Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SÖZün bitdiyi həmin o yer...
SÖZün bitdiyi həmin o yer...

Tənəzzülündən və inkişafından eyni vaxtda danışırıq. Tənəzzülündən danışanda da haqlıyıq, inkişafından danışanda da. Nədir məsələ?! Media. Əvvəlkidirmi? Deyil. Təkcə iqtisadi baxımdan yox: "reklam bazarı çöküb, yayım dağılıb, peşəkarlıq azalıb..." da deyil. Bunlar hamısı bizim ölkəmizdə həqiqətdir əslində. Ancaq həqiqətin zahirdə görünən tərəfi var, batində görünən tərəfi.

Məsələn, uzun zaman idi ki, dünya Everesti dünyanın ən hündür dağı bilirdi (8848 metr). Ancaq, sən demə, Havay adalarındakı Mauna Kean ən hündürmüş (yarısı Sakit Okeanın altındaymış). Çoxbilmiş adamlara da belə deyirlər: "Özü qədərində yerin altındadır".

Hər zaman hər şey və hər kəs göründüyündən daha fərqlidir. Biz bir hadisə, nəsnə haqqında həqiqəti ən yaxşı halda gördüyümüz qədərində bilirik. Bəzən görmək istədiyimizlə istədiyimizi görmək arasında konflikt düşür. Bax, orda media var; həqiqəti tapan və çatdıran. Medium yəni. Həqiqətlə - onu axtaranlar arasında vasitəçi, əlaqəçi. "Poçt göyərçini" misalı. Sən bu "göyərçin"in qanadlarını qıracaqsan, sonra da uçmağı tələb edəcəksən - varmı belə bir şey?!

Statistikanı da köməyə çağıra bilərik; hardan hara gəldiyimizə baxaq - bu amansız və aramsız sinusoidi izləmək üçün. Ancaq statistika - həqiqəti anlatmaqda çox hallarda zəif qalır. Hər halda media, Söz həqiqətlərini. Biz heç vaxt oturub Füzulinin "Leyli-Məcnun"unun neçə misradan oluşduğunu saymadıq. Sayan varsa, ona da "Arifmetika Məcnunu" deyərik. Biz bu əsərdəki sevginin və dəliliyin - sevgi dəliliyinin haqq - hesabını necə aparacaqdıq ki?! Çox hallarda çox şey içindən əyilir, içindən qocalır; palıda baxırsan - şax dayanıb, ancaq batindən düşüb artıq.

Sözə sevgimiz də Məcnun dəliliyi kimi bir şeydir; jurnalistika ilə milyoner olan varsa, o bizdə deyil - Azərbaycanda Lari Kinq olası adam yoxdur. Medium olmaq - arasında vurnuxduğun ünvanlardan daha zəngin yaşamağı vəd etmir. Biri qızıl satır, biri alır. Sən də vasitəçisən. Və heç zaman sən nə o qızılın sahibi olacaqsan, nə onun ekvivalentində pulların. Professor Nazim İmanov da bir dəfə çoxdan (deputat olanda) demişdi: "Jurnalist elə bir az ac olsa yaxşıdır". Bəlkə bu cür gerçək təsəvvürlər və ya təsəvvürdəki gerçək üzündən mediamız “ac ol–kişi ol” mentallığında ilişib qalıb. Ancaq bunun özü də gerçəkdirmi?! Şax dayanan palıd kimi sanki diridir, amma içərisinə boylandıqca, faciəvi çöküşü izlərsən. Medianı ac və qürurlu bir kişi kimi təsəvvür edin görək. “Alındımı?!” deyə sorşmuram da...

Bir az əvvəl statistikadan danışdıq. Bəli, statistik qavramda hər şey ideal görünür; filan qədər qəzetimiz var, filan qədər saytımız var, filan-filan kanallarımız var. Ancaq mediamız haqqında həqiqət budurmu? Ümumiyyətlə, mediamızda həqiqət problemini necə həll etmişik?!

Mediamızın proqressinə canatımımız reqressini araşdırmaqdan başlamalıdır; biz hardan hara gəlmişik. Bir şeyi irəli aparmaq istəyiriksə, onun sabit halından, hətta keçmişindən başlamaq lazımdır. Gələcəyi daha aydın görmək üçün bəzən keçmişə daha diqqətlə baxmaq lazımdır. Çünki keçmiş özü danılmaz və dəyişməz gerçəkdir – keçmiş özü də bir zaman... gələcək idi.

Mediamızın keçmişdə öz çörəyini özü qazanmaq imkanı olub; inkarolunmaz gerçək budur. O zamanlarda qəzetlər çıxırdı (pis-yaxşı), yayılırdı, tirajı satılırdı, qazanc birbaşa redaksiyanın hesabına gəlirdi. Reklam da az-çox vardı. O qaznc da redaksiyaya gəlirdi. Əslində satışdan gələn qazanc medianın yaşamasına bəs edirdi. Azdan az, çoxdan çox. Jurnalsiti işə götürən qəzetin sahibi deyildi, həmin yazarın öz oxucusu idi. Oxucu kimi oxumurdusa, o, işsiz qalardı.

İndi oxucu yoxdur; medianın öz pulunu özünün qazanmasını önləmək üçün hər şey edilib; “reklam bulağı” quruduldu, qəzetin bazarı – yazarın kitabı bağlandı. Oxucudan izləyiciyə çevrilmiş “müştəri” artıq axtardığı məhsulu internetdən “havayı” alır. Hətta axtarmadığını da sosial şəbəkələr cibinə qədər gətirib çatdırır.

Cibinə qədər demişkən, “müştəri”yə elə gəlir ki, axtardığı məhsulu havayı aldı. Xeyr! Bəlkə axtardığını asanlıqla tapır. Bəzən də heç axtarmadan. Ancaq bunların heç biri havayı başa gəlmədi; hər ay provayderə ödədiyimiz nədir bəs?! İnternetin ödənişini etməsə, infirmasiya-kommunikasiya kanallarına çıxışı bağlanır. O cümlədən xəbərə. Dünən cibindən çıxarıb qəzet almaq üçün özü pul ödəyirdi, indi internet traffiki sahibi adamın cibinə girib pulu özü götürür. Və xəbərdən medianın qazandığı və ya qazana biləcəyi pul... başqa cibə yönləndirildi.

Və medianın reqressi burdan başladı gəldi – Əjdəha çayın qabağını kəsdi, sənə isə su lazımdır...

Media özünün qazancından məhrum olduğu (daha doğrusu, məhrum edildiyi) gündən başlayaraq öz içində dağıldı. Adına “iqtisadi müstəqillik” dediyimiz şeyi itirdik. Onu itirdikcə də hər şeyi daha çox və daha sürətlə itirmişik. İtirdiyimizi qaytarmaq... asan deyil; geridən başlamaq lazım gələcək. Biz adamlara Söz satırıq. Söz isə gerçək olmalıdır ki bazarı olsun. Və bu minvalla biz “müştəri”yə həqiqət... “satmalıyıq”. Ki, öz qazancımızla dolana bilək. Həqiqəti nəinki “satmaq”, hətta axtarmaq belə cəzalandırılırsa?! Bax, bu, doğrudan da, Sözün - özünün bütün mənalarında bitdiyi həmin o yerdir...

Bahəddin Həzi

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

6.3.2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »