Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yeganə çıxış yolu Qarabağa BMT sülhməramlılarını gətirməkdir”
“Yeganə çıxış yolu Qarabağa BMT sülhməramlılarını gətirməkdir”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisində fəallaşması ilə bağlı bəyanat verib.

Bizimyol.info rəsmi KİV-lərə istinadən xəbər verir ki, həmin bəyanatda deyilir: “10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmamışdır.

Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni düşmən postlarını qoyması halları müşahidə olunur.

Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir.

Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır.

Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonoyan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur”.

Sonda vurğulanır ki, Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır.

Həmçinin, Azərbaycan MN əlavə edir ki, Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Bizimyol.info-ya bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi sussaydı, daha pis olardı. Bəyanatın verilməsi odur ki, rəsmi Bakı prosesləri izləyir və Ermənistan tərəfininin təxribat xarakterli addımlarına təmkinli yanaşa bilmir.

Ilham Ismayıl İlham İsmayıl

“Müdafiə Nazirliyi bəyan edib ki, daha sərt addımlar atıla bilər. Düşünürəm ki, müəyyən nöqtələrdə silahlı toqquşmalar ola bilər, lakin sülhməramlıları xəbərdar etmədən hansısa anti-terror əməliyyatına başlamaq Rusiyaya müharibə elan etməkdir. Azərbaycanın üçtərəfli bəyanata əsaslanan hüququ var ki, sülhməramlıların bölgədən getməsini tələb etsin. Bəli, bu praktikada çətin addımdır, lakin Azərbaycan bu tələbi qaldıra bilər. Əgər Rusiya doğrudan da bölgədə sülhü bərqərar etmək istəyirsə, o zaman Azərbaycan ərazilərinin işğalçı ordudan təmizlənməsinə dəstək olmalıdır. Lakin biz əksini görürük. 10 aydır ki, Qarabağ ərazisinə davamlı olaraq yeni hərbçilər gətirilir və sülhməramlılar reaksiya göstərmir. Görünür ki, sülhməramlı kontingent öz etibarını vaxtından əvvəl itirib”, - deyə İ.İsmayıl qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan son 15 gündə iki dəfə Azərbaycanı təhdid edib: “Birinci təhdid onun Azərbaycan əsgərlərini dərhal öldürmək əmri idi, ikinci dəfə isə ötən gün KTMT-nin baş katibi Stanislav Zas ilə görüşdə səsləndirdiyi “Ermənistan Azərbaycana atəşlə cavab vermək hüququnu özündə saxlayır” deməsi idi. Rusiya da digər tərəfdən Ermənistan ordusunun yenidən bərpa olunması və müasirləşməsi üçün kompleks tədbirlərə başlayıb”.

İ.İsmayıl vurğulayıb ki, Azərbaycan diplomatiyası da öz növbəsində əks-hücuma keçməlidir: “Bu məsələni diplomatik vasitələrlə də yoluna qoymaq olar. Xüsusilə də, Türkiyənin Azərbaycanı dəstəkləyəcəyi şübhə doğurmur. Azərbaycan bütün mümkün rıçaqları işə salmalıdır ki, Rusiya sülhməramlıları öz işlərini layiqincə görməyə vadar olsunlar. Bunu tez-tez onlara bunu xatırlatmaq lazım gələcək. Bu 10 ay içində Azərbaycan Qarabağda tam nəzarəti ələ almalı idi. Buna da həmin bəyanatı imzalayan digər tərəflər mane olurlar. Düşünürəm ki, Azərbaycan çox yubatmadan, işğaldan azad edilmiş əraziləri məskunlaşdırmalıdır”.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə hesab edir ki, MN-in verdiyi notanın əsaslı bir effekti olmayacaq.

Ramil Məmmədli Ramil Məmmədli

“Artıq 10-cu aydır ki, Rusiyanın sülhməramlı kontingenti Ermənistan ordusunun maddi-texniki təminatı rolunu oynayır. Rusiya üçtərəfli bəyanata görə üzərinə götürdüyü öhdəliklərdən başqa hər işi görür. Qarabağda sülh və sabitliyə nail olmağın yeganə yolu, mandatı BMT-nin missiyasına vermək, bölgəyə neytal ölkələrin sülhməramlı kontingentini gətirməkdir. Çünki Rusiya üzərinə götürdüyü öhdəliklərə görə, həm Ermənistan silahlı qüvvələrini, həm də separatçı dəstələrini ərazidən çıxarmalı idi. Lakin Köçəryana və Arutyunyana bağlı dəstələr hələ də Qarabağda qalmaqdadır. Onları tərksilah etmək üçün Azərbaycana da şərait yaradılmadı”, - deyə R.Məmmədli vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan təşəbbüsü ələ almalı və dərhal ardıcıl addımlar atmalıdır.

“İlk növbədə, parlament səviyyəsində məsələyə münasibət bildirilməli və Milli Məclis sülhməramlılarla bağlı məsələyə baxmalı, Rusiyaya qarşı tələbləri irəli sürməlidir. Həmçinin, Azəraycan ərazidə müasir texnikadan və dronlardan istifadə etməklə, bəzi düşmən postlarını dağıda bilər və bununla bağlı da rəsmi Bakıya təzyiq etməyə kimsənin haqqı çatmayacaq”, - deyə ekspert əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »