Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Makron anlayır ki, Azərbaycana təzyiqlər fayda verməyəcək”
“Makron anlayır ki, Azərbaycana təzyiqlər fayda verməyəcək”

Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.

Xatırladaq ki, istər 44 günlük müharibə zamanı, istərsə də bu il iyul ayında Azərbaycanla Ermənistan arasında yaranan sərhəd münaqişəsi zamanı Emmanuel Makron açıq şəkildə Ermənistanı dəstəkləyir və məsələnin məğzini də bilmədən, birtərəfli şəkildə Azərbaycanı ittiham edirdi.

Artıq heç kimdə şübhə qalmamışdı ki, Fransa ilə Azərbaycan arasında uçurum yaranıb və bu uçurum hər gün dərinləşir. Makronun bu zəngi hansı məqsəd daşıyır? Olmaya, son zamanlar hər fürsətdə “ATƏT-in minsk qrupunun vacibliyini” vurğulayan Fransa prezidenti nəhayət anlayıb ki, üçtərəfli bəyanatın müddəalarının icrasından başqa alternativ yol yoxdur?

Bu və digər məqamları Bizimyol.info saytına şərh edən politoloq Tofiq Abbasov qeyd edib ki, Makron sonunda İlham Əliyevlə dialoqdan başqa yolunun olmadığını anlayıb.

Tofiq Abbasov Tofiq Abbasov

“Makron anlayır ki, Azərbaycana təzyiqlər fayda verməyəcək. İlham Əliyev çox yaxşı siyasətçidir və bir diplomat kimi də çox yaxşı yetişib. Məlumatda qeyd olunub ki, Makron Əliyevə zəng edib. Yəni, Fransa prezidenti Azərbaycanın ünvanına səsləndirdiyi təhdidlərin, təzyiq ritorikasının heç bir nəticə verməyəcəyini anlayıb. Azərbaycan Prezidenti ərazi bütövlüyü məsələsidə necə prinsipial olduğunu 44 günlük müharibə zamanı göstərib. Prezident o zaman da çıxışında bildirmişdi ki, “mən heç kimə zəng etmirəm, lazım olanda özləri zəng edirlər”. Qətiyyən şübhə yoxdur ki, Fransa prezidenti artıq bir yeni yanaşma axtarmalı, Azərbaycanla da münasibətləri qoruyub saxlamalı olduğunu anlayıb”, - deyə politoloq vurğulayıb.

O əlavə edib ki, Makron şəxsən erməni diasporuna simpatiya bəsləyə bilər, amma dövlət maraqları onun şəxsi maraqlarından üstündür.

“Fransanın dövlət maraqları bölgədəki tərəfdaşları itirməməkdir, Azərbaycanda olan Fransa investisiyalarına təhlükə yaratmamaqdır. Azərbaycan bir strateji tərəfdaş kimi Fransaya və Avropa İttifaqına lazımdır. Makron indiyə qədər özünə erməni seçicilərindən xal yığmağa çalışırdı, amma digər tərəfdən də, onun tutduğu bu siyasi xətt fiaskoya uğrayıb və hamı bunu görür”, - deyə T.Abasov əlavə edib.

Politoloqun fikrincə, bölgədə sülhü təmin etmək üçün, üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi və Ermənistan tərəfinin öz öhdəliklərindən boyun qaçırmaması vacibdir.

“Hesab edirəm ki, İlham Əliyev çox peşəkar bir diplomatik üslubla bunu Makrona izah edib. Ola bilər ki, Makron Azərbaycan Prezidentini hansısa şəkildə Ermənistana güzəştlərə getməyə inandırmağa çalışsın, nəsə xahiş etsin; amma son illərin müşahidə təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan öz prinsipial mövqeyindən çəkilməyəcək.”, - deyə Tofiq Abbasov söyləyib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »