Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
“9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”

Ədalət Verdiyev: “Qarabağdakı separatçı dəstələrin tam tərksilah edilməsi zaman məsələsidir”

Sosial şəbəkələrdə Azərbaycana aid tikinti texnikasının Suqovuşan-Ağdərə-Kəlbəcər yolu ilə Kəlbəcərə aparılması zamanı çəkilmiş görüntülər paylaşılıb. Həmin görüntülərdə görünür ki, yolboyu Ağdərədə Ermənistan əsgərlərindən ibarət postlar qurulub.

Bu görüntülər qızğın müzakirələrə və haqlı suallara səbəb olub. Bizim torpaqlarda nə vaxta qədər Ermənistan əsgəri qalacaq? Sülhməramlılar Qarabağda qalan bu hərbi birləşmələri nə vaxt ərazidən çıxaracaq?

Bəlkə, elə sülhməramlılardır onları müdafiə edən və de-fakto işğala şərait yaradan? Onlar istər Ermənistan hərbçisi, istərsə də qondarma rejimin əsgəri olsun... Fərqi yoxdur, düşmən elə düşməndir.

Bu və digər məsələlərlə bağlı Bizimyol.info saytına danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması ilə paralel, işğalçıların Qarabağdan çıxarılması prosesinə başlanılıb.

Ədalət Verdiyev Ədalət Verdiyev

“Artıq neçə aydır ki, Ermənistan öz yeni çağırışçılarını Qarabağa göndərmir. Ermənistanda valideynlər də öz övladlarının özgə dövlətin ərazisində xidmət etməsinə etiraz edirlər. Çağırış müddəti bitən əsgərlər də geri qayıdırlar. Qarabağda qalan qüvvələr ya Qarabağ erməniləridir, ya da 40-45 yaşlı şəxslərdir ki, müddətdən artıq hərbi qulluqçu statusu ilə maaş alırlar”, - deyə Ə.Verdiyev qeyd edib.

Ekspertin sözlərinə görə, son aylarda Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması prosesi getsə də, bu, bir qədər ləng gedir. “Lakin düşünürəm ki, yaxın 9 ay içində Qarabağda Ermənistanın çağırışçı əsgəri qalmayacaq. Ermənistan sülh istəyirsə, daha itkilər vermək istəmirsə, mütləq öz qoşunlarını yaxın aylarda tam şəkildə Azərbaycandan çıxarmalı olacaq. Ermənistan tərəfi yaxşı bilir ki, daha bir gərginlik çıxsa, nəticəsi nə olacaq. Bizim bir əsgərimizi şəhid etdilər, əvəzində 8 hərbçilərini itirdilər. Həmin atəşin açıldığı post da tərəfimizdən ələ keçirildi”, - deyə hərbi ekspert vurğulayıb.

Onun sözlərinə görə, tezliklə, separatçı qüvvələrin də tərksilah edilməsinin şahidi olacağıq.

“Bu, Azərbaycan silahlı qüvvələri üçün elə də çətin olmayacaq. Lakin Azərbaycan məsələni sülh və danışıqlar yolu ilə həll etməyə çalışacaq. Rusiyanın bu məsələdə Azərbaycanın əleyhinə addımlar atacağını düşünmürəm”, - deyə Ədalət Verdiyev əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »