Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahalaşma ceyran belində: Gəlirlər nə zaman yüksələcək...
Bahalaşma ceyran belində: Gəlirlər nə zaman yüksələcək...

Rəsmi statistikaya görə bu ilin son 6 ayında qiymətlər 4.3%, maaşlar isə 0.4% artıb. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir 1.3 faiz azalıb. Dövlət Gömrük Komitəsinin gəlirləri 15 faiz artıb, gözləniləndən artıq toplanmış vergilərin həcmi bir neçə yüz milyon manat təşkil edib.

Lakin dövlət varlansa da, vətəndaşın gəlirində artım müşahidə olunmayıb, əksinə, azalmalar var. Hətta maaşları azaldılmayıb sabit qalan vətəndaşlar belə daha əvvəlki kimi yaşaya bilmədiklıərini görürlər. Bir aya hesablayıb bölüşdürdükləri maaşı indi 15-20 günə çatdırmaq olmur. Pul da rezin deyil ki, dartasan uzana. SOCAR Aİ-95 qiymətindən sonra Aİ-98 benzinin də qiymətini qaldırdı.

Artımlar ceyran sürətilə, maaşlar, gəlirlər tısbağa sürətilə hərəkət edir. Bu yarışda kimin qalib gələcəyini bilmək üçün ağıllı olmağa ehtiyac yoxdur. Ölkənin iqtisadi vəziyyətindən danışanda məmurların işlətdiyi defisit, kəsir, profisit və s. kimi çoxlu sayda camaat üçün anlaşılmaz terminlər vətəndaşı maraqlandırmır. Vətəndaşı maraqlandıran tək şey dolanışığının normal səviyyədə olmasıdır, sabitlikdir. Dövlət etiraf etməsə də, inflyasiya var, devalvasiya da altdan-altdan öz işini görür. “Dövlətdən aldığım pulu elə dövlətə də qaytarıram. İşıq pulu, su pulu, qaz pulu, yaşadığım binanın kommunal pulu, internet pulu - bunlar ümumilikdə hər ay 400 manata yaxın edir. Həftə sonları da taksi pulu icad olunub başımıza. İşə başqa cür gedib-gəlmək olmur. Bu da ayda eləsin ən azı 50, maksimum 100 manat. Maaşım 800 manatdır. Bunun 500 manatı borclarıma gedir, 300 manatı xərclərimə. Gecə gündüz işləməliyəm ki, yaşaya bilim. Nə zaman nəfəs alım?”. Bunu bir izləyicimiz yazıb. Orta hesabla elə hamıda eyni vəziyyətdir.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, bütün dünyada ərzaq məhsulları ardıcıl olaraq 8 aydır bahalaşır. FAO indeksi 2021-ci ilin yanvar ayında 4,3 faiz artıb, bu 2014-cü ilin iyul ayından bu yana ən yüksək həddir. Bahalaşmanın əsas səbəbi qlobal böhran və bunun nəticəsində ölkələrin öz ərzaq təhlükəsizliklərini təmin etmək üçün qapanmasıdır. Bəzi ölkələr ərzaq ixracını məhdudlaşdırır. Məsələn, fevral ayının 1-dən etibarən Rusiyadan buğda ixracatına məhdudiyyət qoyuldu, ixrac rüsumu birdən-birə 2 dəfə artırıldı.

Qlobal böhran başlayandan bəri ölkədə 1 kiloqram buğda ununun orta qiyməti 1 manat 9 qəpikdən 1 manat 20 qəpiyə qalxıb, qarışıq undan çörək (1kq) 1 manat 4 qəpikdən 1 manat 13 qəpiyə qədər bahalaşıb

2020-ci ilin martında Azərbaycanda uzun düyünün 1 kiloqramı 3 manat 52 qəpik olub, hazırda 3 manat 82 qəpik təşkil edir. 1 il ərzində ölkəmizdə uzun düyünün qiymətində 30 qəpik, yumru düyünün qiymətində isə 19 qəpik artım olub. Ümumiyyətlə, bütün ərzaq növləri içərisində yalnız mal ətinin qiymətində nisbi azalma müşahidə olunub. Qoyun və quş əti isə bahalaşıb.

Tikinti sahəsində də bahalaşma baş alıb gedir. Rusiyadan alınan oduncaq və taxtanın ixrac rüsumları artırıldığına görə taxta-şalban bahalaşıb. Yerdə qalan digər məhsullar da “qonşudan qalma dala” prinsipi ilə od tutub yanır. Sementin kisəsi 6,3-6,5 manatdan 7,5 manata, taxtanın kubu 340-350 manatdan 410-420 manata, mişar daşının 1 ədədi 38-39 qəpikdən 42-43 qəpiyə yüksəlib. İndi bacarırsan bu artımla gəl ev tik, ev qaldır. Hazır evlərin qiymətinə də Azərbaycan əhalisinin yox, Bruney sultanının, Dubay şeyxinin əli çatır.

Həmişə bahalaşma olanda bu hadisə bir neçə gün gündəm olur, sosial şəbəkələrdə müzakirə edilirdi. Son zamanlar o qədər sıx hadisələr yaşanır ki, heç bilmirik nə hardan gəlib hara getdi. Millət oturub polis döyən deputatı, yanğınları və s. alovlu-alovlu müzakirə edir. Cibimizə düşən alovu unutmuşuq. Bu nə qədər belə davam edəcək? Maaşlarda nə zaman dorğu-dürüst bir artım olacaq ki, xalqımız ömrünün sahibi ola bilsin, Avropanın, Amerikanın yaşam tərzinə həsrət-həsrət baxmasın?..

İlhamə

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »