Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kinonu bazar etmişik, amma dünya bazarına çıxara bilməmişik
Kinonu bazar etmişik, amma dünya bazarına çıxara bilməmişik

1895-ci il dekabrın 28-də Lumyer qardaşları tərəfindən Parisin Kaputsina bulvarındakı “Qran kafe”də hərəkət edən şəkillər nümayiş etdirildi. Bununla da bəşər tarixində çox vacib bir kəşfə imza atıldı,yeni dünyanın qapıları aralandı.

“Ögey ana”

Uşaq idik o vaxtlar. Qonşuluğumuzda Kamran adlı 9-10 yaşlarında bir oğlan yaşayırdı. Anası o hələ lap balaca olanda rəhmətə getmişdi.Atası ikinci dəfə evlənmiş, lakin evləndiyi qadın heç cür Kamrana isinə bilməmişdi. Heç zaman ana olmadığı üçünmüydü, inadçıl, soyuq, sərt xarakterindənmiydi bilmirəm, ögey ana Kamrana heç şəfqət göstərmir, varlığını yoxluğunu hiss etmirdi. Kamran balaca uşaq həssaslığıyla onun gözlərinə baxıb bir tumarının, bir xoş sözünün həsrətini çəkərdi. Başqa uşaqları anaları yeməyə,yuyunmağa səsləyəndə, “üstünü geyin, üçüyəcəksən, yoruldun, dincəl” deyəndə bu balaca oğlanın üzündən keçən hüzünlü buludu görməmək mümkün deyildi.

Bir isti yay axşamında Kamran analığıyla birlikdə bizim həyətə keçmişdi. Hər kəs samovar ətrafında toplaşıb eyvana qoyulmuş televizorda “Ögey ana” filminə tamaşa edirdi. Bir neçə dəfə baxmış olsaq da, yenə eyni maraq və həyəcanla filmi izləyirdik. Kamran hamıdan arxada stulda əyləşmişdi, gözlərindən gizlicə yaş süzülürdü. Filmin finalında İsmayıl Dilarəyə “ana” deyib səsləndiyi o möhtəşəm səhnədə körpə ürəyi içinə axıtdığı göz yaşlarına, qəhərə dözmədi, donmuş quş balası budaqdan necə qopub düşərsə, Kamran da o halda ürəyi gedib stoldan yerə yıxıldı.Hamı başına toplandı. Analığı çaşqın idi.Anam möhkəm kövrəlmişdi. “Ay gəlin, ürəyin daşdandımı, görmürsənmi uşağın ana sevgisinə ehtiyacı var?”- dedi.Qadın yaxınlaşıb Kamranın başını sinəsinə sıxdı. Daş qəlbi yumşalmış, buzları ərimişdi. O gündən bu gözəl filmin təsiri ilə Kamranın da, ögey anasının da taleyi dəyişdi, biri ana, digəri övlad sevgisini daddı.

Bu kimi nümunələr əminəm ki, Azərbaycanda çox olub.Bu incəsənətin, daha dəqiq desək kino sənətinin yaratdığı bir möcüzəydi.Birbaşa insanın ruhuna, ürəyinə xitab etmişdi.Elə əsl məqsəd də bu deyildimi?

“Ulduzlar sönmür”

Kino təbliğat, maarifləndirmə, əyləncə, yaddaş, xronika kimi funksiyaları eyni anda daşıyan, “Bəyin oğurlanması” filmində Səməndər Rzayevin oynadığı obrazın diliylə desək “həm mürəkkəb, həm də ki, vacib” sənət növüdür. Bu gün 120 illik tarixini qeyd etdiyimiz Azərbaycan kinosu dünya film tarixinə layiqli incilər bəxş edib. Düzdür, bu günə qədər “Oskar” kimi nüfuzlu mükafat almasa da bəlkə bir zamanlar təqdim olunsaydı Həsən Turabovun Gəray bəi, Adil İskəndərovun Kərabəlayi İsmayılı, Məlik Dadaşovun Qəmlosu, Rasim Balayevin Babəki, Yusif Vəliyevin Qurd Cəbrayılı,Topal Teymuru, Ələsgər Ələkbərovun Rüstəm kişisi,Ələddin Abbasovun Cahandar Ağası, Nəsibə Zeynalovanın Qaynanası mütləq şəkildə mükafatlanardı.Çünki, bu rollar bu günə qədər mükafat almış obrazlaran daha kaloritli, daha canlı yaradılıb. Azərbaycan kinosunda bu kimi mükəmməl ifa olunmuş obrazlaırn sayı yüzlərlədir və bu azərbaycanlı kino xadimlərinin böyük sənətkarlığının, sənət fədaisi olmalarının nişanəsidir.

Zamanda yolçuluq

Milli kinomuzun tarixi ilə bağlı nadir ekran əsərləri Dövlət Film Fonduna saxlanılır. Kinofotosənədlərin saxlanıldığı otaqlar digər otaqlardan ayrı olmaqla yanaşı burada otaqlar xüsusi nəzarətdə saxlanılaraq toz, ammiak, hidrogen sulfidi, azot oksidi, qaz sulfidi və civə buxarının daxil olmasının qarşısını alan texniki vasitələrlə təchiz edilib. Bu gün Dövlət Film Fondunda saxlanılan və qorunmaqda olan fondlara 64372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 12 minə yaxın orijinal sənəd, eksponat və materiallar , 50-yə yaxın raritet-kinoçəkiliş texnikası avadanlıqları daxildir. Hazırda Fonda 11100 adda Azərbaycan və dünya kino əsərlərinin orijinalları və nüsxələri saxlanılır.

Aydın Kazımovun əldə etdiyi qədim kinoafişa ilə (afişada 1898-ci il avqustun 2-də ilk kinosujetlərin göstəriləcəyi elan olunurdu) Azərbaycan kino tarixinin yaranması günü kimi qeyd olunmağa başladı.Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust “Azərbaycan Kinosu Günü” kimi tarixə düşdü.

Azərbaycanın kino arxivində saxlanan faktlara əsasən, 1931-ci ildən Azəbaycanda ilk texniki animasiya filmi çəkilib, 1936-cı ildə isə ilk multiplikasiya filmi ekanlara çıxmışdı.Bu gün hamı tərəfindən sevilərək izlənən və heç köhnəlməyən 1959-cu ildə lentə alınmış “Bir qalanın sirri” filmində Azərbaycanda ilk dəfə olaraq bədii filmdə animasiya filmindən istifadə olundu.60-cı illərdən etibarən rəngli filmlər ekrana çıxmağa başladı.

1964-cü ildə ekranlara çıxan “Sehirli xalat” filmi isə ssenarisində olduğu kimi sözün həqiqi mənasında zamanda yolçuluq etmişdi sanki. Bu gün bu filmə baxarkən filmin yaradıcılarının fantaziyasının gerçəkləşdiyini heyrətlə izləyirik.

“Arşın mal alan”, “O olmasın bu olsun” kimi bütün filmlərimiz dünya arenalarına çıxa bilməslər də Azərbaycan filmləri hər zaman baxımlı olub, , maraqlı süjet xətti ilə tamaşaçını ekrana bağlayıb.Ən maraqlısı da budur ki, bu filmlərə dönə- dönə baxsan da , hər kəlməsini əzbər bilsən də yenə yorulmursan baxmaq istəyirrsən .50-ci illərdən etibarən Azərbaycan kinosu öz intibah dövrünə qədəm basdı desək yanılmarıq.

Kinomuzda defekt kadlar

Bu gün Azrbaycan kinosunda qüsurlar yoxdur desək yalan olar. Müstəqil dövlətimizdə yaradıcılıq üçün yaradılan geniş imkankanlar heç də bütün incəsənət xadimləri tərəfindən yüksək səviyyədə qiymətləndirilmir. Bəzi rejissor və aktyorlar sırf qazanca xidmət edən, ucuz kassa filmləri çəkərək müəyyən gəlir əldə etsələr də bu filmlər təssüf ki, yadda qalmır, nəm çəkmiş fişəng kimi tez sönür. Bu gün kinoteatrlarımıza böyük diqqət yetirilir. Dünya standartlarına uyğun səviyyəli kino salonlarında çox təəssüf ki, fundamental əsərlərlə yanaşı sponsor dəstəyi ilə çəkilmiş və yeri gəldi gəlmədi reklam elementlərinə yer verilən bəsit komediya filmləri ekranlara çıxarılır. Həm də heç də ucuz qiymətə yox.

Çox uzağa getmədən bir faktı yada salmaq istəyirəm. Türkiyə istlehsalı olan “Möhtəşəm yüz yıl” adlı serial üzərində qoyulan böyük əməyi itirmədi və demək olar ki, bir çox ölkələr tərəfindən satın alınaraq nümayiş etdirildi. Həm böyük gəlir mənbəyinə çevrildi, həm də ölkə tarixinin öyrənilməsində mühüm rol oynadı. Eyni keyfiyyətlə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” adlı tarixi romanını ekranlaşdırılsa həm şanlı tariximizi tanıtmış, həm də keyfiyyətli və sanballı bir iş ortaya qoyulmuş olar.Bu kimi gözəl bədii nümunələrimiz çoxdur, lakin istifadə olunmur.

Kino yaddaşdır, kino tarixdir. 200 il sonra bu günkü tariximiz haqqında hansı filmlər danışacaq, onu bilmirik. Tarixin keşməkeşli yollarından hansı lent çıxacaq, kimsə bilmir. Amma arzu olunan hal olardı ki, bu həqiqətləri, ədaləti göstərən, Azərbaycanı sevən bir rejissorun əl işi olaydı.

Gələcək nəsillərimizə bu günümüzdən söz açacaq yeni filmlərin də insanlara humanist ideyalar aşılayacağına inanırıq. Heç sirr deyil ki, insanların xarakterləri cılızlaşdırılır, bir zamanlar həyatımız üçün yolverilməz olan bir çox ideyalar bu gün müəyyən qüvvəllər tərəfindən zola bizə sırınır. Bu qarmaqarışıq dünyada Azərbaycan kinosu yolumuza işıq tutacaq, xanıım-xatın Azərbaycan qadınını, mərd, çörəkli Azərbaycan kişisinin obrazını yaşadacaq,unutdurmayacaq, milli mənliyimizi dünyaya layiqincə təqdim edəcək və ən yüksək kino mükafatlarını qazanacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »