Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 5-də İran İslam Respublikasına işgüzar səfər edəcək.

Ermənistan mətbuatı xəbər verir ki, səfər çərçivəsində Nikol Paşinyan İranın yeni seçilən Prezidenti İbrahim Rəisi ilə görüşəcək. O, bundan sonra İran Prezidentinin andiçmə mərasiminə qatılacaq.

Xatırladaq ki, Paşinyanın İrana bundan əvvəlki səfəri bu ilin aprel ayında olub. Onda Ermənistan lideri İranın artıq sabiq prezidenti Həsən Ruhani ilə görüşüb.

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Qeqarkunik bölgəsinə səfər ediblər.

Türkiyənin yanğınlarla mübarizə apardığı bir zamanda, xüsusilə də Azərbaycan-Ermənistan sərhədində gərginliklər fonunda, bu səviyyədə İran-Ermənistan yaxınlaşması hansı mənaya gəlir? Bu münasibətlər daha hansı mərhələdə inkişaf edə bilər və Azərbaycan üçün təhdidlər nə ola bilər?

Millət vəkili, Demokratik İslahat Partiyasının sədri Asim Mollazadə bildirib ki,  bu münasibətlər yeni deyil.

Asim Mollazadə Asim Mollazadə

“Ermənistan müstəqilliyini elan edəndən bəri İranla dostluq əlaqələri var. İranda bəzi siyasi dairələr Ermənistanla münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşır. Təsadüfi deyil ki, 44 günlük əməliyyatlar zamanı, bəzi iranlı deputatlar hətta parlamentdəki çıxışlarında deyirdilər ki, İran Ermənistanı dəstəkləməli, Azərbaycana qarşı işğalçı müharibəsində açıq yardım göstərməlidir. Təəssüf ki, biz müəyyən yardımların da, İrandan Ermənistana mütəmadi yanacaq daşınmasının da şahidi olduq”, - deyə A.Mollazadə bildirib.

O qeyd edib ki, Azərbaycanın İsrail və Türkiyə ilə çox yüksək münasibətləri var: “Lakin bu münasibətlərin biri digərinə problem yaratmır. Azərbaycanın əlaqələri üçüncü tərəfə qarşı çevrilməyib. Həmçinin Azərbaycan heç bir dövlətin kiminlə dostluq edib-etməməsinə qarışmır, sorğulamır. Türkiyə hələ də regionun ən güclü dövlətidir, Azərbaycanın da dəmir yumruğu yerindədir. Əgər kimlərsə hansısa yeni oyunlar qıracaqlarsa, adekvat cavab alacaqlar”.

Bizimyol.info saytına danışan siyasi analitik Gülsel Səfərova da düşünür ki, Azərbaycan digər dövlətlərin işinə qarışmır.

Gülsel Səfərova Gülsel Səfərova

“Biz hansısa ölkənin daxili işlərinə qarışmadığımız kimi, xarici əlaqələrinə də qarışmırıq. Təbii ki, İran və Ermənistan arasındakı münasibətlər bizim cəmiyyətdə kimlərisə qıcıq edə bilər. Lakin bu məqamlarda təmkinli davranmaq lazımdır”,- deyə G.Səfərova qeyd edib.

Onun sözlərinə görə, İran rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycanla yaxşı münasibətlər qurub.

“Əlbəttə ki, İranda da Ermənistana yaxın olan siyasi dairələr var və onlar Azərbaycanla İran arasında gərginlik yaratmağa çalışacaqlar. Lakin biz bu məsələdə ehtiyatlı olmalıyıq”, - deyə analitik əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »