "Məndən ötdü..." düşüncə infantilliyinə yuvarlamış oluruq.  Bir-birimizdən qopuruq. Getdikcə qarşılıqlı... qəddarlaşırıq, xəbəriniz var?!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »