Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meşə yanğınlarının səbəbi nədir? - Ekoloqdan açıqlama
Meşə yanğınlarının səbəbi nədir? - Ekoloqdan açıqlama

Türkiyədə 6 gündür ki, meşə yanğınları davam edir. 35 əyalətdə meydana gələn 130 yanğının qarşısı alınıb. Yanğınlar zamanı yaşayış məntəqələri, kəndlər, tətil kəndləri, evlər yanaraq kül olub. Bununla yanaşı 8 nəfər ölüb, 864 nəfər yaralanıb. Qeyd edək ki, “Alov uşaqları” terror təşkilatı davam edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürüb. Yəni yanğınlar qəsdən zərər vermək məqsədilə törədilib.

Bir neçə il bundan əvvəl Azərbaycanda da bir neçə meşə yanğını baş vermişdi. Yanğınlardan sonra hətta Kənd Təsərrüfatı Nazirliyi fermerlərə xəbərdarlıq da etmişdi.

Meşə yanğınlarının səbəbi nədir?

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, meşə yanğınları əsasən əhalinin səhvinə görə baş verir. Meşələrdə tonqal qalayıb, piknik etmək, ov etmək, ot çalmaq və s. bu kimi ehtiyyatsızlıq yanğına gətirib çıxara bilir. Meşə yanğınları zamanı təkcə ağaclar deyil, digər canlılar, həşəratlar, heyvanlar da məhv olur. Belə yanğınlar meşə təsərrüfatlarına zərər vurur.

Ekspert qeyd edir ki, meşə yanğınlarının qarşısının alınması üçün müəyyən işləri Ekologiya Nazirliyinin Meşə Təsərrüfatı şöbəsi görür. Amma bu yanğınların baş verməməsi üçün hamı çalışmalıdır.

“Meşə yanğınlarının əsas baş vermə səbəbi ehtiyyatsızlıqdır. Bununla yanaşı əkin sahələrinin, yaşayış məntəqlərinin meşə sahələrinə yaxın olması da yanğınlara səbəb olur. Meşədə kor-koranə tonqal qalanması, gedərkən qalan ocağın söndürülməməsi, siqaret kötüklərinin söndürülmədən atılması, uşaqların meşədə odla oynaması və s. meşə yanğınlarına səbəb olur. Bundan başqa bəzən meşələrə piknik üçün gedənlər şüşə qırıntılarını da elə meşədə buraxırlar. Bəzən isti havalarda günəş şüaları şüə qırıntıları üzərində əks olunur və bu zaman yaranan qığılcım yanğına səbəb ola bilər”.

Ekoloq hesab edir ki, meşə yanğınlarının qarşısının alınması üçün hamıda məsuliyyət olmalıdır. Xüsusən, yaxınlıqda əkin sahələri olan əkinçilər sahələr biçildikdən sonra, guya, torpağın canlanması üçün biçilmiş əraziləri yandırırlar. Bu səbəblə dəfələrlə meşə yanğınları olub.

“Onlarla bağlı müvafiq tədbirlər görülüb. Səhv etmirəmsə, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı fermerlərə müraciət etdi. Qeyd edilmişdi ki, əkinəyararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə 2017-ci ildə torpaq qanunvericiliyinə dəyişiklik edilib. Belə yanğınların törədilməsi qadağan edilib. Və İnzibati Xətalar Məcəlləsində görə, əkin yerlərini yandıran fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat cərimə edilirlər”.

V. Əliyevin sözlərinə görə, fermerlər hesab edir ki, biçindən sonra ərazinin yandırılması torpaq üçün faydalıdır. Yanğın zamanı təkcə küləş yanmır, eyni amandan yanğın bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Bu da məhsuldarlığın aşağı düşməsinə, torpağın zəifləməsinə səbəb olur.

“Türkiyədə bir neçə gündür meşə yanğınları davam edir. Bu da insan əlinin işidir. Meşələr özbaşına yana bilməz. Bu səbəbdən də diqqətli olmaq lazımdır. - deyə ekoloq qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »