Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlığın başlanğıcından baxanda...
İnsanlığın başlanğıcından baxanda...

Düz otuz il bundan qabaq Laçın, Cəbrayıl və Füzuli bölgələrindən – döyüşlər gedən ön cəbhədən qayıdırdım. Füzulidə - Qaraxanbəyli və Yuxarı Alxanlı kəndləri arasında yol qırağında bir lövhəyə gözüm sataşdı. Lövhədə məşhur kino aktyoru Həsən Məmmədovun yenə də məşhur Dədə Qorqud obrazındakı şəkli vardı və altında bu sözlər yazılmışdı: “Torpağı qorumadınsa, əkib becərməyə dəyməz, əkib becərmədinsə, qorumağa dəyməz”

Bu sözlər “Dədə Qorqud” dastanında varmıdır, yoxmudur – dastanı başdan sona oxumuş olsam da, bu fikri orada xatırlamıram; yəqin yazıçı Anar, Dədə Qorqudun müdrik obrazını tamamlamaq üçün bu deyimi özündən artırıb ssenariyə. Yəni Dədə Qorqud belə deyə bilərdi. Artırıb ki, rejissor Tofiq Tağızadənin o məlum filmi daha da məşhur olsun. Oldu da...

Ancaq bu bir gerçəkdir; real həyat tənasübüdür, “düşüncə simmetriyası”dır. İstənilən halda torpaq üçün ölmək onun üstündə yaşamaq qədərdir; nə çox, nə az. Hobsun dediyi o təbii hüquqdur – torpaq üstündə yaşamaq haqqı və torpaq altında uyumaq haqqı. Və də: “Sevdiyin üçün öləcəksən” kimi mənzum, məsum Məhəmməd Füzuli məntiqi. Misilsiz savaş yazarı Heminqueyin “Hindu qəsəbəsi”ndəki o sərt üzün, qaba görünüşün arxasındakı kövrək qəlb; sevdiyinin ağrılarına dözməyərək özünü kəsən qəbiləlinin fədakar duyğusalı...

Hamımız sevdiyimiz üçün yaşayırıq. O sırada Vətən də var. Və bəlkə əvvəlcə elə Vətən var. Üstündə yaşadığımız, altında uyuyacağımız torpaq anlamında. Əkib becərməli, qorumalı olduğumuz...

Bax, əsgərim o sevginin meyvəsidir; “Sevgi o qədər qüdrətlidir ki, insanı yenidən doğulmağa məcbur eləyir” demişdi Fyodor Dostoyevski. Və biz ötən ilin iyulunda bir millət, bir əsgər olaraq o SEVGİnin QÜDRƏTindən doğulduq. Həm də yenidən doğulduq (bu haqda “Strateji... ruh yüksəkliyimiz” adlı esse də yazmışdım). Belə bir tibbi-fəlsəfi inanc (postulat) var: qarşılıqlı sevgidən doğulan körpələr sağlam və gözəl olur...

Bəli, iyulda doğulduq, sentyabrda addım atdıq, yeridik, yüyürdük, qələbələrə çatdıq. Əsgər olaraq. Bu gün o müdrik kəlamı doğrultmağa qadir olduğumuzu göstəririk; biz sevdiyimiz üçün savaşmağı da, ölməyi, öldürməyi də bildik, yaşada bilməyi də bacardıq.

Bu 44 günlük savaşda öyrəndiyimiz və öyündüyümüz daha bir şey var: əsgərimiz lazım olanda can almağı da bilir, can bağışlamağı da. Biz əsgər olaraq dünyaya göstərdik ki, öldürmək məqsədimiz deyil, yəni məqsədimiz öldürmək deyil. Biz bu bölgədə insanları yaşatmaq üçün... öldürmək zorunda qalmışıq. Həm özümüz də o amal üçün ölmək ehtiyacı hiss etmişdik; minlərlə şəhidimiz var.

...Dino Buzatti öz “Tatar çölü”ndəki Bastiani qalasını “insanlığın bitdiyi nöqtə” kimi görmüşdü. Gənc zabit Droqonun gözündən baxaraq. Droqo üçün bu sərhəddə hər şey anlamsızlaşırdı da. Bəs bizim sərhəddə – Zəngəzur qaşında, ya Kəlbəcərdən Basarkeçərə baxan yamacda... dayanan əsgərimiz üçün necə?!

Yox, bizimki Buzattinin “ədəbi paradiqması”ını, “Tatar çölü”nün fabulasını yerlə bir etmiş əsgərdir. Onun üçün bu sərhəddə – insanlığın bitdiyi deyil, başlandığı nöqtədə dayanmağın dərindən dərin anlamı var. Bizim əsgərimizin gücü həm də onun haqlı olmağındadır; ən azı 30 ilin: “Güclüsənsə haqlısan” yanlışını dizə gətirib: “Haqlısansa, güclüsən” gerçəyini... gerçəkləşdirdi.

Bizim ordu təkcə fiziki, texniki, texnoloji və sair və ilaxır kimi güc parametrlərinin məcmusu deyildi (ki, bunlar onsuz da çox önəmli). Bizimki danılmaz haqqın, dəmir məntiqin, Dispenzanın dediyi kimi, Vətən üçün bədəni unutduracaq həddəki ruh ekstazının əsgəridir. Bunu isbatladı. Həm də dəfələrlə. O 44 gündən qabaq, o 44 gündə və ondan sonra qarşı tərəf çox deyindi - söyləndi ki, guya dinc adamlarını öldürmüşük - filan. Ancaq ortaya bir dəlil, bir fakt qoya bildilərmi?! Yox! Biz işğalçı ordu deyildik, azadlıq əsgəriydik. Öz torpağımızda vuruşduq... Bu gün düşmən öz işğal ordusunun bioloji qalıqlarını bizim torpaqdan toplayır. Biz də vurulanda öz torpağımıza düşdük. Bunu dünya anlamasa, özünü anlamazlığa qoysa belə, danılmaz gerçəkdir. Kimsə səfirlərini Qarabağa göndərmək – gerçəyi görmək istəməsə də, hamımızın tək olan Allahı var, hamısını görür.

Və baxın, bizim əsgər – ordumuz “insanlığın bitdiyi” deyilən nöqtəni insanlığın başlandığı nöqtəyə necə çevirə bilir. Sərhədimizdə Ermənistan əsgəri ilə Azərbaycan əsgərinin dialoquna da baxdım. Müharibədə qalib gəlmiş əskgər məğlub olanı aşağılamır, alçaltmır – insanlığın dilində danışır. Biz məğlub olduğumuz ötən savaşda bunu qarşı tərəfdən görməmişdik. Ancaq qarşı tərəfə göstərdik. Bir əsgər olaraq hərbi tapşırığı yerinə yetirərkən həm də necə insan qalmaq olar – öyrətdik. Dünya orduları bizim əsgərdən təkcə “yeni nəsil müharibə” sirrlərini, döyüşdə texnoloji üstünlüyün taktiki incəliklərini deyil, insancasına savaşmağı da öyrənəsidir.

Həmişə öz içimizdə oturub özümüzə tənqidi nəzərlə yanaşırıq, öz çölümüzdən baxaq. Və görəcəyik ki, bəzən natamamlıq kompleksinin çarəsiz əsirlərinə çeviririk özümüz özümüzü. Bizi, bizim ordumuzu, öz əsgərimizi özgələr daha yaxşı tanıyır, daha doğru qiymətləndirir, gücünü daha dəqiq görür. İllah da ki, düşmənimiz.

Bəlkə hərdən özümüzə qıraqdan baxaq...

Bahəddin Həzi Bahəddin Həzi

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »