Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölümünə... inanmayanlar ölkəsində
Ölümünə... inanmayanlar ölkəsində

Reklam çarxlarını, yəqin ki, izləyirsiniz; adətən tanınmış adamları çəkirlər. Müğənnilər, modellər, aktyorlar, aktrisalar, tutullu idmançılar... Hətta uğurlu biznesmenlər də olur. O çarxları izləyirsiniz və gedib, reklam olunan malı, yaxud məhsulu alırsınız. Yaxud tanıdılan xidmətdən yararlanmağa tələsirsiniz.

Məşhur olmayan - sıradan insanların tək-tək və ya kütləvi yer aldığı reklam filmləri də olur. Bu da sizi inandırmaq üçündür. Film ortasında və ya maraqlı teleproqramlar kəsilməklə verilən reklamları çoxumuz ötürürük gedir (necə olmasa da, pult əlimizdədir). Ancaq adətən, reklam fasiləsi filmin və ya verilişin ən maraqlı, həyacanlı hissəsində olur deyə, yarızor, yarıxoş reklam izləməli oluruq. Bu reklamlar da bizim həyatımıza bu və ya başqa dərəcdə təsir edir. bizi yönləndirir. Yəni heç kim: "Mən heç vaxt reklamdan təsirlənməmişəm" deyə bilməz. Çünki heç vaxt "heç vaxt" deyə bilmərik.

COVİD-19. Bu virus kifayət qədər - nəhəng həcmlərdə "reklam" olunmadımı?! Sanki qlobal ölümcül realiti-şouya baxırıq; sağımızdan-solumuzdan adamlar əksilir. Tanınmış adamlar, tanınmamışlar... Nə qədər yaxşı bələd olduğumuz, hörmət bəslədiyimiz, sevdiyimiz insanlar - bütöv nəslin kumiri olan sənət, söz, fikir adamı getdi. Bizə yuyucu tozunu efir reklamından tanıdan məşhura inanırıq, amma öz ölümü ilə COVİD-19-u tanıdanda yox?! Bu irrasional davranış tərzimiz haqqında əvvəllər də yazmışıq; ölüm - o gəlib bizi tapana və alana qədər inanmırıq; bu qədər israrçıyıq. Bismark gözəl deyib: "Yalan ən çox müharibədən əvvəl, seçki vaxtı və ovdan sonra danışılır". Və biz müharibədən əvvəl, seçki vaxtı və ovdan sonra danışılan bütün yalanlara həvəslə inanırıq, təkcə bizi gözləyən ölüm təhlükəsindən başqa. Seçki vaxtı tanımadığımız (bəlkə heç tanımaq da istəmədiyimiz) bir adam gəlib bizi aldadıb səsimizi alıb gedir - ona inanırıq. Bizim canımızı alıb gedən virusa hələ də inana bilməmişik.

Conuc: vəziyyət yenidən pisləşməyə doğru gedir. Koronavirus öz yeni ştamları ilə bizi mühasirəyə almaqda davam edir. Bölgə ölkələrinə baxsaq, bunu çox aydınca görərik. Gürcüstanda, məsələn, bir sutkada yoluxanların sayı 6 min nəfərə yaxınlaşdı, ölkə sutkalıq ölüm sayına görə kədərləndirici "rekord" göstərdi. Gürcü hökuməti hətta açıq havada da tibbi maska taxmaq imperativi gətirdi. Toylar, yas mərasimləri və sair və ilaxır yeni qaydalara keçdi. İran, Türkiyə, Rusiya göz qabağındadır; rəqəmlərlə yormaq istəmirik. Bu sadaladığımız ölkələrdə istər yoluxma sayı, istər ölüm sayı yüksəldikcə yüksəlir. Və bu ölkələrlə insani əlaqələrimizi nəzərə alsaq, üstəlik yay aylarında insanların davamlı səyahət etdiyini də göz önündə tutsaq, bunun Azərbaycana təsirsiz ötüşəcəyini güman etmək özünü aldatmaq demək olardı. Üstəlik biz də ötən aylarda mərhələli yumşalmalara getmişdik; açıq havada maska taxma məcburiyyətini qaldırmışdıq. Böyük alış-veriş mərkəzlərində ticarət açılmışdı. Toylar qaldığı yerdən davam edirdi (ki, əslində bunun bəlli qaydaları vardı). Sosial şəbəkələrdə yayılan iddialara görə, toylarda qaydaların pozulmasında rüşvət faktoru da olub.

Bəli, Operativ Qərargahın bir çox qərarları, yumşaq desək, təəccüb doğurur. Məsələn, metronu bağlayıb avtobusları yükləmək səhv sayılmışdı, xeyli müddətdən sonra metro da açıldı. İndi həftəsonu avtobusların işləməməsi tənqid olunur. Bu arada dərmanların bahalaşmasından da giley vardı. Başqa nüanslar da var. Ancaq onu da demək lazımdır ki, koronavirusla mübarizə baxımından lazım olan çox addımlar da atılıb; biz də başqa ölkələrlə eyni vaxtda - bəzilərindən öncə önləm almağa başlamışdıq. Bu məqsədlə maliyyə xərcləmələrinə də gedildi, qadağalat sistemi də quruldu, nəzarət prosedurları da tətbiq olundu, ambulator və stasionar tibbi xidmət də təşkil edildi. Paytaxtda və rayonlarda dezinkfejsiya işləri aparıldı. Bu gün yenə var; istər Bakıda, istər bölgələrdə dezinfeksiya başladı...

Hə, bunlarda nöqsanlar vardımı?! Vardı. Bəzən tibbi personalın belə çatışmazlığını yaşadı ölkə. Üstəlik belə bir şəraitdə müharibə aparıb qələbələr əldə etdi. Bunlar hamısı reallıqdır. Ancaq peyvəndləşməyə də zamanında başladıq; yaş qrupların üzrə mərhələli, sonra isə hər kəsə açıq formada peyvəndləmə aparıldı. Bu peyvəndə də inanmayanlar zümrəsi var. Cəmiyyətdə COVİD-ə "inamsızlıq sindromu" peyvənd korrupsiyasına da yol açdı; peyvənd olunduğuna dair saxta arayışlar - saxta COVİD pasportu almağa meyl artdıqca, bundan asanca varlanmaq yolu kimi yararlanan tibbi personal da ortaya çıxdı. İndi onları tapırlar, tuturlar... Bununla belə peyvəndləmə işində yenə də axsalamalar olur; COVİD-ə inanmayanlar peyvəndə hardan inansınlar ki?!

Ancaq məsələ, doğrudan da, ciddidir. Yoluxma və ölüm sayları qonşu ölkələrdə də. Azərbaycanda da artmağa meyllənib. Kəskin artır deyə də bilərik. Bunu da gözləmək olardı: bir səbəb yumşalmalara camaatımızın qeyri-adekvat reaksiyası (sayıqlığını azaltması, hətta itirməsi) oldusa, o biri səbəb peyvəndləməyə barmaqarası münasibətdir yəqin ki. "Peyvənd olanlar da yoluxursa, nə xeyri var?! ritorik-ironik sorğulamalarla tez-tez qarşılaşırıq. Ancaq hər şeyin elmi izahı var axı. Telekanallardan birində mütəxəssis danışır: peyvənd Alfa ştammından 96 faiz qoruyurdusa, Delta ştammını 88 fazi önləyə bilir. Yəni hər yeni ştam peyvəndin "qoruyucu zireh"ini daha çox dəlib keçə bilir. Ona görə də peyvəndlənmə çox olduqca, yeni şatmmların yaranma riski də aşağı düşür - yoluxma zənciri yalnız hamının peyvəndlənəcəyi halda qırılacaq. Bunu da tibb elmi deyir. biz demirik. Və əgər əhali arasında "peyvənd məsuliyyətsizliyi" davam edərsə, yeni, daha ölümcül ştamlardan sığortalanmaq çətin olacaq.

Başqa hansı yeni ştamlar necə sevdikləimizi - məşhur-qeyri məşhur adamları aparmalıdır ki, biz də ÖLÜMə inanaq?!

bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »