Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan meşə yanğınlarına hazırdırmı...
Azərbaycan meşə yanğınlarına hazırdırmı...

Bir neçə gündür ki, Türkiyənin 39 əyalətində meşə yanğınları davam edir. 174 yanğından 160-ı artıq lokallaşdırılıb. Qardaş ölkənin ardınca Azərbaycanda da meşə yanğınları baş verir. Bəs yanğın hadisələrinə bizim dövlət qurumları necə hazırlıq və ya önləyici tədbirlər görür?

Hər ilin əvvəlində meşələr, xüsusi mühafizə edilən ərazilərdə və qoruqlarda yanğının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilir. Bu barədə Bizimyol.info saytına Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib. O, bildirib ki, tədbirlər çərçivəsində yanğına məsul şəxs təyin edilir:

“Ekologiya və Fövqəladə Hallar Nazirliyi arasında birlikdə tədbirlər planı hazırlanır. Bu tədbirlər planında baş verə biləcək yanğınların qarşısının alınması, texnikanın sazlığı ilə bağlı reydlər öz əksini tapır”.

Xidmət rəsmisinin sözlərinə görə, 2021-ci ildən başlayaraq təlimlər praktiki hal alıb. Belə ki, xüsusi mühafizə olunan təbiət əraziləri və FHN-nin yerli qurumları ilə birlikdə imitasiya xarakterli yanğınlar yaradılaraq bura yerli icmaların cəlb edilməsi, könüllü dəstələrin cəlb edilməsi və yanğının söndürülməsi təlimləri keçirilir. Bu təlimlər həm yerli icmaların, həm də xüsusi mühafizə olunan ərazilərin əməkdaşlarının yanğının söndürrülməsi ilə bağlı operativ müdaxilə göstərilməsi sahəsində bilik və bacarıqların artırılmasına kömək xarakteri daşıyır.

Eyni zamanda yay mövsümünün əvvəllərində parklarda, qoruqlarda mineral zolaqların çəkilişi işləri aparılır. Mümkün olan yerlərdə su tutarları, su rezervuarları yaradılır.

“Ətraf ərazilərdə yaşayan insanlarla, icmalarla, fermerlərlə maarifləndirmə işləri aparılır. Onlara ərazilərin yanğın təhlükəsindən qorunması ilə bağlı müəyyən biliklər aşılanır.

Milli parklara üz tutan turistlərə isə piknik yerlərində ocaq qalanarsa, ocağı söndürmək, siqaret kötüklərinin atılmaması ilə bağlı tövsiyyələr verilir” - deyə nazirlik rəsmisi əlavə edib.

Təhülkəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, mövsümdən asılı olmayaraq aidiyyatı qurumların ərazi üzrə xarakterik olan təbii fəlakətlər, fövqəladə hadisələrə qarşı təxliyə planı, tədbirlər planı olmalıdır. Hər il ölkədə çox sayda təbii və texnogen hadisələr baş verir:

“Ötən il 14780 təbii və texnogen mənşəli qəza baş verib. Bu qəzalarda 87 nəfər həlak olub. 2021-ci ildə isə 6660 təbii və texnogen hadisə baş verib, 31 nəfər ölüb və 129 nəfər xəsarət alıb”.

Ekspert qeyd edib ki, fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarını bilməli və əməl edilməlidir.

“Ümumiyyətlə hər regionun yerləşdiyi ərazinin coğrafi relyefindən, ərazinin quruluşundan asılı olaraq, fövqəladə hallar üçün təhlükəsiz təxliyə planı, fövqəladə vəziyyətdə insanların davranış qaydaları, yüksək potensiallı riski dəyərləndiriləcək təhlükəsizlik konsepsiyası olmalıdır. Bütün bunlar kəndlərin, qəsəbələrin, rayonların, şəhərlərin salınması zamanı nəzər alınaraq təşkil edilir. Yəni ərazi meşəlik sahədə yerləşirsə, yəni, meşəlik sahədə kənd, qəsəbə və s. salınırsa mütləq təhlükə riski potensialı öncədən dəyərləndirilməlidir. Meşəlik sahədə yanğın təhlükəsi ola bilər. Ərazinin yerləşdiyi coğrafi mövqeyə uyğun olaraq, önləyici tədbirlər hazırlanmalıdır. Birinci növbədə insanların təhlükəsiz təxliyə olunması məsələsi durur. İnsanların özlərinə, həyat və sağlamlığına, əmlakına daha az zərər dəyərək qurtulmalıdır. Ümumiyyətlə, hər evdə ərazini təhlükə riski qiymətləndiriləndən sonra təhlükəsizlik təlimatı olmalıdır. Yəni, insanlar bilməlidir ki, fövqəladə hadisə zamanı nə etmək lazımdır”.

Ekspert qedy edib ki, Türkiyədə baş verən yanğın hadisəsində, yanğının miqyası genişlənib, insanlar zərər çəkib, xəsarət alıb. İqtisadiyyata nə qədər ziyan dəyib. Belə fəlakətlərin riskləri öncədən qiymətləndirilib müəyyən qabaqlayıcı tədbirlər görmək lazımdır ki, hadisələrin miqyası bu qədər genişlənməsin:

“Ona görə hesab edirəm ki, bizdə də belə bir halın yaşanmaması üçün, önləyici tədbirlər görülməlidir. Belə təhlükə riskləri qiymətləndirilməli, insanların bu cür hadisələrdə ilkin davranış qaydaları olmalıdır”.

P.S. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə müraciət etmişik. Hələlik cavab yoxdur

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »