Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidlərə olan sevgini bəsitləşdirməyək
Şəhidlərə olan sevgini bəsitləşdirməyək

Sosial şəbəkələrdə yayılan bir şəkil hamı kimi, mənim də diqqətimi çəkdi.

Vətən Müharibəsində şəhid olan leytenant Samir Əliyevin doğum günü məqsədilə keçirilən tədbirdə üzərində şəhidin fotosu olan tortun yer alması, bu tortu kəsərkən ananın ağlaması və o tərəfdə də Suraxanı RİH başçısı Əziz Əzizovun qıyğacı baxa-baxa gülümsəməsi.

Həmin şəkil sosial şəbəkə istifadəçiləri tərəfindən müxtəlif cür şərh olundu, ayrı-ayrı üslublarda təqdim edildi.

Ən çox da, bu fikir yayıldı ki, Əziz Əzizov şəhidin şəkli olan tortu bişirtdirib ortaya gətirir və şəhid anasını o tortu kəsməyə məcbur edirlər.

Sonradan isə saytlarda məlumat dərc olundu ki, əslində belə deyilmiş.

Şəhidin nənəsi tortun ailə tərəfindən sifariş olduğunu bildirib, icra başçısı da həmçinin bu fikri təsdiqləyib. Əziz Əzizov mətbuata deyib: “Ümumilikdə Suraxanı rayonunda 53 şəhid var, Əliyevlər ailəsi də dəstək olduğumuz şəhid ailələrindən biridir. Ancaq, təəssüflər olsun ki, bəzi şəxslər görülən işləri müsbət qiymətləndirmək əvəzinə, tənqid etmək üçün başqa məqamlar axtarırlar. Bəlkə də indiyədək bu ailədə 20 dəfə olmuşam”.

Kim bilir, bəlkə də, bu açıqlama heç də “malalamaq” xatirinə deyilmiş, məsələnin əsli bu imiş? Nə edək o zaman, dağılışaq? Oldu, keçdi, vəssalam?!

Xeyr! Məncə, problem daha böyükdür. Cəmiyyətimizdə maariflənmə problemi var və mətbuat da az “günahkar” deyil.

Bir neçə ay bundan əvvəl sosial şəbəkələrdə bir video rastıma çıxmışdı. Həmin videoda azyaşlı uşaqların qarşısına şəhid atalarının şəkli olan tort qoyulur və uşaqlar ağlayaraq, həmin tortu kəsməyə qorxurlar.

“Uşaqlara niyə travma verirsiniz? Şəhidin şəkli niyə tortda olmalıdır?” – deyə etiraz etdim. Etiraz edən tək mən deyildim. Lakin görünür ki, bu məsələ yaxşı ictimailəşmədi. Konkret bir ictimai rəy yaradılmadı.

Dəfələrlə belə halların şahidi olmuşuq. Şəhidlərin şəkli ilə yanaşı, tort üzərində bayraq və gerb də təsvir olunur. Niyə?!

O şəkillər hazırlanan maddələr heç də yeməli deyil. Və yetərincə də zərərlidir. Onsuz da tullantıya gedəsidir. Nəyə görə, şəhidlərin şəkilləri və dövlət atributlarımızın təsviri tullantı olmalıdır?

Buna birdəfəlik son qoyulmalıdır. Şəhidlərə olan sevgini belə göstərməzlər. Mən heç bir şəhid ailəsinin hisslərinə toxunmaq istəməzdim.

Amma biz cəmiyyət olaraq, özümüzdə bunu aşılamalıyıq.

Şəhidlərə sevgini bəsitləşdirmək olmaz! Bunun üçün qanunmu olmalıdır, sərt yoxlamalarmı? Xeyr, sadəcə, bu torta şəkil vurmaq dəbinin adətə çevrilməmiş qarşısı alınmalıdır. Mən belə düşünürəm. Ümid edirəm, oxuculardan mənimlə həmfikir olanlar az deyil.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› TƏBİB-in "gizli" dərman paketi
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
Son xəbərlər
Bütün xəbərlər »