Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtlər insanların yalan danışdığını müəyyənləşdirə bilir
İtlər insanların yalan danışdığını müəyyənləşdirə bilir

İtlərdən hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlərin açılmasında tez-tez istifadə edir. Xüsusən kriminalistikada, narkotik və partlayıcı vasitələrin aşkarlanmasında bu ev heyvanlarının köməyi çox olur.

Bizimyol.info xəbər verir ki, itlərdən yalan detektoru kimi istifadə etmək qərara alınıb. Almaniyanın “Focus” jurnalının yazısında elm adamlarının apardığı araşdırmalardan bəhs olunub. Tədqiqat ortaya çıxarıb ki, itlər insanların yalan danışdığını və ya özləri də bilmədən səhv etdiklərini müəyyənləşdirməyə qadirdir.

“Onlar bizim daxilimizi görə bilir. Bilirlər ki, qəsdən yalan danışırıq, yoxsa özümüz də bilməyərəkdən yanılırıq. İtlər özünü qarşı tərəfin yerinə qoymaq xüsusiyyətinə malik olan azsaylı heyvanlardandır”, - jurnal yazır.

Avstriyanın Vyana Universitetindən Lukretsiya Lonardo jurnalın əməkdaşıyla söhbətində danışıb ki, başqa elm adamlarıyla birlikdə 200-ə qədər müxtəlif cinslərdən olan itlər üzərində araşdırma aparıblar: “Eksperiment zamanı bir nəfər itlərə verilən qidanı gizlədirdi. Bəzən yeməyin yerini bilirdik, amma özümüzü elə göstərirdik ki, guya xəbərimiz yoxdur. Bəzən də elə olurdu ki, həqiqətən bilmirdik. Bu zaman itlərin bizə qarşı davranışını müşahidə edirdik”.

Eksperiment göstərib ki, itlərin 60 faizi müşahidə etdikləri şəxslərin hərəkətləri əsasında nəticə çıxarmaqdansa, öz gözlərilə gördüklərinə inanmağa üstünlük verirlər: “Adamın jestləri onları başqa istiqamətə yönəltsə belə, onlar doğru olan konteyneri seçərək, gedib onun içindən qidanı götürüblər. Təxminən 38.5 faiz itlər yanılaraq, boş konteynerə tərəf gediblər. Eksperiment bu nəticəni ortaya qoydu ki, itlər adamların hərəkətlərinin nə zaman səmimi, nə zaman qeyri-səmimi olduğunu duya bilir”.

Araşdırma müəllifləri hesab edir ki, itlər daha yüksək göstərici ortaya qoya bilərdi. Sadəcə, bir sıra hallarda bu ev heyvanları güvəndikləri insanın göstərişlərinə əməl etməyə çalışırlar. Bir növ mərhəmət nümayiş etdirirlər. Hərçənd, bu halda həmin şəxsin yanlış istiqamət seçdiyini bilirlər. Bir az cəsarətlənəndə isə səhvi ortaya qoyurlar.

Son xəbərlər
Bütün xəbərlər »