Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar

Mingəçeviri Aranın incisi adlandırardım. Doğrusunu desəm, onun bu qədər gözəl şəhər olduğunu bu yaşıma qədər bilmədiyim üçün özümdən utandım. Geniş və yaşıl küçələri ilə, sakitliyi, Bozdağın ətəyindəki qürurulu duruşu ilə Mingəçevir çox gözəl görünür.

2015-ci ildə Avropa Oyunlarının avarçəkmə yarışları bu şəhərdə keçirilib. Aparılan əsaslı abadlıq işləri isə bu günə və gələcəyə yadigar qalıb. Kür çayının sağ və sol sahilində yerləşən Mingəçevir ilin bütün fəsillərində turizm üçün çox əlverişlidir. Daşa -daşa gedən Kür çayına Mingəçevirdə baxanda “Kür quruyur, dənizin suyu Kürə qarışır” ifadələrinə inanmağın gəlmir. Kür Mingəçevirdə ləpə- ləpədir, coşundur, güclüdür. Sinəsində üzən sürətli motorlu qayıqları, həzin – həzin yellənən kiçik həcmli gəmiləri ilə Mingəçevir əslində bir başqa aləmdir. Sahilləri boyunca həm fərdi evlər tikilib, həm otellər, həm də kafe və restoranlar. Axşam işıqları fonunda Kürə və onun sinəsində gəzişən onlarla qayığa baxanda “ Qılınc və qələm” romanında qədim Bağdadın möhtəşəm mənzərəsini xatırlayıram. Çayın üzərində alov- alov gəzişən qayıqlar, gülən insan və musiqi səsləri.

Mən Mingəçevirdə olanda sahiləd yerləşmiş restoranlardan birində toy çalınırdı.”Tərəkəmə” rəqsinə şıdırğı süzən cavanların ayaq səslərini Kürün içindən, motorlu qayıqlardan eşitmək olurdu.Toy səsi qayıqçıları o qədər riqqətə gətirmişdi ki, hamısı restoranın ətrafına dövrə vurub, turistlərinə də bu toyun sevincindən bəxş etmək istəyirdilər. Onu da deyim k, burdakı sürətli motorlu qayıqların kapitanları əsl ustalıq nümayiş etdirirlər. Peşəkarcasına manevrlər edir, bəzisi hətta qayığın burnunu at kimi şahə qaldırır. Müştərilərinə adrenalin həzzi yaşadırlar. Motorlu sürət qayıqlarında 5 dəqiqə gəzinti 4-5 manat, asta sürətli , çoxyerli qayıqlarla gəzinti 1 manatdır. Əgər Kür sahilinə düşsəniz, yolunuz Mingəçevir bulvarından keçsə, bunun dadını çıxarmamış getməyin.Maraqlıdır ki, axar su olsa da Kürdə qəribə xoşagəlməz iy var. Qayıqçı dedi ki, balıqların iyidir. Heç deməyəsən Kürün bu hissəsində həddən artıq balıq varmış, elə ona görə sahildə yerləşən kafelərdə balıq kababaı da çox ucuz qiymətə satılır. Bir şişi 3 manata.

Bulvarda kürün üzərindən mənzərənin dadını çıxarmaq üçün funikulyor da qoşulub. Məsafə Kürün eni boyda olsa da burdan bütün Mingəçeviri, Boz dağları,Kür çayının möhtəşəm gözəlliyini başqa bir nöqtədən seyr edib heyran qalırsan.Mingəçevir bulvarı Bakı bulvarından daha canlı, daha əyləncəlidir. Yaxın rayonlardan gəzməyə gələnlər, son dəblə geyinib bulvar gəzintisinə çıxan şəhər sakinləri bulvara ayrı bir gözəllik verir.Hər cür atraksion, əyləncə vardır.Mingəçevirin elə ən haylı- küylü yeri də bulvardır, ən görməli yeri də. Sahildə yerləşən 4 ulduzlu "Riverside" oteldə qala bilərsiniz.

Təbii ki, çimmək və əylənmək üçün Mingəçevir dənizinin (Su anbarının) sahilləri də var. Anbarın çay boyu uzunluğu 70 kilometrdir, eni 3 kilometrdən 18 kilometrədək dəyişir. Maksimal dərinliyi 75 metr, orta dərinliyi 26 metr, sahil xəttinin uzunluğu 247 kilometrdir. Mingəçevir Su Elektrik Stansiyası şəhərin simvollarından biri sayılır. Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə 2010-cu ildə əsaslı şəkildə yenidən qurulan bu unikal kompleksin tikintisinə 1945-ci ildə başlanılsa da, stansiya 1954-cü ildə işə salınıb. Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır.

Amma bu şəhərdə yaşamağa dəyər. Tıxacsız geniş küçələri var, evlərin qiyməti münasibdir (15-20 min manata binadan 2 otaqlı mənzil almaq mümkündür). Mingəçevirdə 1 ali məktəb, 2 kollec, 1 peşə məktəbi var. Tələbəlik həyatı üçün maraqlı şəhərdir. Mingəçevirlilərin tək dərdi odur ki, burada iş tapmaq çətindir. Gərək öz işini özün qurasan. Regionlarımızda bu qədər gözəl şəhərlərimiz varkən hamının məhz Bakıya toplanması sadəcə iş mühitinə görədir.Ölkənin digər şəhərlərində iş imkanları yaradılsa bu regional inkişafa töhfə verərdi. Hələlik isə Mingəçevirdən ayrılıram. Bir daha qayıtmaq ümidi ilə...

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »