Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto

Arxeoloqların hər tapıntısı qədim dünya ilə bağlı təsəvvürləri bir az da artırır. Xüsusilə Misir qazıntıları maraqlı nüanslar ortaya çıxarır.

Bizimyol.info xəbər verir ki, məhz bu müsəlman ölkəsində 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb. Əslində, söhbət bir neçə səbətdən gedir. Qazıntılar meyvədən başqa, keramik əşyalar və bürünc artefaktlar da ortaya çıxarıb.

Meyvə səbətlərinin tapılması arxeoloq Frank Qoddionun uğurudur. Amma fransızın daha böyük uğuru qədim Heraklion şəhərinin qalıqlarını üzə çıxarmasıdır. İndi Heraklion ərazisində ard-arda maraqlı əşyalar tapmaq mümkündür.

Qoddio qədim liman şəhərinin qalıqlarını 2000-ci ildə aşkarlamışdı. Suyun altından heykəllər, böyük lövhələr çıxarılmışdı. Amma heç bir şey fransız arxeoloqa meyvə dolu səbətlər qədər təsir etməmişdi. Qoddio jurnalistlərlə söhbətində bunu dilə gətirib. Arxeoloq 2 min ildən çox əl vurulmayan meyvələrə toxunanda qəribə hisslər keçirdiyini deyib: “Onlar heç korlanmamışdı”.

Səbətlərdə xeyli üzüm və o vaxt Misirdə müqəddəs ağac sayılan yağ palmasının meyvələri aşkar olunub. Meyvələrin yaxşı qalmasının əsas səbəbi kimi basdırılması göstərilir. Böyük ehtimalla xüsusi ritualın həyata keçirilməsi üçün belə addım atılıb.

2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb

Qoddio ritual məsələsində əmindir. Çünki arxeoloq həmkarları ilə birlikdə orada böyük kurqan, yəni qəbirlərin üzərində yerləşən təpə aşkarlayıb. Kurqanın uzunluğu 60, eni 8 metrdir. Burada qədim yunan keramik əşyaları tapılıb. Güzgülərin də olması xüsusi rituallardan xəbər verir.

Qoddio 20 ildən çoxdur burada qədim Misiri öyrənməyə çalışır. Arxeoloq həmkarları ilə Heraklionun ümumi ərazisinin yalnız 3 faizində qazıntı işləri aparmağa imkan tapıb. Fransız burada görüləsi hələ çox iş olduğunu deyib.

Heraklion qədim Misirin ticarət mərkəzi sayılıb. Makedoniyalı İsgəndər İsgəndəriyyə şəhərinin əsasını qoyandan sonra bu yaşayış məntəqəsi əhəmiyyətini bir az itirib. Sunami və zəlzələlər Heraklionu sıradan çıxarıb. Qoddio suyun altından təkcə 64 gəmi çıxara bilib. Şəhər qədim yunan tanrısı Zevsin oğlu Heraklın şərəfinə belə adlandırılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »