Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qədim silahın yenidən tətbiqi: Dövlətlərin bir-birlərini su ilə “vurması”
Qədim silahın yenidən tətbiqi: Dövlətlərin bir-birlərini su ilə “vurması”

Türkiyə KİV məlumatlarına əsasən Ağrıdağın zirvəsindəki qarlar, indiyə qədər olmayan surətdə əriməyə başlayıb. Böyük palçıq kütlələri artıq dağın ətəyinə doğru sürüşməyə başlayıb. Bu prosesin 2-3 il davam etməsi praktiki olaraq Kür və Araz çaylarında suyun dəhşətli azalmasına və ciddi su qıtlığına gətirə bilər.

Artıq bir müddətdir nəyinsə ucuz olması barədə danışanda “su qiymətinə” sözünü işlədə bilmirik, suyun bir litri benzindən daha bahadır. Su ilə işləyən avtomobillər, suyu enerji mənbəyi kimi götürən yeni texnologiyalar, dəniz və okean sularının duzunun təmizlənərək şirin su kimi istifadəsi plan deyil, reallıqldır. Və bu reallıq gələcək insanı yeni, ən böyük problemlə üz-üzə qoyacaq. Su çatışmazlığı! Bizimyol.info-nun müsahibi Yüksələn Azərbaycan (AY) Partiyasının başqanı Anar Əsədli ilə də bu mövzuda danışmışıq.

Anar Əsədli Anar Əsədli

- Anar bəy, əslinə baxsaq insan üçün ən əvəzolunmaz nemət olan su dünyada da bərabər paylanmayıb. Tarix boyunca böyük siyasətdə sudan təzyiq vasitəsi kimi istifadə halları olub, yoxsa bu yeni dünyanın acı reallığıdır?

- Dünya əhalisinin sürətlə artması, iqtisadi aktivlik və qlobal istiləşmə dünyada su ehtiyatlarının çatışmazlığına səbəb olur. Elm adamları xəbərdarlıq edir ki, su ehtiyatlarının olmaması milyonlarla insanın köçünə və müharibələrə səbəb ola bilər, həm də siyasi sabitliyi poza bilər. Dünya Resursları İnstitutunun məlumatına görə, dünya əhalisinin üçdə biri - təxminən 2,6 milyard insan ciddi su çatışmazlığı olan ölkələrdə yaşayır və 17 ölkədə 1,7 milyard insan "həddindən artıq su çatışmazlığı" ilə üzləşir. Dünya ekologiya təşkilatlarının verdiyi məlumata görə, 2025-ci ildə dünya əhalisinin 66%-i su problemindən əziyyət çəkəcək. Yaxın Şərq dünya əhalisinin 5%-nə sahib olmasına baxmayaraq, cəmi 1%-lik su qaynaqlarına sahibdir. Bu statistika özü də təsdiq edir ki, su ehtiyatları üzərində nəzarətin qurulması getdikcə beynəlxalq münaqişələrin səbəbinə çevrilməkdədir. Proqnozlara görə, terrorla mübarizədən sonra su uğrunda mübarizə dünyada vüsət alacaq.

Belə mübarizə əslində tarixdə yeni deyil. Mesopotamiyada 2500 il əvvəl Dəclə və Fərat çaylarının sularından istifadə hüququ uğrunda intensiv mübarizə gedib. II dünya müharibəsində Hitlerin su qıtlığı yaratma planı, 1990-1991-ci illərdə Fars Körfəzi Müharibəsi ərəfəsində, Türkiyə, Suriya ilə razılaşaraq, İraqa verilən suyun miqdarını məhdudlaşdırmaqla Səddam Hüseyn rejiminə təzyiq göstərməsi, 2003-cü ildə ABŞ-ın İraqda su anbarlarını boşaltması, Cənubi Osetiya ilə münasibətlərin kəskinləşməsi ilə Gürcüstanın Sxinvaliyə su verilməsini dərhal məhdudlaşdırmasından tutmuş günümüzdə baş verən proseslər beynəlxalq münasibətlərdə hidravlik silah anlayışından geniş istifadəyə səbəb olub. Aralarında ziddiyət olan ölkələr bir-birlərinin su axınının məhdudlaşdırması ilə münaqişəni daha da ciddi səviyyəyə qaldırırlar. Çünki, düşməni su təchizatından məhrum etməklə qələbəni daha sürətli təmin etmək mümkündür. Türkiyənin dünyada supergüc imicini təmin edən faktorlardan biri də Dəclə və Fərat çaylarının yuxarı axınının onun ərazisində yerləşməsi ilə bağlıdır. Türkiyə qonşularına suyu paylamaq imkanı əldə edir. Suriyanın PKK-ya dəstək verməsi səbəbindən Ankara sudan Dəməşqə təzyiq vasitəsi kimi də istifadə edib. Münaqişə potensialı Orta Asiyada daha çoxdur. Belə münaqişələr SSRİ dövründə də baş verirdi, lakin vəziyyəti nəzarətdə saxlamaq mümkün olurdu. Bu gün isə vəziyyət sürətlə pisləşir. Özbəkistan, Tacikistan və Qırğızıstan arasında Sırdərya çayı hövzəsindən istifadə ilə bağlı illərdir münaqişələr baş verir. Pekinin su planlarının icrası Qazaxıstanın bir sıra bölgələrinə, Ust-Kamenoqorsk, Semipalatinsk, Pavlodar şəhərlərinə, İrtiş-Qarağan kanalına su axınını əhəmiyyətli dərəcədə azalda və Rusiyanın Omsk bölgəsindəki İrtışın səviyyəsini 60 sm endirə bilər ki, bu da Rusiya və Qazaxıstanın Çinlə potensial münaqişəsindən xəbər verir.

- İran-İsrail münasibətlərinin kəskinləşməsi zamanı da “su müharibəsi” ifadəsi işlədildi.

- İran və İsrail arasında baş verən müharibənin kökündə də su qıtlığı faktoru dayanır. Çünki, İsraildə şirin su ehtiyatı azdır. İran tərəfindən Suriya ərazisində olan suların qarşısını alıb İsrailə suyun ötürülməsinin qarşısı alınır. İsrail Afrikada ölkələrində Nil çayının şirin su ehtiyatlarından istifadə edir. İran da bunun qarşısını almaqla İsraili vurmağa çalışır. Son günlər İranın Xuzistan vilayətində ərəblərin üsyana qalxması da İsrailin İranın su təzyiqi siyasəti cavab reaksiyası kimi qiymətləndirilir.

- Bu aspektdən baxanda Azərbaycanın gələcəkdə su ilə bağlı problemləri ola bilərmi?

- Azərbaycanda şirin su ehtiyatı çoxdur. Respublikamızda 140-a qədər su anbarı var. Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir. Lakin Ermənistan-Azərbaycan münaqişəsi başlandığı andan Ermənistanın Azərbaycana qarşı törətdiyi terrorun tərkib hissəsi kimi su amilindən istifadə edilib. Mənbəyini Ermənistandan götürən çayların məcrasının süni şəkildə dəyişdirilərək süni quraqlıqların yaradılması və ekologiyanın məhv edilməsi ilə təbiətə böyük ziyan vurulub. Zəngilan ərazisindən keçən Oxçuçay Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilərək Ermənistan üçün sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür, təbii ki, bu çayın bu səviyyədə çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı isə Kür çayının ən böyük sağ qolu olmaqla Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Oxçuçaya qarşı törədilən ekoloji terror təkcə Azərbaycana deyil, ümumilikdə təbiətə qarşı bəşəri cinayətdir. Ermənistanın özünün də qoşulduğu ekologiya və ətraf mühitlə bağlı bir sıra beynəlxalq konvensiyaların, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir. Və bütün bu sadaladığım faktlarda da görünən odurki, su amilindən təzyiq vasitəsi kimi istifadə edilməsi dünyada su qıtlığının ekoloji böhran həddinə gəlməsinə və su ehtiyatları üzərində nəzarət uğrunda mübarizənin beynəlxalq münaqişələrdə yeni mərhələyə keçidə səbəb olacaq.

İlhamə Rəsulova

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »