Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dedilər “dur, Sadiqi gətirirlər”... Həyatıma girdiyi ayda getdi həyatımdan"
"Dedilər “dur, Sadiqi gətirirlər”... Həyatıma girdiyi ayda getdi həyatımdan"

İkinci Qarabağ müharibəsi... 30 il gözlənilən zəfər və minlərlə şəhid.

Ölüm hamı üçün var, amma hamı şəhidlik zirvəsinə ucala bilmir. Hamı yaddaşlarda “torpaq uğrunda canından keçmiş” kimi qala bilmir. Zaman keçir, hər kəs bir gün unudulur, şəhilər isə əsla.

MAXE Məmmədov Sadiq Mübariz oğlu 1991-ci ildə Siyəzən rayonunda anadan olub. 1998-ci ildə Siyəzən rayonu 2 saylı tam orta məktəbə gedib, 2009-cu ildə həmin məktəbi bitirib. Şəhidmiz orta təhsilli olub. 2009-cu ildə həqiqi hərbi xidmətə gedən Sadiq, 2011-ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra bir çox işlərdə çalışıb. Lakin Vətənə olan sevgisindən 2020-ci ilin iyun ayında hərbi xidmətə yollanır və MAXE kimi Gəncə "N" saylı hərbi hissədə çalışmağa başlayır.

27 sentyabr 2020-ci il başlayan İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 2-də Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olur. Oktyabr ayının 4-də Siyəzən rayonunun ümumi qəbirstanlığında dəfn olunub. Ölümündən sonra"Vətən uğrunda" və "Hərbi xidmətlərinə görə"medalı ilə təltif olunub.

Şəhidin həyat yoldaşı Pəri xanım onunla bağlı xatirələrini Bizimyol.info ilə bölüşüb:

“18 iyunda görüşdü bizimlə və MAXE olmaq üçün kursa yollandı. Sonuncu danışığımız 30 sentyabrda oldu... Gəncədə ev tutmuşdu, qızlarımızın ad gününü qeyd edib oktyabr ayında birlikdə gedəcəkdik”.

- Çox darıxmışam sizin üçün, az qalıb zəfərlə dönəcəm, amma bir söz deyim Pəri, mən şəhid olacam...

- Allah eləməsin, sağ salamat dön, gəl.

- Hər oğula qismət olmaz o zirvə. Amma bir düşün ki, o zirvəyə qalxmışam, nə gözəl yerdi. Sizə necə ad qoyub gedirəm. Tək problem sizdən uzaq düşməkdi, fikirləşirəm. Qızlarımın böyüdüyünü, dərsə getdiyini görməməyimi düşünürəm. Nəsə olsa, bu dünyada qızlarım sənə, sən də Allaha əmanətimsən. Qızlarımızı biz istəyən kimi böyüt...

Pəri xanm hələ də Sadiqinin bu sözlərini unuda bilmir...

“Oktyabrın 1-i sonuncu mesajını yazdı. Qızımız məktəbə hazırlıq qrupuna gedirdi. Onu təbrik etdi və bu, son oldu. Oktyabrin 2-si öz yaralı yoldaşlarını xilas edərkən şəhid olub. Həmin günü hiss etmişdim nəsə olduğunu. Nə qədər zəng etdim, mesaj yazdım, cavab gəlmədi. Heç adəti deyildi məni xəbərsiz qoymaq. Oktyabrın 4-ü səhər 6 idi. Dedilər “dur, Sadiqi gətirirlər”... Həyatıma girdiyi ayda getdi həyatımdan. Ondan sonra heç bir şey xatırlamıram sadəcə son dəfə tabutunu öpdüyüm gəlir yadıma və qızlarımızın boynunu büküb mənə baxmaları...Bizim ailəmizə nə qədər acı da olsa, bizə yaraşacaq ən gözəl ayrılığı yaşatdı Sadiqim”- deyə gözyaşları ilə danışır Pəri xanım.

Şəhid xanımı olmanın qürurverici olduğunu deyir. Deyir ki, evin içində elə bir acı yaşayırsan ki, tərifi imkansız. Amma qapını açıb, çölə çıxanda o acının yerini elə bir qürur hissi alır ki. Onun şəhidliyi ilə, özünün şəhid xanımı olmağınla fəxr edirsən..

“...çox çətindi. “Atanı istəyirik, darıxmışıq, nə vaxt gələcək” kimi suallarına cavab vermək çətindi... qızlarımıza üzüldüyümü hiss etdirməməyə çalışıram. Onlar da mənə bəzən “Atamızı gördük, sən düz deyirsənmiş. Ana, şəhidlər doğurdan da ölmürlər. Bizimlə oynuyur Ata” deyirlər.

Sadiq, o qədər mərhəmət dolu ürəyə sahib biri idi ki. Yardımsevər, gülərüz, diqqətcil. Atası olmayan heç bir uşağın yanında qızları ilə oynamazdı...”

Qırıq cümlələr, yarımçıq qalmış fikirlər. Sadiqin həyatı kimi sevgi dolu və maraqlı, ancaq yarım. Bəlkə illər keçəcək, bu yaralar qaysaqlanacaq. Ancaq yarım qalmış sevgilər əsla unudulmur. Pəri də Sadiqini heç vaxt unutmayacaq...

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »