Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya şöhrətli azərbaycanlı elm insanları barədə maraqlı faktlar
Dünya şöhrətli azərbaycanlı elm insanları barədə maraqlı faktlar

Azərbaycan dünya elminə töhfələr vermiş onlarla alim yetişdirib. Onların arasında Lütfi Zadə, Rafiq Əliyev, Yusif Məmmədəliyev, Xudu Məmmədov və digərlərini misal göstərmək olar.

Alimlərin elmi nailiyyətləri barədə çox az məlumatlara sahibik. Belə ki, “molotov kokteyli” adı ilə tanınan partlayıcı maddənin azərbaycanlı alim Yusif Məmmədəliyev tərəfindən yaradıldığını, bu gün dünyada ad qazanmış "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və s. kimi şirkətlərin alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə məhsullar istehsal etdiyindən xəbərsiz olan çox azərbaycanlı var.

Dünya elminə töhfələrinin vermiş azərbaycanlı alimlərdən biri də Yusif Heydər oğlu Məmmədəliyevdir. 1905-ci ildə Naxçıvanın Ordubad rayonunda dünyaya gələn Y. Məmmədəliyev kimyaçı alim olub. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olan kimya elmləri doktoru, professor Məmmədəliyev SSRİ EA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, SSRİ Ali Sovetinin deputatı olub.

1928-1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda və fəhlə fakültəsində müəllim işləyən Yusif Məmmədəliyevin İrəvan azərbaycanlılarının ictimai həyatında böyük rolu olub. Dünya şöhrətli azərbaycanlı alim Yusif Məmmədəliyev müharibənin ağır dövründə yüksək oktanlı benzin ixtira etmişdi. Alim 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Eyni zamanda tank əleyhinə qarışığın tərkibi Y.Məmmədəliyev tərəfindən hazırlanıb. Amma bu gün də çox az adam “molotov kokteylinin” müəllifinin Yusif Məmmədəliyev olduğundan xəbərsizdir. Alim 1961-ci ildə dünyasını dəyişib.

Dünya şöhrətli alim Lütfi Zadə bi neçə il öncə dəfn olunmaq üçün Bakıya gətiriləndə bəzi şəxslər onun azərbaycanlı olduğunu belə qəbul etmək istəmirdi. Azərbaycanda yaşamadığı üçün fəaliyyətindən xəbərsiz olduqları alimdən imtina etmək istəyən yüzlərlə şəxs vardı.

Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri, alim Lütfi Zadə 1921-ci ildə Bakı şəhərinin Novxanı kəndində dünyaya gəlib. O, dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Belə ki, 1990–2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılıb.

10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçən balaca Lütfi, o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Lütfi Zadə, 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Sağlığında Bakıda dəfn edilməyi vəsiyyət edən alim 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Bunlar qeyri-səlis məntiq nəzəriyyəsi, riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib; qeyri-səlis çoxluq. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə hazırlanıb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssüratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompüter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq". 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb və "Alter" adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib. 2019-cu ildə ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edilib.

Azərbaycanlı alim, ictimai-siyasi xadim, professor Xudu Məmmədov 1927 ci ildə dünyaya gəlib. AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədov, Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsini bitirib. Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışıb. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. Alimin əsas elmi işləri kristallokimya sahəsindədir. O, 1960-cı ildə "Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası" monoqrafiyasını yazır. Eləcə də, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Əsərləri ingilis dilinə tərcümə edilib.

Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.

Akademik Rafiq Əliyevin də təkcə Azərbaycan deyil, dünya elminə böyük töhvələri olub. O, 1942-ci ildə Ağdamda dünyaya göz açıb.

Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasının sabiq müdiri, MBA proqram direktoru, həmçinin; ADNA və Corciya Dövlət Universiteti (Atlanta, ABŞ) BBA Proqram direktoru, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti Rafiq Əliyev sadəcə Azərbaycanın deyil, dünyanın da elm insanıdır.

Dünya şöhrətli azərbaycanlı alim, 1958-1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. 1964-1967-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olan R. Əliyev 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci il texnika elmləri doktoru alimlik dərəcəsi qazanıb. 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur.

Alimin Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olub. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.

Artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri, Sovet kosmik proqramının banilərindən biri olan Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə noybrın 14-də Bakıda anadan olub. Kərimov, uzun illər sovet kosmonavtikasında əsas şəxslərdən biri olmasına baxmayaraq, onun fəaliyyəti gizlin saxlanılıb. Kərim Kərimov, Bakı Şəhər Dumasının üzvü Əsədulla Əhmədovun nəvəsidir.

Hələ orta məktəbdə oxuyarkən radio texnikasına maraq göstərməyə başlayan Kərim Kərimov, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olur. O, özü bir neçə radioqəbuledici düzəldir, bu istiqamətdə olan yeniliklərlə maraqlanır. Azərbaycan radiosuna işə qəbul edilən K. Kərimov, bir müddət işlədikdən sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunur.

1941-ci il İkinci dünya müharibəsi zamanı radiomühəndislərə cəbhələrdə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq və o 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat alır. Kərim Kərimovun bilikləri yoxlanıldıqdan sonra birbaşa akademiyanın V kursuna daxil edilir.

O, 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırır. K.Kərimov "Katyuşa" adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanır.

1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov, bir neçə elmi ixtiranın müəllifi olub. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu olduğu üçün ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov, SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunur.

1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilən alim həmin ildə o, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunur. General-leytenant Kərim Kərimov, 2003-cü ildə Moskva şəhərində vəfat edib və orada dəfn edilib. 

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »