Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Deputatın yiyəsi yoxdur" – Bəs xalq kimin yiyəsidir...
"Deputatın yiyəsi yoxdur" – Bəs xalq kimin yiyəsidir...

Bu gün Milli Məclis Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verib. Yəni artıq ona “toxunmaq” olar. Baş Prokurorluq artıq “toxunub”; keçmiş deputat həbs olunub.

Hadisədən artıq hamı halidir deyə kiçik xatırlatma eləyim: Belə ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşına zor tətbiq dib. Yəni onu döyüb və təhqir edib.

Milli Məclis də deputatı cəzalandırıb. Hər şey qaydasınca, üsulunca həll olunub. Amma mənim ağlıma ilişib qalan bir neçə nüans var. Məsələn, bu hadisələrin kökündəki günahkarlar.

Eldəniz Səlimovun o polisi döyənə qədər günahı var idimi?

Bəli, var. Eldəniz Səlimov saxta mandat alanda artıq günahkar idi. Mən təsəvvür etmək istəmirəm ki, onun qarşısına polis əməkdaşı yox, sadə vətəndaş çıxsaydı, hansı vəziyyət yaranardı. Harınlıq, insanlara yuxarıdan aşağı baxmaq, təkəbbür bütün məmur və deputatlara xas olan “mərifət”dir.

O, belə günahla parlamentdə əyləşən tək deputat idimi?

Xeyr. Deputatların böyük əksəriyyəti (hamısını demirəm, çünki mənim də özünüqoruma instinktim var) elə onun kimi deputat olub.

Deməli, hamısının günahı var. Seçilmədən, layiq olmadan bir yeri məngirləmək suçu daşıyırlar. Hətta bundan da o yanası var.

Məsələn, Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalını götürək. O deyib ki, Milli Məclisin üzvü öz səlahiyyətini aşıb:

“Deputat polis zabitini yanına çağırıb və onu döyüb. Üstəlik, hələ deyib ki, fəxr elə, səni Milli Məclisin deputatı döyüb”.

Qeyd edək ki, Fəzail müəllimin bəhs etdiyi hadisə qismən kiçik məkanda, restoranda baş verib (Həmin məkanın da simvolik adı var - “Starıy Dvor”). Təbii ki, məkanın həcmi cəzanı yüngülləşdirmir.

Bəli, bu, həmin partiya sədri Fəzail Ağamalıdır ki, elə Milli Məclisin iclas salonunda başqa bir deputata hücum edərək onu yumruq zərbələrinə qonaq etmişdi. Yəni bildiyiniz kimi, döymüşdü. Və nəticədə döyülən deputatın səlahiyyətlərinə xitam verilmiş, sonra da həbs olunmuşdu.

Yəni əlindəki daşı birinci yerə atacaq adam Fəzail Ağamalı olmalıdır. Çünki onun eyni qəbildən olan cinayəti var. Ola bilər, motivlər fərqli olsun, nəticə isə eynidir. Deputat başqa bir vətəndaşı döyüb, özü də 123 deputatın və mətbuatın gözü və kameraları qarşısında.

Bir də burada deputat Tahir Kərimlinin fikirləri çox maraqlı olub. O: "Deputatın yiyəsi yoxdur", - deyə bildirib.

Cənab hüquqşünas, partiya sədri Tahir Kərimli bilməmiş deyil ki, Konstitusiyaya görə, hakimiyyətin mənbəyi (yəni yiyəsi) xalqdır. Bəli, Tahir bəy də bunu bilir. Onu da bilir ki, xalq o zalda oturanlara səs verməyib. Xalqdan səs almayan deputat, doğrudan da, özünü yiyəsiz hesab etməlidir. Hətta xalqın sahiblənmədiyi dövlət belə yiyəsiz olur.

Şükür ki, hələlik ən azından Vətənimizin sahibi olmağı bacarırıq.

Qadir Musaoğlu, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »