Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su müharibələrinin astanasında: Azərbaycan hidroböhrana hazırdırmı?
Su müharibələrinin astanasında: Azərbaycan hidroböhrana hazırdırmı?

“Son zamanlar dünyanın müxtəlif nöqtələrində bu və ya digər ölkələr arasında su qıtlığından doğan problemləri, münaqişələri tez-tez müşahidə edirik. Lakin bunun adını istər “su müharibələri”, istərsə də su qıtlığı və ya ekoloji fəlakət qoymağımızdan asılı olmayaraq hazırda dünya birliyi su çatışmazlığı ilə bağlı problemi köklü şəkildə həll etmək iqtidarında deyil. Ona görə də bu problemlə üzləşən ayrı-ayrı ölkələr problemi daha çox fərdi qaydada, təkbaşına həll etməyə çalışırlar. Bu da son nəticədə istər-istəməz bu və ya digər ölkə arasında siyasi-diplomatik gərginliklərə yol açır, bəzi hallarda isə hətta silahlı insidentlərlə, sərhəd münaqişələri ilə müşayiət olunur. Biz bunun ən son bariz nümunəsini bu yaxınlarda Tacikistanla Qırğızıstan arasında gördük”.

Bu fikirləri bizimyol.info-ya siyasi şərhçi Bəybala Mirzəyev səsləndirib.

Bəybala Mirzəyev Bəybala Mirzəyev

Onun sözlərinə görə, bu iki postsovet respublikası arasında sərhəd məntəqəsində içməli su ehtiyatlarından istifadəyə görə meydana çıxan silahlı münaqişə hələ də özünün tam həllini tapmayıb.

“Su qıtlığı ilə ən kəskin şəkildə üzləşən ölkələrdən biri də qonşu İrandır. Bu yaxınlarda Xuzistan vilayətində başlayan və sonradan bütün ölkəni əhatə edən “su inqilabı” və ya “su qiyamı” da bu fikrimizi təsdiqləyir. Məlumdur ki, İranda son dövrlərdə baş verən ən güclü quraqlıq nəticəsində ölkənin bir çox şəhər və əyalətlərində kəskin şəkildə içməli su qıtlığı yaranıb və bu da əhali arasında etirazlara səbəb olub. Xuzistandan digər bölgələrə sıçrayan, sosial problemlərlə bağlı şüarların səsləndirildiyi bu etirazlar sonradan hətta ali dini lider Ayətullah Əli Xameneyiyə qarşı açıq siyasi tələblərin irəli sürülməsi ilə nəticələndi”.

Ekspert qeyd etdi ki, İranın sabiq prezidenti Həsən Ruhani ölkəsinin su qıtlığı ilə üzləşməsinin əsas günahkarı qismində Türkiyəni ittiham etməyə cəhd göstərdi.

“Yəqin ki, onun son çıxışlarından birində bu mövzuda Türkiyə əleyhinə səsləndirdiyi absurd iddianı hamınız xatırlayırsınız. Ruhani utanmadan belə bir iddia irəli sürdü ki, guya Türkiyə Dəclə və Fərat çaylarının suyunun qarşısını kəsir və bu çayların suyundan öz məsrəfləri üçün ədalətsiz şəkildə istifadə edir, bu da İrana gələn suyun azalmasına səbəb olur. Ancaq H.Ruhaninin bu cür qərəzli fikirləri nəinki Türkiyədə, elə İranın özündə də ciddi təpkilərlə qarşılandı və etirazların daha da qızışmasına səbəb oldu.

“Su inqilabı”nın gedişində Xameneyinin əleyhinə açıq şüarların səslənməsi və su etirazlarının get-gedə siyasi çalarlar alması həmçinin belə bir iddialara da rəvac verdi ki, guya bu etirazlar xaricdən körüklənir və xüsusən də İranı həmişə daxildən qarışdırmaq arzusu ilə yaşayan ABŞ və İsrailin bu etirazların baş qaldırmasında “barmağı” var. Əlbəttə, bu ölkələr ilk baxışdan İranın daxilində sosial-siyasi təlatümlərin baş qaldırmasında maraqlı olan qüvvələr kimi görünsələr də, mən konkret olaraq bu epizodda İrandakı proseslərə, su etirazlarına kənardan təsirləri istisna edirəm. Zənnimcə, bu proseslərdə xarici amil və yaxud xarici düşmən axtarmağa heç bir lüzum yoxdur. Zatən İranda bir az ara qarışan kimi xaricdə günahkar axtarmağa adətkərdə olublar. Lakin real problem də göz önündədir. İranda hazırda həqiqətən də çox ciddi su problemi var və bu da İsraillə-flanla yox, ilk növbədə məhz quraqlıqla əlaqəlidir. Molla rejimi İsraili və ya Türkiyəni suçlamaqla ölkəsindəki su çatışmazlığını və ya digər problemləri həll edə bilməz. İran hökuməti Yaxın və Orta Şərqin “qaynar” məntəqələrindəki ayrı-ayrı hərbi-siyasi qruplaşmaların maliyyələşdirilməsinə sərf etdiyi külli miqdarda vəsaiti konkret olaraq su probleminin həllinə yönəltsə, bu problem tezliklə aradan qalxar, o cümlədən Güney Azərbaycanın ən ağrılı yeri sayılan Urmu gölünün qurumasının da qarşısı alınar.

O ki qaldı Azərbaycanın perspektivdə mümkün “su müharibələri”nə hazır olub-olmamasına, əlbəttə, hidroböhran və hidromünaqişələrdən heç bir ölkə sığortalanmadığı kimi biz də sığortalanmamışıq. Azərbaycan da bu problemlə üzləşə bilər. Odur ki, biz elə etməliyik ki, istər içməli suyumuz daim olmalıdır, istərsə də kənd təssərrüfatının, sənayenin ehtiyacları üçün yetərli su ehtiyatlarına malik olmalıyıq. Bunun üçün də biz problemi köklü şəkildə həll etməliyik. Onu da nəzərə almalıyıq ki, mənfur Ermənistan məqsədyönlü şəkildə zəhərli kimyəvi maddələri Oxçuçaya, Kürə və digər çaylara axıdır, eyni zamanda bizi daim su hövzələrini partladıb sel və daşqınlar yaratmaqla və yaxud da ki, çayların qarşısını kəsib süni quraqlıq törətməklə təhdid edir. Bir sözlə, 44 günlük müharibədəki məğlubiyyəti ilə barışmaq istəməyən və revanşizmə can atan Ermənistan hazırda həm də, necə deyərlər, “bölgənin Yezidi” rolunda çıxış edir və Azərbaycan xalqını su ilə imtahana çəkmək istəyir. Odur ki, biz ilk növbədə bu avantürist ölkənin ekoloji terror cəhdlərinə, su təxribatlarına hər an hazır olmalıyıq və bununla əlaqədar önləyici tədbirlər görməliyik. Bu birinci dərəcəli vəzifəmizdir. Eyni zamanda bütövlükdə ölkəmizin suya tələbatının ödənilməsi, eləcə də ayrı-ayrı bölgələrimizdə yaşanan su qıtlığının aradan qaldırılması üçün dünya təcrübəsindən yararlanmalıyıq. Ən çox da İsrailin bu sahədəki müsbət təcrübəsi hesab edirəm ki, işimizə yaraya bilər”,- deyə o bildirib.

İlhamə

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Fəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
Son xəbərlər
Bütün xəbərlər »