Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bruselyoz təhlükəli zoonoz xəstəlikdir
Bruselyoz təhlükəli zoonoz xəstəlikdir

Tərkibi insan orqanizmi üçün faydalı komponentlərlə zəngin olsa da, heyvan mənşəli qida məhsulları təhlükəli zoonoz xəstəliklərin, o cümlədən bruselyozun mənbəyi ola bilər.

Bruselyoz (lat.brucellosis) heyvanlar və insanlar arasında geniş yayılmış, əsasən xroniki gedişli, bakterial mənşəli zoonoz xəstəlikdir və brucella cinsinə mənsub spor əmələ gətirməyən, hərəkətsiz, qram mənfi bakteriyalar (Brucella spp) tərəfindən törədilir. Hüceyrədaxili parazitlik edən brusellaların indiyə kimi 10-dan çox növü müəyyən edilib ki, onlardan B.melitensis, B.abortus, B. suis və B. canis insanlar üçün patogenliyinə görə xüsusilə seçilir. Qeyd edək ki, bu serotiplər müvafiq olaraq xırdabuynuzlu və iribuynuzlu heyvanlarda, donuzlarda və itlərdə bruselyozun törədicisi hesab olunur.

İnsanların bruselyoza yoluxması oral (törədici ilə çirklənmiş çiy süd və süd məhsullarının, çiy və yaxşı bişirilməmiş ət və ət məhsullarının istehlakı ilə), respirator (törədici ilə çirklənmiş hava ilə) və kontakt yolu ilə (xəstə heyvanlarla birbaşa təmas nəticəsində) baş verir. Həzm və tənəffüs sisteminin selikli qişası, həmçinin dəridə yaranan zədələr törədicinin orqanizmə daxil olması üçün giriş qapısı hesab olunur. Törədici giriş qapısında dəyişiklik yaratmadan limfa və qan dövranı ilə demək olar ki, bütün orqanizmə yayılır. Müşahidə edilən limfadenopatiya xəstəliyin invaziv xarakter alması ilə bağlı olub, törədicinin orqanizmdə geniş yayılmasının göstəricisidir. Qeyd edək ki, bütün yaş qrupuna daxil olan insanlar bruselyoza yoluxa bilərlər. Xəstəlik törədicisi ilə çirklənmiş və pasterizə olunmamış çiy süd və ya ondan hazırlanmış pendir istehlakı ilə yoluxma hallarına daha çox rast gəlinir. Heyvandarlıq sahəsində çalışan və xəstə heyvanlarla, o cümlədən onların dərisi, yunu, qanı, atılmış dölü, plasentası, balalıq mayesi və ekskrementləriylə, həmçinin çirklənmiş mühitlə təmasda olan insanların (baytar həkimləri, fermerlər, çobanlar, malabaxanlar, sağıcılar, qəssablar, bakterioloji laboratoriya işçiləri və s.) bruselyoza yoluxma riski yüksəkdir. Hətta heyvanların peyvəndlənməsində istifadə edilən attenuasiya olunmuş (virulentliyi zəiflədilmiş) peyvəndlərlə düzgün davranmamaq insanların yoluxmasına səbəb ola bilər. Bruselyozun insandan-insana yoluxmasına nadir hallarda olsa da rast gəlinir. O cümlədən xəstəlik törədicisinin cinsi yolla, qan və orqan köçürmələri zamanı, eləcə də ana bətnində və südvermə dövründə anadan balaya ötürülməsi barədə məlumatlar mövcuddur. İnsanlarda xəstəliyin inkubasiya dövrü bir həftədən bir neçə aya qədər (əsasən 2-4 həftə) davam edir. Təhlükəli xəstəlik olan bruselyozun spesifik kliniki təzahür forması yoxdur. Xəstəliyin ilkin simptomları qripi xatırladır. Xəstə insanlarda baş, əzələ və oynaq ağrıları, halsızlıq, hərarətin yüksəlməsi və dalğavari dəyişməsi, tərləmə, iştahsızlıq, çəkinin azalması və s. kimi əlamətlər nəzərə çarpır. Xəstəlik zamanı müxtəlif orqan və toxumaların (ürək, qaraciyər, ağciyər, dalaq, böyrək, sümük iliyi, süd vəzisi və s.) zədələnməsi ilə yanaşı, regionar limfa vəzilərinin iltihabı da müşahidə edilir. Nəticə etibarilə xəstəlik xroniki olaraq dəri-oynaq, neyro və urogenital formalarda davam edir.

Bruselyoz təhlükəli zoonoz xəstəlikdir

Kənd təsərrüfatının intensiv inkişaf etdiyi və urbanizasiyanın sürətləndiyi indiki dövrdə heyvandarlıqda və heyvan mənşəli qida məhsullarının emalı sektorunda mövcud olan sanitar-gigiyenik çatışmazlıqlar bruselyozun insanlar arasında geniş yayılmasına zəmin yaradır. Odur ki, insanlarda hətta fiziki qüsurların (şikəstlik) yaranması ilə nəticələnən bruselyozun yayılmasının qarşısının alınması və ləğvi iqtisadi və sosial baxımdan zəruri hesab olunur. Qabaqcıl beynəlxalq təcrübə göstərir ki, bruselyoza qarşı mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir. Burada baytarlıq, səhiyyə, inzibati-idarəetmə qurumları və əhalinin birgə səyi vacibdir. O cümlədən:

  • bütün heyvanlar bruselyoza qarşı dövri peyvəndlənməyə cəlb olunmalı;
  • mütəmadi olaraq seromonitorinqlər həyata keçirilməli, aşkar edilən xəstə və xəstəliyə şübhəli heyvanlar təcrid olunmalı və müvafiq dezinfeksiya işləri aparılmalı;
  • bruselyoza yoluxmuş heyvanların test-kəsim üsulu ilə sanitar kəsimi həyata keçirilməli, onlardan əldə olunan ət məhsulu və daxili orqanlar termiki emala cəlb olunmalı və ya yandırılaraq məhv edilməli;
  • heyvandarlıq təsərrüfatları, heyvan kəsimi və ət emalı müəssisələrində biotəhlükəsizlik və baytarlıq-sanitariya tədbirləri gücləndirilməli;
  • ev şəraitində ət məhsulları ilə sanitar-gigiyenik qaydalar çərçivəsində davranılmalı və istifadə olunan kəsici alətlər digər məqsədlər üçün işlədilməməli;
  • pasterizə və ya sterilizə olunmamış çiy süd və ya ondan əldə olunan məhsulların istehlakına yol verilməməlidir.

Nəzərə almaq lazımdır ki, bruselyozun törədiciləri soyuğa davamlı olub, pendirdə 45 gün, ətdə 80-100 gün (dondurulmuş ətin tərkibində 1 ilə qədər), durğun sularda 45-90 gün, torpaqda 40-100 gün, peyində isə 150 gün sağ qala bilir. Lakin brusellalar yüksək temperatura qarşı davamsız olub, +600 C temperaturda 30 dəqiqə ərzində, +1000 C temperaturda ani məhv olur. Günəş şüası və dezinfeksiyaedicilərin təsirindən isə törədicilər qısa müddətdə tələf olur.

Beləliklə, heyvan sağlamlığının təmin olunması ilə yanaşı, heyvan mənşəli qida məhsullarının qida təhlükəsizliyi tələbləri çərçivəsində istehsalı, emalı, eləcə də istehlakı ilə bruselyozdan qorunmaq, həmçinin xəstəliyin yayılmasının minimuma endirilməsinə və ləğvinə nail olmaq mümkündür.

Məqalə AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, Ç. Əliyeva, K. Əliyeva, F. Əlizadə, S. Məmmədova tərəfindən hazırlanıb.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »