Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda qadının şikayətinə ya intihardan, ya da öldürüldükdən sonra baxılır
Azərbaycanda qadının şikayətinə ya intihardan, ya da öldürüldükdən sonra baxılır

“Azərbaycan dünya görüşündə qadının yeri çox yüksəkdir”...

Nə qədər də pafoslu bir cümlədir. Sanki hər gün öldürülən, zorakılığa məruz qalan, təhdid edilən, şantaj edilən, böhtan atılan Azərbaycan qadını deyil, düşmən xalqın qadınıdır.

Ötən il sosial şəbəkələr, 27 yaşlı müəllimənin intihar xəbəri ilə çalxalanırdı. Gənc müəllimə sosial şəbəkələrdə şantaj edildiyi üçün bu addımı atmışdı. Bu gənc qızın ölümü sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb oldu.

Axı, hər bir halda ölən günahkar olur. Bu il başlayandan 35-ə yaxın qadın öz yaxınları tərəfindən öldürülüb. Bu qadınların ölümündə günahkar öz hisslərinə sahib çıxa bilməyən, başları ilə deyil, başqa üzvləri ilə "düşünən" yaxınları olub.

Qadınlar öldürülür, sonra da ictimai qınağa tuş gəlməmək üçün adına namus cinayəti deyirlər. Deyirlər ki, xəyanət edirdi, deyirlər ki, mesajlarını tutdum, deyirlər, deyirlər. Nə yazıq ki, cəmiyyət də çox zaman reallığa deyil, bu deyimlərə inanır.

Azərbaycan qadının yeri yüksəkdədir. Xeyr, Azərbaycan qadının ölüsü belə yüksəkdə olmur. Ölən qadınlara belə ləkə yaxmaqdan qorxmur, çəkinmir bəziləri. Adını qoruya bilmək üçün mübarizə apara bilmirsən. Mübarizəndə sən yalançı, sən əxlaqsız, sən namussuz olursan. Kişilər haqlı çıxarılır.

Uşaq idim, alatoran xatırlayıram. Qonşumuzda 16 yaşlı qızı qardaşı tüfənglə öldürmüşdü. Hardasa 30 il əvvəl. Bütün kənd bu məsələni danışırdı. Hamı deyirdi ki, “Nərgiz, əxlaqsızlıq etdiyi üçün öldürüldü”, “Sağ olsun, Turab, namusunu təmizlədi”... Nərgizin isə cəmi 16 yaşı vardı. Yəni əxlaqsızlığı başa düşə biləcəyi yaşda deyildi belə. Narkotik aludəçisi olan qardaşı hansısa səbəbdən qızı öldürmüşdü. Adına namus cinayəti qoydular ki, qardaşa həbsdə yaxşı baxılsın. Axı, namus cinayətkarlarına “içəridə” belə hörmət edirlər. Bizim cəmiyyətdə nədənsə ictimai qınağa hər zaman qadınlar tuş gəlir.

Son zamanlar müşahidə edirəm, bir jurnalistə qarşı səhifələr açılır. Qadın haqqında olur-olmaz hər şey yazılır. Qadının iddialarına görə, bu hal 2-3 ildir ki, davam edir və hüquq mühafizə orqanları bu vəziyyətə demək olar ki, baxmırlar.

Yəqin gözləyirlər ki, qadın intihar etsin. Cəmiyyətdə başlasın ki, əxlaqsız idi, özünü öldürdü. Öləndən sonra montaj edilmiş mesajlaşmaları da çıxsın ortaya, bu cinayəti işləyən “məxluq” isə, rahat, heçnə olmamış kimi yaşamına davam etsin. Öldürülən qadınlar, zorakılğa məruz qalan qadınlar, təhqir edilən, təhdid edilən, şantaj edilən, böhtan edilən qadınları olan bir ölkənin kişiləri rahat yaşamamalıdır.

“Gəlinliklə getmisən, kəfənlə çıxmalısan ər evindən”, “Yaxşı at, özünə qamçı vurdurmaz” və s. deyimləri olan bir ölkədə qadın azadlığından söhbət necə gedə bilər ki?

Qadınsansa; əzilməlisən, şəxsi həyatın ola bilməz, öləndə belə günahkar sənsən. Bu gün Azərbaycanda qadının yeri budur. Nə qədər acınacaqlı olsa da deyimlərdəki o "yüksəklik" budur.

Meydanlara çıxıb qadın haqlarını tələb edən qadınları belə əxlaqsız adlandıran bir cəmiyyətdə yaşayırıq. Hüquq mühafizə orqanları isə, qadınların şikayətlərinə ya intihar etdikdən, ya da öldürüldükdən sonra baxır. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitə isə, heç nəyə baxmır. Bu komitənin işi hesabatlar hazırlayıb, say artırmaq üçün tədbirlər keçirməkdən ibarətdir.

Bir ölkədə elvinalar, nərminlər, sevinclər, naidələr ölürsə, öldürülürsə, həmin ölkədə qadına verilən dəyərdən danışmağa dəyməz. Belə ölkənin hüquq sistemində problem var deməkdir.

Cənablar, pafoslu danışmayın, Azərbaycanda qadının yeri heç də yüksəkdə deyil, ayaqlar altındadır.

Əzilən qadın, döyülən qadın, böhtana, şərə məruz qalan, ancaq intihar edə biləcək qədər aciz olmayan qadın İlahin...

İlahin, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »