Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəs Qazinin "yiyəsi" kimdir?
Bəs Qazinin "yiyəsi" kimdir?

2 gün öncə canlı yayında damarlarını kəsərək intihara cəhd edən qazi Bəhram Nuriyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirib və hazırda orada müalicə alır. Bəhram Nuriyevin 31 yaşı var, o, Qəbələ rayonunun Yengicə kəndində anadan olub. “Şuşanın azad olunmasına görə” medalı iə təltif edilib. 2 azyaşlı övladı var. Müharibə iştirakçısı dəfələrləyaşadığı rayonun İcra Hakimiyyətinin qazilərlə yetərli səviyyədə qayğı göstərmədiyini, qurban kəsmək üçün qoyun almağa imkanı olmadığını dilə gətirib. Bunu sosial şəbəkələrdə yazıb.Qəbələ Rayon İcra Hakimiyyəti isə bildirib ki, ona bir necə dəfə ( bayramdan bayrama) sovqat göndərilib, halı soruşulub.

İcra Hakimiyyətinin təşəbbüsü ilə Qəbələyə həkimlər gətirilib,10 gün rayonda qalan həkimlər onlara müraciət edən qaziləri müayinə və müalicə ediblər. “Əgər psixoloji probleminin olduğunu bilsəydik, onu da ora cəlb edərdik”. Bu fikirləri icra hakimiyyətinin əməkdaşı Arif Allahverdiyev səsləndirib.

Arid Allahverdiyev bəyəm anlamır ki, müharibədən çıxmış, qolları üzərində dostları, qardaşları qan içində, param-parça olmuş, minalardan, alovlardan kemiş bir adamın psixologiyası sağlam ola bilməz? Heç şübhəsiz ki, canlı yayımda damarlarını kəsib intihar etməyə çalışan bir insanın dərin sarsıntıları var. Amma bu sarsıntılardan öncə də problemləri var. Onlara diqqət çəkmək, onları eşitdirmək istəyib. Dəfələrlə səslənib. Səsi duyulmayınca da bu addımı atıb.

Məsələylə bağlı bizimyol.info-ya danışan bloger Ər-Toğrul Kamalov bildirib ki, qazimizin yaxınları ilə görüşüb:

Ər-Toğrul Kamalov Ər-Toğrul Kamalov

“Bəhramın təbii ki, psixoloji problemləri də var. Lakin o psixoloji dispanserdə yox, başqa bir xəstəxanda əsəblərini müalicə etdirmək istəyir. Bunu təşkil etmək o qədər çətin işdirmi ki? Deyiblər gəl səni yerləşdirək Maştağadakı dispanserə. O da deyir mən axı dəli deyiləm, əsəblərimin yerində olmadığını bilirəm, kömək istəyirəm. Müharibədən 9 ay keçməsinə baxmayaraq hələ də qazimizin tibbi sığorta sənədlərini hazırlayıb əlinə verməyiblər. Qəbələ rayonunda Şəhid və qazilərin və ailələrinin problemli işləri üzrə şöbənin müdiri Ramin Hidayətov gəlib özü maraqlanmaq əvəzinə ayağına çağrır . Heç qapısına getməyib ki, görüm nə problem var, hansı şəraitdə yaşayır.Elə deyirlər istəmir. Onun qüruru var, ehtiyacı olmasa da istəmiyib. Bəs sizin vəzifə borcunuza nə gəlib? İcra hakimiyyəti ilə qazimiz arasında neqativ bir enerji yaranıb. Bu adam əsəbi ola bilər. Amma onu gözdən çıxarıb atmaq olmaz . Sahib durulmalıdır.Yaşat Fondu qazimizə kömək edə bilmir. Çünki səlahiyyətləri xaricindədir, Fond hərbiyə yararlı olmayan qazilərə kömək edir. Bəhramın isə sənədində hərbiyə yararlıdır yazılıb. Paralel olaraq Müdafiə Nazirliyi də qazimizin psixoloji dispanserə göndərilməsi üçün arayış verib. Məsələ qarışıq düşdüyünə görə, hər kəs bir- birinin üzərinə atır”.

Hər bir halda İcra Hakimiyyəti boyda bir qurum ( ayrı vaxt başçılar özlərini fövqəlbəşər, qüdrətli xan kimi aparırlar) bir nəfərin problemini həll edə bilərdi. Yaxasını kənara çəkib durmaqla deyil. Bu gün şəhid və qazi ailələrinə elə bir hörmət, elə bir ehtiram göstərilməlidir ki, həm onlar peşmanlıq duymasınlar, həm insanların içindəki vətənpərvərlik duyğuları zədələnməsin. Düşmənin başı hələ əzilməyib. Sabah- birigün yenidən vətən çağırsa “ gedənlərin halını gördük” deməsin oğullarımız, ürəklə getsinlər. Psixi xəstəliyi var idi deyib məsuliyyəti onun üzərinə atmaq ən yumşaq dillə desək başını quma basdırıb arxasını çöldə qoymaq kimidir. Rayona həkimlər gəlmişdisə, bütün müharibə iştirakçıları dəvət edilməli, əlaxüsus psixoloji durumları yoxlanılmalıydı.

Bu gün ölkədə Bəhram kimi yüzlərlə qazi var. Səslərini eşitməyimiz üçün mütləq hamısı intihara cəhd etməlidir? Bunun nə qədər qorxunc tendensiya olmasının fərqində deyilik? Sərhədlərimizi ön cəbhədə qoruyanlar bu gün o sərhədlərin içərisində məmur divarları qarşısında aciz qalmamalıdır. Düşmənə qalxan əl bu gün məmura qalxmasın deyə özünə qalxır, intihar baş verir. Bu bir ilk deyil, belə davam edərsə son da olmayacaq. Müdafiə Nazirliyi, səs ver!

Generalına, zabitinə, əsgərinə, qazinə sahib çıx. Sahib çıx ki, biz oğul anaları da balalarımızı əsgərliyə ürəklə göndərək. Əsgərlik sadəcə tv-lərdə nümayiş üçün göstərilən səliqəli, təmiz kazarmalar, əsgər yeməkxanaları deyil, böhranlı vəziyyətlərdə dövlətin öz vətəndaşına yiyə durmasıdır. Yiyə durun!

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »